Fariz Nəcəfov: "Amin Seydiyevin legioner həyatı yaşamasına pandemiya mane olub"

Fariz Nəcəfov: "Amin Seydiyevin legioner həyatı yaşamasına pandemiya mane olub"
# 21 may 2020 15:56 (UTC +04:00)

“Aminlə bağlı təkliflər son bir ildə kifayət qədər idi”.

Bunu apasport.az saytına “Qəbələ”nin prezidenti Fariz Nəcəfov deyib.

“Qırmızı-qaralar”ın rəhbəri müdafiəçi Amin Seydiyevin “Sabah”a transferinə münasibət bildirib. Nəcəfov vurğulayıb ki, 22 yaşlı futbolçunu daha yüksək məbləğə satmaq imkanları olub: “Sabah”la razılaşmamızdan əldə olunan məbləğdən daha yüksək təkliflər var idi. Bunu "Sabah"la yanaşı, bir neçə klubumuz da təsdiqləyə bilər. Lakin bizi futbolçumuzun karyerasının növbəti mərhələsi də maraqlandırır. Akademiyamızın üzvlərinin daha böyük uğurlarını izləmək istəyirik”.

Klub prezidenti Amin Seydiyevin legioner həyatı yaşamasına koronavirus pandemiyasının mane olduğunu söyləyib: “Bizim üçün ilk növbədə futbolçunun karyerasını xaricdə davam etdirməsi önəmlidir. Necə ki, Fərid Nəbiyev, Samir Qurbanov, Kamran Quliyevlə bağlı belə qərar vermişdik. Aminin xaricə yollanmaq variantı da var idi, amma pandemiya planlarımızı bir qədər pozdu. Bununla belə, məhz o yöndə hər hansı əngəl yaratmayacağını bildiyimiz üçün “Sabah”la razılaşmağa üstünlük verdik”.

Fariz Nəcəfov onu da əlavə edib ki, “Qəbələ”nin əsas missiyası Azərbaycan futboluna yeni adlar bəxş etməkdir: “Bəhlul Mustafazadə getdikdən sonra Amin Seydiyev daha da ön plana çıxdı. Əmin olun ki, Aminin də gedişi akademiyanın daha bir futbolçusu üçün şans olacaq. Dediyim kimi, əsas ölkəyə yeni futbolçular qazandırmaqdır”.

Qeyd edək ki, Amin Seydiyev “Sabah”la 3 illik müqavilə imzalayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR