Azərbaycan parlamentində Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan parlamentində Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının  nümayəndə heyəti ilə görüş keçirilib
# 23 iyun 2012 13:29 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının nümayəndə heyətini qəbul edib.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, spiker bildirib ki, Azərbaycan son illər bir sıra regional və beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. Onun sözlərinə görə, bu ilin noyabrında Bakıda keçiriləcək Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyası da bu nüfuzlu beynəlxalq qurumun daha da inkişaf etməsi işinə öz töhfəsini verəcək.

O.Əsədov dünyadakı mürəkkəb siyasi proseslər fonunda Asiyada fəaliyyət göstərən partiyalar arasında əməkdaşlığın genişlənməsi günün tələbi olduğunu vurğulayıb: «Region dövlətlərinin hökumətlərində və parlamentlərində təmsil olunan partiyalar dövlət siyasətinə təsir etmək gücündədirlər. Bu isə onlar arasında əməkdaşlığı şərtləndirən amillərdəndir. Bu baxımdan, Azərbaycanda iqtidar partiyası olan Yeni Azərbaycan Partiyasının bu mötəbər foruma üzv olmasını təqdirəlayiq hesab edirik. Belə hesab edirik ki, Asiya qitəsinin siyasi partiyaları arasında əməkdaşlıq üçün bir platformanın olması bölgədəki proseslərə öz müsbət təsirini göstərəcək. Asiya qitəsindəki mövcud problemlərin aradan qaldırılmasında bunun müstəsna əhəmiyyəti var. İnanırıq ki, 300 siyasi partiyanı birləşdirən bu forum beynəlxalq problemlərin aradan qaldırılmasına öz töhfəsini verəcək. Bu mənada, Cənubi Qafqazda inkişafa böyük maneçilik törədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərin diqqətdə saxlanılması olduqca vacibdir. Problemlə əlaqədar BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və digər beynəlxalq qurumların qərarlarının olmasına baxmayaraq, münaqişə hələ də öz məntiqi həllini tapmayıb. Biz Asiya Siyasi Partiyalar Forumunun Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini yüksək qiymətləndiririk. İnanırıq ki, quruma üzv partiyalar bundan sonra da bu məsələyə həssaslıqla yanaşacaq, problemin həllinə öz töhfələrini verəcəklər».

Görüşdə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının təmsilçisi Xose de Venesiya paytaxt Bakının belə bir tədbirə uğurla ev sahibliyi etməsini yüksək dəyərləndirərək, forumun işi, məqsəd və məramları haqqında geniş məlumat verib: «Böyük iqtisadi potensiala malik Asiya qitəsinin müxtəlif bölgələrində iqtisadi inkişafla yanaşı, münaqişə ocaqlarına da rast gəlinir. Bu baxımdan, qurum Cənubi Qafqazda Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət yetirir, problemin BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında beynəlxalq hüquq normalarına uyğun həllinə tərəfdardır. Forum Azərbaycanın haqlı mövqeyini bundan sonra da dəstəkləyəcək».

Onun sözlərinə görə, təşkilat bu məsələnin həllində və Azərbaycanın inkişafında ölkə prezidentinin gördüyü işləri, parlamentin fəaliyyətini yüksək dəyərləndirir. Qurumun Bakıda keçirilən tədbirinin sonunda qəbul olunacaq Bakı Bəyannaməsində bu məsələlər öz əksini tapacaq.

Qeyd edək ki, görüşdə Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının sədr müavini və icra katibi Əli Əhmədov, millət vəkili Asəf Hacıyev, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının sədri və baş katibi Eui-yonq Çunq, forumun təmsilçiləri Müşahid Hüseyn Seyid, Ai Pinq, Teo Sambuaqa və digər rəsmi şəxslər iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR