Bəhruz Məhərrəmov: “Trampın əngəlləri uğurla neytrallaşdırması ona qarşı siyasi terroru zərurətə çevirdi”

Bəhruz Məhərrəmov

© APA | Bəhruz Məhərrəmov

# 14 iyul 2024 13:11 (UTC +04:00)

“ABŞ-nin keçmiş Prezidenti və Prezidentliyə Respublikaçıların namizədi Donald Trampa sui-qəsd bu ölkə üçün ənənəvi olan siyasi terrordur. Görünən odur ki, bütün dünyaya "azad seçki", "demokratiya", "insan haqları", təhlükəsiz həyat" meyarları barədə mühazirələr oxuyan ABŞ-nin özündə əslində zorakılıq aktları adi hal alıb və bir sıra situasiyalarda bu ölkənin aidiyyəti dövlət orqanları tərəfindən təşkil edilir”.

Bunu APA-ya açıqlamasında VI çağırış Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Deputatın bildirdiyinə görə, təsadüfi deyil ki, ABŞ tarixində prezidentlər Linkoln, Qarfild, Kennedi, habelə siyasi xadim Martin Lüter Kinqə qarşı törədilmiş sui-qəsdlər, demək olar ki, bütün hallarda bağlı qalmış, yaxud cinayət aidiyyətsiz qurbanlar üzərinə atılmışdır:

“İndiki halda da, sirr deyil ki, ən azı ötən iki il ərzində ABŞ-də Trampın siyasi arenada sıradan çıxarılması üçün ona qarşı məhkəmə və digər inzibati resurslar tam səfərbər edilmişdi. Lakin, görünən odur ki, Prezident Trampın əngəlləri uğurla neytrallaşdırması və yenidən Partiyasının seçkilərdə əsas namizədinə çevrilməsi ona qarşı siyasi terroru yenidən zərurətə çevirdi. Cinayətə münasibətdə icraçının dərhal "müəyyən edilməsi" və "sıradan çıxarılması" da göstərir ki, aidiyyəti dövlət orqanları sui-qəsdin ört-basdır edilməsi, cinayətkarların dairəsinin yalnız icraçılarla məhdudlaşdırılması, təşkilatçı və təhrikçilərin, o cümlədən köməkçilərin aşkara çıxarılmaması üçün qüvvələri səfərbər edib. Bu isə ümumbəşəri dəyərlərə qarşı təhdiddir və ABŞ-nin qlobal mənada insan haqları və demokratiya tandemi barədə söz haqqını itirdiyini göstərir”.

Bəhruz Məhərrəmovun sözlərinə görə, ABŞ hökuməti anlamalıdır ki, bəyanatlarla kifayətlənmək olmaz və Trampa qarşı sui-qəsd də daxil olmaqla, bütün cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq artıq Vaşinqtonun beynəlxalq öhdəliyidir:

“Bu siyasi və hüquqi iradə göstərilməyənə və cinayət faktı üzrə obyektiv araşdırmalara dair addımlar atılana qədər isə Amerika siyasi baxımdan təhlükəli ərazi kimi tanınacaq. ABŞ-yə səfərlər planlaşdıran Azərbaycan vətəndaşları da başa düşməlidir ki, seçki yaxınlaşdıqca gərginlik daha da arta bilər və ona görə də soydaşlarımızı ehtiyatlı olmağa çağırırıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR