Fərman Kərimzadənin oğlunun məhkəməsində şahidlər ifadə verib

Fərman Kərimzadənin oğlunun məhkəməsində şahidlər ifadə verib
# 04 noyabr 2016 13:10 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Kərimzadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

İlkin Mehdiyev deyib ki, Ə. Kərimzadə ilə lisenziya probleminin həlli məsələsi ilə bağlı görüşüb: "Uşaq bağçası açmışdıq və buna görə bizə lisenziya lazım idi. Yeganə xanım dedi ki, onun qardaşı bu işi həll edə bilər. Buna görə mən Əzizə 10 min dollar vermişəm. Sonra səhhətimlə əlaqədar bu işin arxasınca gedə bilmədim".

Ə. Kərimzadə isə şahiddən pul almadığını, deyilənlərin həqiqətə uyğun olmadığını deyib.

Proses noyabrın 14-də davam etdiriləcək.

İttihama əsasən, Əziz Kərimzadə 4 vətəndaşdan 60 min manatdan çox pulu dələduzluq yolu ilə alıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilir.

Qeyd edək ki, Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili olmuş Əziz Kərimzadə ilk dəfə 2012-ci ilin avqust ayında həbs edilib. Bakı sakini Muradov Elçin Dadaş oğlu Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, özünü vəkil kimi təqdim edən Kərimzadə Əziz Fərman oğlu onun 12 min manat pulunu mənimsəyib.

2012-ci ilin noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əziz Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıblar.

Əziz Kərimzadə Azərbaycanın tanınmış yazıçısı Fərman Kərimzadənin oğludur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR