Bakıda Azərbaycan-Çin münasibətləri mövzusunda konfrans başlayıb - FOTO

Bakıda Azərbaycan-Çin münasibətləri mövzusunda konfrans başlayıb - FOTO
# 22 aprel 2024 10:56 (UTC +04:00)

Bakıda "Azərbaycan-Çin münasibətlərinin yenidən qiymətləndirilməsi: İrəliyə doğru yol" mövzusunda iki günlük konfrans işinə başlayıb.

APA-nın məlumatına görə, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Xarici İşlər Nazirliyinin, Çinin ölkəmizdəki Səfirliyinin nümayəndələri, eləcə də Milli Məclisin deputatları iştirak edir.

Çinin ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Dinq Tao çıxışında Azərbaycanla ölkəsi arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından danışıb. O bildirib ki, yaxın zamanlarda Çində Azərbaycan ticarət evlərinin açılması planlaşdırılır.

Millət vəkili Ziyad Səmədzadə çıxışında deyib ki, Azərbaycan Asiya ölkələri ilə əməkdaşlığa hər zaman önəm verib.

Onun sözlərinə görə, ölkələr gələcəyə istiqamətlənən strateji hədəfləri müəyyən edərkən, mütləq proqnozlaşdırma metodlarından istifadə etməlidir.

Xarici İşlər Nazirliyinin xüsusi tapşırılar üzrə səfiri Elşad İsgəndərov isə hazırda qloballaşma və dövlət suverenliyinin qorunması arasındakı mübarizədən danışıb.

O vurğulayıb ki, sözü gedən tədbir Azərbaycan-Çin qarşılıqlı maraqlarının müzakirəsi, eləcə də mövqelərin yaxınlaşdırılması baxımından çox önəmlidir.

E.İsgəndərovun sözlərinə görə, beynəlxalq hüquqa əsasən hegemonluq qəbuledilməzdir.

Səfir Azərbaycan tərəfinin də mövqeyinin məhz bundan ibarət olduğunu deyib, müxtəlif sahələrdə əməkdaşlığın vacibliyinə toxunub:

"Azərbaycan eyni zamanda "İpək yolu" layihəsinin tərkib hissəsi olmaqla, bu layihənin təşviqini dəstəkləyir. "Bakı-Tbilisi-Qars layihəsi Azərbaycandan keçməklə, dünyaya müxtəlif təyinatlı yüklərin göndərilməsi baxımından çox böyük əhəmiyyətə malikdir. Əlbəttə ki, həyata keçirilən bu cür perspektivli layihələr beynəlxalq əməkdaşlıq yolunda geniş imkanlar açır. Mən hesab edirəm ki, hər iki ölkə mövcud əməkdaşlığı daha da inkişaf etdirmək əzmindədir".

Konfrans panel müzakirələrlə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR