Asiya Parlament Assambleyasının İcraedici Şurasının iclası keçirilib - YENİLƏNİB

Asiya Parlament Assambleyasının İcraedici Şurasının iclası keçirilib - YENİLƏNİB
# 21 fevral 2024 18:17 (UTC +04:00)

Fevralın 21-də Bakıda Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası çərçivəsində qurumun İcraedici Şurasının iclası keçirilib.

APA-nın xəbərinə görə, iclası açan İcraedici Şuranın sədri Abdulkadir Emin Önen məruzə ilə çıxış edib.

O, qurumun keçdiyi yol və qarşıdakı perspektivləri ilə bağlı fikirlərini bölüşüb, Assambleyasının qlobal problemlərin həllində mühüm platforma rolunu oynadığını diqqətə çatdırıb və Azərbaycanın 2024-2025-ci illər üzrə Assambleyaya uğurla sədrlik edəcəyinə əminliyini ifadə edib.

İclasda Assambleyanın Baş katibinin müavini Kia Tabatabaye qurumun ötən dövrdəki fəaliyyəti ilə bağlı hesabatı təqdim edib. Assambleyanın Baş katibi Muhammed Reza Məcidi isə müzakirədə olan qətnamə layihələri üzrə son fikir və təkliflərlə bağlı məlumat verib. Baş katib ev sahibliyinə görə Azərbaycana təşəkkürünü bildirib, ölkəmizin Assambleyaya müvəffəqiyyətlə sədrlik edəcəyinə şübhə etmədiyini vurğulayıb.

Sonra Assambleyanın 14-cü Plenar İclasının gündəliyi müzakirə olunub. Tədbirdə İqtisadi və davamlı inkişaf üzrə, Büdcə və planlaşdırma üzrə, Sosial və mədəni məsələlər üzrə, Siyasi məsələlər üzrə daimi komitələr tərəfindən irəli sürülən qərar layihələri nəzərdən keçirilib, təşkilati və digər məsələlərə baxılıb.

İclasda Milli Məclisin Assambleyadakı nümayəndə heyətinin rəhbəri Əminə Ağazadə, nümayəndə heyətinin üzvləri Aydın Hüseynov, İlham Məmmədov, Anar Məmmədov, Assambleyaya üzv ölkələrin nümayəndə heyətləri və digər rəsmi şəxslər iştirak ediblər.

***

saat 14.29

Fevralın 21-də Bakıda Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası çərçivəsində qurumun İrcaedici Şurasının iclası keçirilir.

APA xəbər verir ki, “Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunmuş tədbirdə 40-a yaxın dövlətin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin spikeri iştirak edir.

İclasın gündəliyinə Assambleyanın Bürosunun seçilməsi, İcraedici Şuranın sədrinin hesabat məruzəsinin dinlənilməsi, Assambleyanın Baş katibinin çxışı, 2024-cü il üçün Assambleyanın vitse-prezidentlərinin seçilməsi və təsdiq edilməsi, Assambleyanın 14-cü plenar sesiyasının gündəliyinin təsdiqlənməsi kimi məsələlər daxildir.

İclasda, həmçinin Assambleyanın İqtisadi və davamlı inkişaf, Büdcə və planlaşdırma, Sosial və mədəni məsələləs və Siyasi məsələlər üzrə daimi komitələrinin tərkibləri təsdiqlənəcək.

Tədbir çərçivəsində qurumun İcraedici Şurasının, plenar sessiyasının, siyasi, iqtisadi, büdcə, sosial və mədəni sahələrə dair komitələrinin iclasları keçiriləcək, müvafiq məsələlər müzakirə olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.

Sessiyanın sonunda Bakı Bəyannaməsi və Asiya Parlament Assambleyasının yekun hesabatı qəbul ediləcək.

Plenar sessiya öz işini fevralın 24-də başa çatdıracaq.

Xatırladaq ki, 2023-cü ilin noyabrında Asiya Parlament Assambleyasının İcraedici Şurasının Türkiyənin Antalya şəhərində keçirilən iclasında Azərbaycan qurumun 2024-2025-ci illər üzrə sədri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR