Avropa Komissiyası Polşa ilə bağlı hüquqi prosedur başladıb.
APA-nın Avropa Komissyasının saytına istinadən verdiyi xəbərə görə, qurum 20 dekabr 2019-cu il tarixində qəbul olunan və 4 fevral 2020-ci ildə qüvvəyə minən məhkəmə sistemi haqqında yeni qanunla əlaqədar Polşa hökumətinə rəsmi bildiriş məktubu göndərib.
“Məhkəmə sistemi ilə bağlı yeni qanun Polşa hakimlərinin müstəqilliyinə xələl gətirir və Avropa İttifaqının qanunlarına ziddir. Bundan əlavə, yeni qanun Polşa məhkəmələrinin müstəqilliyini qoruyan Avropa İttifaqı (Aİ) qanunlarının bəzi müddəalarını birbaşa tətbiq edilməsinə və bununla bağlı ilkin qərarların Ədalət Məhkəməsinə göndərilməsini maneə yaradır. Müvafiq qanun təhlil edildikdən sonra Avropa Komissiyası yeni qanunun bir neçə elementinin Aİ qanunlarını pozduğu qənaətinə gəlib”, - deyə Avropa Komissiyasının açıqlamasında qeyd olunub.
Avropa Komissiyası Polşaya bu ilin əvvəlində tətbiq olunan sözügedən qanunla bağlı narahatlıqları həll etmək üçün iki ay vaxt verib. Rəsmi Varşava bu xəbərdarlığa məhəl qoymazsa, Komissiya Aİ-nin ən ali məhkəməsində iddia qaldıracaq və bu isə son nəticədə Polşanın külli miqdarda cərimələnməsi ilə nəticələnə bilər.