Azərbaycan və Rusiya XİN başçıları Qarabağdakı erməni əhalisinin təhlükəsizliyini müzakirə edib - YENİLƏNİB

Azərbaycan və Rusiya XİN başçıları Qarabağdakı erməni əhalisinin təhlükəsizliyini müzakirə edib - YENİLƏNİB
# 27 sentyabr 2023 22:17 (UTC +04:00)

27 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı, Azərbaycan və Rusiya arasında mövcüd əməkdaşlıq gündəliyi, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, habelə regionda cari vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasiyası üzrə dialoqa sadiqliyini, ölkəmizin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün kompleks tədbirləri davam etdirəcəyini diqqətə çatdırıb.

Azərbaycan ərazilərində qondarma rejimin buraxılması və erməni silahlı qüvvələrinin tərksilahı, habelə Azərbaycan ərazilərindən çıxarılması işinin həyata keçirildiyi, bununla yanaşı, Azərbaycanın Ermənistanla sülh prosesinin irəliləməsində maraqlı olduğu vurğulanıb.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Saat 20:35

Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında telefon danışığı olub.

APA-nın Moskva müxbiri Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, nazirlər - Ceyhun Bayramov və Sergey Lavrov Qarabağdakı vəziyyət, o cümlədən humanitar yardımın göstərilməsi, yerli erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsi məsələlərini müzakirə ediblər.

Bakı və İrəvan arasında sülh müqaviləsinin işlənilib-hazırlanması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı 2020-2022-ci illərdə ən yüksək səviyyədə imzalanmış üçtərəfli sazişlər kompleksinin həyata keçirilməsi yolları nəzərdən keçirilib.

Həmçinin ikitərəfli və regional gündəmdə olan bir sıra mövzulara da toxunulub.

Müxtəlif səviyyələrdə gələcək təmaslar barədə razılıq əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR