Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin səlahiyyətləri müəyyənləşib

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin səlahiyyətləri müəyyənləşib
# 01 avqust 2019 09:17 (UTC +04:00)

Nazirlər Kabineti “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Nizamnaməsi” təsdiq edib.

APA-nln məlumatına görə, Nizamnaməyə əsasən, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən publik hüquqi şəxsdir.

Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

- Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə kompleks nəzarətin həyata keçirilməsi;

- televiziya və radioda yayımlanan verilişlərdə, çap və elektron kütləvi informasiya vasitələrində, reklam, elan və afişalarda, küçə adlarında ədəbi dil normalarına riayət olunması ilə bağlı materialların toplanılması, araşdırılması, sistemləşdirilməsi və təhlilinin aparılması, ədəbi dil normalarının pozuntularının aradan qaldırılması üsullarının müəyyənləşdirilməsi;

- reklamlarda, müxtəlif xidmət sahələrində, çap və elektron kütləvi informasiya vasitələrində Azərbaycan dilinin fonetik, leksik-semantik və qrammatik normalarına riayət olunmasının təmin edilməsi;

- filmlərin dublyajı sahəsində qüsurların aradan qaldırılması üçün zəruri tədbirlərin müəyyənləşdirilməsi və aidiyyəti üzrə təkliflərin verilməsi.

Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Mərkəzin vəzifələri aşağıdakılardır:

-Azərbaycan dilinin inkişafını və ədəbi dil normalarının qorunmasını təmin edən qanunvericilik aktlarının, inkişaf konsepsiyalarının və məqsədli proqramların həyata keçirilməsində iştirak etmək;

- Azərbaycan dilinin dövlət dili kimi inkişafı, tədrisi, fonetik, leksik-semantik, qrammatik quruluşunun qorunması prosesinə nəzarət etmək;

- kütləvi informasiya vasitələrində çalışan mütəxəssislərin dil hazırlıqlarının yüksəldilməsinin təmin edilməsi məqsədilə Mərkəzlə bu qurumlar arasında əməkdaşlığı təşkil etmək;

- reklam, afişa və elanlarda, küçə adlarında ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün tədbirlər görmək;

- ədəbi dil normalarını daha çox pozan redaksiyaların və onların əməkdaşlarının məsuliyyətinin artırılması istiqamətində maarifləndirici tədbirlər təşkil etmək, mətbu orqanlarında, televiziya və radio kanallarında, internet resurslarında və sosial şəbəkələrdə ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üsullarını müəyyənləşdirmək;

- reklam, elan və afişalarda aparılan monitorinqlərin effektli olması üçün dövlət və bələdiyyə orqanları, idarə, təşkilat və müəssisələrlə birgə layihələr həyata keçirmək;

- monitorinqlərin nəticələri ilə bağlı məlumatların təhlili əsasında ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq məqsədilə təklif və tövsiyələr vermək;

- ədəbi dil normalarının pozuntularının statistikasını aparmaq, bu pozuntularla bağlı müvafiq dövlət qurumlarına tövsiyələr vermək;

- dilçilik sahəsində peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək;

- öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

Mərkəzin öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları var:

- fəaliyyət sahəsinə aid normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təkliflər vermək;

- bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar dövlət və yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə öz fəaliyyət istiqamətlərinə aid sorğular göndərmək və məlumatlar (sənədlər) almaq;

- vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müxtəlif qurumların, həmçinin fiziki və hüquqi şəxslərin sorğularını cavablandırmaq;

- müqavilə əsasında öz fəaliyyətinə ekspert və mütəxəssisləri cəlb etmək;

- fəaliyyət sahəsi ilə bağlı dövlət orqanları, hüquqi şəxslər və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək;

- Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində Nazirlər Kabinetinə təkliflər vermək.

Mərkəzi Müşahidə Şurası və direktor idarə edir. Müşahidə Şurası Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.. Şura Azərbaycan Respublikasının Baş Naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Şuranın sədrindən və müvafiq ictimai, elmi və tədris qurumlarının nümayəndələrindən ibarət digər 4 üzvdən ibarətdir. Şura üzvlərinin səlahiyyət müddəti 4 ildir. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir. Şuranın iclasları rübdə bir dəfədən az olmamaqla çağırılır. Şuranın iclaslarının keçirilməsi təşəbbüsü ilə Şuranın üzvü və ya Mərkəzin direktoru çıxış edir. Şuranın iclasları Şura üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasları müvafiq qaydada protokollaşdırılır. Şuranın iclasında hər üzv bir səsə malikdir və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səslərin sayı bərabər olduqda, Şura sədrinin (və ya onu əvəz edən Şuranın digər üzvünün) səsi həlledici hesab edilir.

Mərkəzin nizamnamə fondunun məbləği 50 min manatdır. Mərkəz qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Mərkəzin, onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR