Aşqabadda Heydər Əliyevin yubileyinə həsr olunmuş foto-sərgi və konsert olub - VİDEO

Aşqabadda Heydər Əliyevin yubileyinə həsr olunmuş foto-sərgi və konsert olub - VİDEO
# 29 noyabr 2023 10:30 (UTC +04:00)

Aşqabadda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev – Azərbaycan və Türkmənistan qardaşlığı” adlı konsert keçirilib.

Bu barədə APA-ya Azərbaycanın Türkmənistandakı Səfirliyindən məlumat verilib.

Məlumata əsasən, konsertdən öncə Aşqabadın “Muğamlar” Sarayının foyesində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev – Türkmənistan və Azərbaycan qardaşlığı” adlı foto-sərginin açılışı olub. Sərginin açılışında Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyasının həmsədrləri Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Batır Atdayev iştirak edib.

Foto-sərgidə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini, eləcə də Azərbaycan və Türkmənistan diplomatik münasibətlərini səciyyələndirən fotolar nümayiş olunub.

Konsertin açılış mərasimində Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov çıxış edərək, ulu öndər Heydər Əliyevin ölkələrimizin əlaqələrinin inkişafına verdiyi töhfələr barədə danışıb.

Konsertdə Azərbaycanın “Muğam” qrupu ilə Türkmənistanın Dövlət Simfonik Orekstrinin birgə iştirakı ilə Azərbaycan xalq və bəstəkar mahnıları ifa olunub.

Konsertdə Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyasının həmsədrləri Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Batır Atdayev iştirak edib.

Tədbirə həmçinin, Türkmənistan Hökumətinin digər rəsmi şəxsləri, xarici ölkələrin Türkmənistandakı səfirləri, diplomatik nümayəndəliklərin rəhbərləri, əməkdaşları, ailə üzvləri, eləcə də ictimaiyyət və media təmsilçiləri qatılıb.

Konsertdə səsləndirilən Azərbaycan musiqiləri tamaşaçılar tərəfindən xüsusi rəğbətlə qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR