Əmək pensiyasının minimum məbləği 200 manat məbləğində müəyyən olunur

Əmək pensiyasının minimum məbləği 200 manat məbləğində müəyyən olunur
# 27 iyun 2019 12:56 (UTC +04:00)

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, qanun layihəsi barədə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.

O bildirib ki, qanun layihəsinə dəyişiklik əmək pensiyasının minimum məbləğinin artırılması ilə bağlıdır.

Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: “Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.

Qeyd edək ki, bundan öncə əmək pensiyasının minimum məbləği 160 manat olub.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılıb və I oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR