Parisdə “Azərbaycanın Avropaya inteqrasiyası prosesində çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib

Parisdə “Azərbaycanın Avropaya inteqrasiyası prosesində çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib
# 21 iyun 2012 07:25 (UTC +04:00)
APA-nın Avropa bürosunun məlumatına görə, Parisin nüfuzlu Hərbi Məktəbində keçirilən konfransda Azərbaycana maraq göstərən fransızlar, bu sahə üzrə araşdırma aparan ekspertlər, Fransada yaşayan soydaşlarımız, azərbaycanlı və xarici tələbələr, mətbuat nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Toplantını açan AGAT-ın sədri Gülsel Səfərova rəhbərlik etdiyi təşkilat haqda qonaqlara ətraflı məlumat verərək Avropa-Azərbaycan əlaqələrinin inkişafı, bu sahədə gənclərin fəallığının artırılması və onların Avropa təşkilatları ilə əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində işlər apardıqlarını bildirib: “Bu gün Fransa və Azərbaycan strateji tərəfdaşlıq istiqamətində sıx əməkdaşlıq edirlər. Bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün gənclər və gənclər təşkilatları tərəfindən təşəbbüslər dəstəklənməli, yeni mərhələlərə qaldırılmalıdır. Bu gün biz konfransda ölkəmizin Avropa ilə münasibətlərinin genişlənməsi, problemlərimiz və perspektivlərimizi birlikdə araşdıracağıq. Fransa Avropa təsisatlarında ictimai, siyasi və mədəni proseslərdə fəal və əhəmiyyətli iştirakçıdır. Fransa və Azərbaycan vətəndaş cəmiyyətləri arasındakı münasibətlərin inkişafı bizim üçün çox əhəmiyyətlidir. Azərbaycan inkişaf modeli olaraq avrointeqrasiyanı əsas model olaraq seçib. İstər Avropa təsisatları, istərsə də Avropa demokratik dəyərlərinə inteqrasiya edən ölkəmiz bu sahədə uğurlara imza atıb”.

Daha sonra söz alan Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Azərbaycanın Avropaya inteqrasiyasının daha çox siyasi aspektləri barədə danışıb. Səfir Azərbaycanın iqtisadi, mədəni və humanitar sahələrdə tarixən Avropaya bağlı olduğunu bildirərək bu gün Azərbaycanın Avropa və avroatlantika məkanının dəyərlərini tam olaraq bölüşdürdüyünü deyib. O, 1918-ci ildə yaradılan ADR-in tarixi və Şərqdə yaranmış ilk demokratik respublikanın o zaman da Avropa ilə sıx əməkdaşlıq etməsini və demokratik dəyərlərə sadiq olduğunu toplantı iştirakçılarının nəzərinə çatdırıb. Daha sonra səfir Azərbaycanın yenidən öz müstəqilliyini bərpa etməsindən sonrakı dövrdə Avropa strukturları ilə qurduğu əməkdaşlığa qısa tarixi ekskurs edib. Lakin diplomat bu yolda Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və Dağlıq Qarabağ münaqişəsinin hələ də həll edilməməsi faktorunun Azərbaycan üçün başlıca maneə olduğunu vurğulayıb. Fransa-Azərbaycan münasibətlərinə toxunun səfir, ölkəmizin Avropaya inteqrasiyası çərçivəsində Azərbaycanın Fransa ilə dostluq münasibətlərinin daha da inkişaf etdirilməsinə böyük əhəmiyyət verdiyini söyləyib.

Daha sonra Prezident Administrasiyası yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Gülmira Rzayeva Azərbaycanın Avropaya inteqrasiya istiqamətində apardığı neft və qaz siyasəti və ölkənin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr haqda danışıb.

Bakı Dövlət Universitetinin müəllimi, hüquqşünas Fazil Zeynalov isə Ermənistanın işğalçı siyasəti və Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektləri haqda çıxış edib.

Çıxışlardan sonra konfrans iştirakçıları arasında adı çəkilən mövzular üzrə müzakirələr aparılıb. Azərbaycanın Cənubi Qafqaz regionundakı rolu, Türkiyə, Rusiya, İran və Gürcüstan kimi digər qonşuları ilə münasibətləri, Azərbaycanın Avropa və Fransa ilə mədəniyyət və təhsil sahəsində əlaqələri, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki başlıca maneələr kimi mövzular üzrə müxtəlif fikirlər səslənib, fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR