Qüdrət Həsənquliyev: “Azərbaycana görə erməni lobbisi ilə üz-üzə dayanmaq istəmirlər”

Qüdrət Həsənquliyev: “Azərbaycana görə erməni lobbisi ilə üz-üzə dayanmaq istəmirlər”
# 25 iyun 2012 16:24 (UTC +04:00)
Bakı – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev ötən həftə Avropa Parlamentinin Müdafiə və Təhlükəsizlik Alt Komitəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən dinləmələrdə iştirak etmək üçün Belçikanın paytaxtı Brüssel şəhərində səfərdə olub.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, BAXCP sədri bildirib ki, Azərbaycandan gedən nümayəndə heyətinin dinləmələrdə iştirakı və keçirdiyi görüşlər kifayət qədər faydalı olub: «Doğrudur, öncədən deyilmişdi ki, biz ancaq dinləmələri müşahidə edə bilərik. Çıxış etmək hüququmuz isə yox idi. Belə bir hüquq nə bizə, nə də Ermənistana tanınmamışdı».

Q.Həsənquliyev keçirilən tədbirdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 məruzənin dinləndiyini vurğulayıb: «Dinləmələrdə müstəqil ekspertlər və Avropa Parlamentinin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə nümayəndəsi ekspert kimi çıxış etdilər. Hesab etmirəm ki, bu çıxışlarda məqsəd Dağlıq Qarabağ probleminin həllinə nail olmaqdan ibarət idi. Yaxud Avropa Birliyi, Avropa Parlamenti Ermənistana hansısa sanksiyalar tətbiq etmək barədə düşünür. Baxmayaraq ki, dinləmələrin gedişində bu tipli çağırışlar da oldu. Bu dinləmələrdən çıxardığım nəticələr ondan ibarətdir ki, Ermənistanın dostları son vaxtlar Azərbaycanın hərbi büdcəsinin artmasından, ölkəmizin İsraildən böyük məbləğdə silah-sursat almasından, atəşkəsin tez-tez pozulmasından və bunun nəticəsində də Ermənistan tərəfinin itkilər verməsindən xeyli narahatdırlar. Ekspertlərin məruzələrində göstərilirdi ki, Azərbaycan ordusu say etibarilə Ermənistan ordusundan üstün olmasına baxmayaraq, zəifdir. Amma Azərbaycanın öz hərbi xərclərini artırması və İsraillə hərbi əməkdaşlığı 3-4 ildən sonra Azərbaycan ordusunu Ermənistan ordusundan üstün mövqeyə gətirib çıxara bilər».

BAXCP sədrinin sözlərinə görə, Ermənistanın təəssübünü çəkən qüvvələrin başqa bir narahatlığı atəşkəsin pozulması nəticəsində erməni əsgərlərinin döyüş bölgəsində ölməsi ilə bağlıdır: «Bu məsələ və Azərbaycanın öz snayperlərini təmas xəttindəki mövqelərindən geri çəkməkdən imtina etməsi nəticəsində Ermənistan əhalisinin kütləvi şəkildə ölkədən getməsi də onları narahat edir. Ermənistanın dostlarını narahat edən başqa bir məsələ isə ondan ibarətdir ki, illər keçməsinə baxmayaraq, Azərbaycan Ermənistandan və Dağlıq Qarabağdan qovulmuş əhalinin cəmiyyətə tam inteqrasiya olunmasına yol verməyib. Yəni onu nəzərdə tuturlar ki, işğal altında olan Azərbaycan ərazilərindəki rayonların müvafiq dövlət strukturları olduğu kimi saxlanılıb. Onların qənaətinə görə, Azərbaycan cəmiyyəti qaçqın və köçkünləri öz içində əritməli imiş. Bu da onu göstərir ki, məqsəd başqa olub. Onlar Azərbaycan hökumətini işğal olunmuş rayonların əhalisini ölkənin ayrı-ayrı bölgələrində cəmiyyətə inteqrasiya olunmasına, yəni əridilməsinə imkan vermədiyi üçün tənqid edirlər. Onların qənaətinə görə, işğal altında olan rayonların müvafiq icra strukturlarının və digər təsisatlarının olduğu kimi saxlanılmasına ehtiyac yox imiş. Yəni məcburi köçkünlər yerləşdikləri ərazilərin sakinlərinə çevrilməli imişlər».

Q.Həsənquliyev dinləmələr zamanı Azərbaycanın mövqelərini müdafiə edən parlamentarların da olduğunu xatırladıb: «Bu parlamentarlar isə bildirdilər ki, Azərbaycanın büdcəsini Ermənistanla yox, Rusiya ilə müqayisə etmək lazımdır. Çünki Rusiya bu münaqişədə Ermənistanı müdafiə və himayə edir. Eyni zamanda qeyd etdilər ki, Azərbaycan torpaqları işğal altındadır və Dağlıq Qarabağ probleminin həlli üçün ilk növbədə Dağlıq Qarabağ ətrafındakı rayonlar işğaldan azad olunmalıdır. İnsanlar Dağlıq Qarabağa qayıtmalıdırlar ki, onlar bölgənin statusu ilə bağlı müzakirələrdə iştirak edə bilsinlər. Yəni demək istəyirdilər ki, Dağlıq Qarabağın 1/3-ni təşkil edən azərbaycanlıların öz evlərinə qayıtmalarını təmin etmədən Dağlıq Qarabağın statusunu müzakirə etmək mümkün deyil».

BAXCP sədri səfərin Azərbaycanın «Avronest»dəki nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov tərəfindən təşkil olunduğunu söyləyib: «Yeri gəlmişkən, qeyd edim ki, Dağlıq Qarabağ probleminin Avropa parlamentarlarının diqqətinə çatdırılması və onların bu məsələnin həllinə dəstək verməsi üçün Elxan Süleymanov sözün əsl mənasında fədakarlıq göstərir. Elxan Süleymanov bizim 40-dək parlamentarla görüşlərimizi təşkil etdi. Həmin görüşlərdə Qənirə Paşayeva, Azay Quliyev, Fazil Mustafa, Fuad Muradov və mən iştirak edirdim. Bu görüşlərdə də bizim əsas diqqətə çatdırdığımız məsələ Dağlıq Qarabağla bağlı idi. Bununla yanaşı, Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi son qərar, insan hüquqlarının vəziyyəti, Avropa Birliyi və Azərbaycan münasibətləri də əsas müzakirə mövzuları idi. Avropa Birliyi Azərbaycanın Avroatlantik məkana inteqrasiyasında maraqlıdır və onlar istəyirlər ki, Azərbaycan Avropa Birliyi ilə assosiativ üzvlüklə bağlı saziş imzalasın. Amma onların diqqətinə çatdırıldı ki, həmin sazişdə Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması ilə bağlı müddəanın yer alması əsas şərtdir. Bildirdik ki, Avropaya yaxınlaşdığımıza görə Rusiya və İran tərəfindən böyük təhdidlərlə üz-üzə qalırıq, amma bunun qarşılığında Avropadan lazımi dəstəyi görmürük. Bu da Azərbaycan ictimaiyyətini çox ciddi şəkildə narahat edir, Avropanın beynəlxalq hüququn və ədalətin yanında olduğu barədə formalaşmış təəssüratları ciddi şəkildə şübhə altına alır. Bu baxımdan assosiativ sazişdə problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması mütləq şəkildə öz əksini tapmalıdır”.

Milli Məclisin üzvü Brüsseldə keçirilən görüşlərdə daha bir diqqətçəkən məqamın olduğunu bildirib: “Avropa parlamentarları ilə söhbətlərimizdən belə bir nəticəyə gəldik ki, onlar əslində Azərbaycan torpaqlarının işğal altında olduğunu bilirlər. Sadəcə, bizimlə söhbətlərində qeyd edirdilər ki, erməni lobbisi ABŞ-da və Avropada çox güclüdür və buna görə də bir çox hallarda xarici ölkə diplomatları və bu məsələyə diqqət yetirməli olan siyasətçilər öz şəxsi korporativ maraqlarından çıxış edir, Azərbaycana görə erməni lobbisi ilə üz-üzə dayanmaq istəmirlər. Onlar Ermənistanın Rusiyanın forpostu olduğunu, bu ölkənin iqtisadiyyatının bütün strateji sahələrinin tamamilə Rusiya tərəfindən alındığını yaxşı bilirlər. Ermənistanda Rusiyanın hərbi bazasının olduğunu və bu ölkənin sərhədlərinin də Rusiya hərbçiləri tərəfindən qorunduğunu da həmçinin... Biz də öz çıxışlarımızda söyləyirdik ki, Ermənistan siyasi elitasının Rusiyadan, Kremldən olan qorxusu bir heyvani, instiktiv qorxudur. 1999-cu ildə Dəmirçyan və Vazgen Sarkisyan məhz Azərbaycanla bu problemi həll etmək niyyətlərinə görə Ermənistan parlamentində vəhşicəsinə qətlə yetirildilər. Ünsiyyətdə olduğumuz parlamentarların əhəmiyyətli hissəsi həmin şəxslərin məhz bu səbəbdən qətlə yetirildiklərini bilmədiklərini və bu faktın onlar üçün son dərəcə əhəmiyyətli olduğunu söylədilər. Ermənistan parlamentində baş vermiş qətliamı nümunə gətirməklə Avropa parlamentarlarına xatırlatdıq ki, Avropa Birliyi və digər beynəlxalq təşkilatlar hər zaman bizə ermənilərlə dil tapmağı tövsiyə edirlər. Belə bir şəraitdə isə ortalığa əsaslı bir sual çıxır: müstəqil qərar qəbul etmək iqtidarında olmayan siyasətçilərlə necə dil tapmaq olar? Bu baxımdan Avropa Birliyi bu istiqamətdə Rusiya ilə ciddi müzakirələr aparmalı və Rusiyaya təzyiq göstərməlidir. Çox təəssüf ki, biz bu istiqamətdə hər hansı bir addımın atıldığının şahidi olmamışıq. Avropa Birliyi Rusiyanı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində vasitəçi kimi tanıyır, halbuki Rusiya bu məsələdə Ermənistanla birlikdə tərəfdir».

Q.Həsənquliyev səfərin ümumilikdə Azərbaycanın maraqları baxımından son dərəcə önəmli olduğunu qeyd edib: «Düşünürəm ki, bu qəbildən olan görüşlərin sayını xeyli dərəcədə artırmaq lazımdır. Bu qənaətimin isə şübhəsiz ki, səbəbi var. Bizim görüşdüyümüz parlamentarların bir hissəsi tamamilə ermənipərəst mövqedən çıxış edən insanlar idi. Amma onlara problemlə bağlı konkret faktlar gətirdikdən sonra ən azı bizimlə görüşə başladıqları zaman danışdıqları tonda danışmırdılar və müəyyən məsələləri etiraf etmək məcburiyyətində qalırdılar. Bu baxımdan düşünürəm ki, təkcə Azərbaycanın dostları və Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olan insanlarla deyil, Ermənistana dəstək verən və Azərbaycanın əleyhinə olan insanlarla da görüşüb real faktları onların diqqətinə çatdırmaq lazımdır. Məsələn, görüşdüyümüz parlamentarlardan biri bildirirdi ki, Dağlıq Qarabağa səfərindən sonra onun adı «qara siyahı»ya salınıb. Amma o deyirdi ki, bu məsələ ilə bağlı onunla görüşmək, müzakirələr aparmaq olardı. Şübhəsiz, elə insanlar var ki, onların mövqelərində dəyişiklik etmək mümkün deyil, amma bəzən yanlış təbliğat nəticəsində səhv mövqe sərgiləyən insanlara həqiqətləri çatdırmaqla onları haqqı müdafiə edən insanlar sırasına gətirmək mümkün olmasa da, ən azından bu adamları neytrallaşdırmaq, nahaq bir işin yanında olmalarının qarşısını almaq olar».

BAXCP sədri açıqlamasında Azərbaycan prezidentinin ötən həftə imzaladığı əfv sərəncamına da münasibət bildirib: «Hesab edirəm ki, əfv sərəncamı alqışlanmalıdır. Əlbəttə, biz çox məmnun olardıq ki, bu sərəncam 2 aprel aksiyası ərəfəsində və aksiya zamanı həbs edilən bütün şəxslərə şamil olunaydı. Çox təəssüf ki, bu, hamıya şamil olunmadı. Amma ümumilikdə əfv sərəncamını müsbət bir addım kimi dəyərləndirirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR