Azərbaycan dini və mədəni müxtəliflik siyasətinə sadiqdir - FOTO

Azərbaycan dini və mədəni müxtəliflik siyasətinə sadiqdir - FOTO
# 12 sentyabr 2024 15:27 (UTC +04:00)

Beynəlxalq ictimaiyyət Azərbaycanın bəşəriyyətin dini-mədəni incilərinə olan münasibətini yaxşı bilir. Hətta Roma Papası Fransisk 2016-cı ildə Bakıda olanda bəyan etmişdi ki, “Azərbaycan müxtəlif mədəniyyətlər və dini konfessiyalar arasında əməkdaşlıq yolunu davam etdirsin”. Bu mesaj özlüyündə Azərbaycanın dinlərarası və mədəniyyətlərarası prosesdəki rolunu təsdiqləyən və onu nümunə göstərən əhəmiyyətli bəyanat idi.

Lakin Vətən müharibəsi dövründə Ermənistan dəfələrlə xristian təəssübkeşliyindən istifadə edib dəstək qazanmağa, din amilindən yararlanıb Azərbaycanın haqq işinə kölgə salmağa çalışdı və bu işdə erməni siyasi dairələri ilə yanaşı, erməni din xadimləri də fəal iştirak edirdi. Ancaq o müraciətlərin heç birinə reaksiya verilmədi. Çünki müraciətlərin ünvanlandığı liderlər və dini mərkəzlər ölkəmizdəki proseslərdən, Azərbaycan hökumətinin və xalqının, Azərbaycan Prezidentinin dinlərə, dini abidələrə münasibətindən yaxşı xəbərdar idilər.

Azərbaycan həm dövlət səviyyəsində, həm də Heydər Əliyev Fondunun xətti ilə indiyə qədər yerli və beynəlxalq səviyyədə bir sıra dinlərə mənsub abidələrin bərpasında və qorunmasında uğurla iştirak edib. Məsələn, Bakı və Azərbaycan Yeparxiyası üçün Pravoslav Dini-Mədəniyyət Mərkəzi inşa olunub. Qəbələdəki Çotari Alban-udi və Bakıdakı Pravoslav kilsələri təmir edilib. Müqəddəs Məryəm kilsəsinin inşası Heydər Əliyev Fondunun Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində reallaşdırılıb. Heydər Əliyev Fondu Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsini də bərpa edib.

Bundan başqa, Vatikanda yerləşən Müqəddəs Mercellinio və Pietro katakombaları Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında imzalanmış saziş çərçivəsində bərpa olunub və bu, xristian dünyasında ilk hadisə idi ki, müsəlman ölkəsi xristian abidələrinin qorunması ilə bağlı Vatikanın müraciətinə müsbət cavab vermişdi.

Azərbaycan öz nəcib missiyasını bu gün də davam etdirir. Heydər Əliyev Fondunun Müqəddəs Pavel Bazilikasının bərpasında iştirakı deməyə əsas verir ki, Azərbaycan dini və mədəni müxtəliflik siyasətinə sadiqdir, bu ənənələr keçmişdə olduğu kimi bu gün də dövlət siyasətinin mühüm tərkib hissəsidir. 1980-ci ildən UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən və Vatikanın ən böyük abidələrindən olan Müqəddəs Pavel Bazilikasının bərpası ilə bağlı Heydər Əliyev Fondu ilə Vatikan şəhəri dövləti üzrə qubernatorluğu arasında imzalanan müqavilə Azərbaycanın xristian dünyasına töhfəsi olmaqla dünyadakı müxtəlif dini təşkilatlarla əlaqələri daha da gücləndirməyə xidmət edən mühüm hadisədir.

“Qurani-Kərim”də buyurulur: “Allahın məscidlərində onun, yəni Allahın adının çəkilməsinə maneçilik törədənlərdən və onların xarab edilməsinə çalışanlardan daha zalım kim ola bilər? Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük əzab gözləyir”. İncildə isə yazılır: “kim Allahın məbədini məhv edirsə, Allah da onu məhv edəcək, çünki Allahın məbədi müqəddəsdir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR