Baş Nazir Əli Əsədov “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərar imzalayıb.
APA-nın məlumatına görə, qərara əsasən, “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydalar”nda dəyişiklik edilib.
Qüvvədə olan Qaydalara əsasən, qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada aşağıdakı iki mərhələdə keçirilir:
- birinci mərhələdə abituriyentlərə Azərbaycan və ya rus dili fənnindən 20, xarici dil fənnindən 15 və riyaziyyat fənnindən 10 olmaqla, ümumilikdə 45 tapşırıq təqdim edilir. Bu mərhələdə abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 30 bal olmaqla, cəmi 90 baldır. İmtahanın davametmə müddəti 3 saatdır;
- ikinci mərhələdə abituriyentlərə Azərbaycan və ya rus dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim edilir. Bu mərhələdə abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 70 bal olmaqla, cəmi 210 baldır. İmtahanın davametmə müddəti 3 saatdır.
Dəyişikliyə əsasən, qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada keçiriləcək. Qəbul imtahanında abituriyentlərə Azərbaycan dili və ya rus dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim ediləcək. Bu mərhələdə abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 bal olacaq. İmtahanın davametmə müddəti 3 saat olacaq.
Qüvvədə olan Qaydalara əsasən, qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca test imtahanı verirlər. İmtahanda abituriyentlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Abituriyentlərin toplaya biləcəyi maksimal bal 30 baldır. İmtahanın davametmə müddəti 1 saat 30 dəqiqədir. Bu imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir və “məqbul” alanlar iki (cari və növbəti) tədris ili üçün keçirilən müsabiqələrdə qəbul imtahanlarına (ixtisas seçiminə) buraxılırlar. Dəyişikliyə əsasən, imtahanın davametmə müddəti 1 saat 30 dəqiqə deyil, 45 dəqiqə olacaq.
Qüvvədə olan Qaydalara görə, hər mərhələdə imtahanın məzmunu, yəni təhsilalanlara təqdim edilən tapşırıqların növü və qiymətləndirilmə qaydası Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən olunub və hər il tədris ilinin başlanılmasından 1 ay müddət keçənədək elan edilib.
Dəyişikliyə əsasən, hər mərhələdə imtahanın deyil, qəbul imtahanının məzmunu, yəni təhsilalanlara təqdim edilən tapşırıqların növü və qiymətləndirilmə qaydası Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən olunacaq və hər il tədris ilinin başlanılmasından 1 ay müddət keçənədək elan ediləcək.
Qəbul imtahanının birinci mərhələsində iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent isə ixtisas seçiminə buraxılmadığı barədə müddəa ləğv olunub.
Qaydaya görə, qəbul imtahanlarında əlilliyi olan şəxslərin iştirakının təmin edilməsi üçün Mərkəz tərəfindən əlverişli şərait yaradılır.
I dərəcə gözdən əlilliyi olan abituriyentlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün imtahanın davametmə müddəti birinci mərhələdə 1 saat artırılır.
Dəyişikliyə əsasən, birinci mərhələdə sözü mətndən çıxarılır. Başqa sözlə, I dərəcə gözdən əlilliyi olan abituriyentlərə fərdi nəzarətçi təyin ediləcək və onlar üçün imtahanın davametmə müddəti 1 saat artırılacaq.
Bu Qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir.