Gürcüstanda keçiriləcək parlament seçkilərinin nəticələri təkcə bu ölkə üçün deyil, bütün bölgə üçün əhəmiyyətli sayılmalıdır.
Bunu APA-ya açıqlamasında Gürcüstan əsilli ziyalı Fərman Borçalı bildirib.
Fərman Borçalı deyib ki, dost ölkələr olan Azərbaycan və Gürcüstan arasında birgə iqtisadi layihələr strateji önəmə sahibdir: “Bütün bunlar soydaşlarımıza diqqət və qayğıya da müsbət təsir edir. Ancaq hazırda bu ölkə ilə bağlı narahatlıq doğuran bir məqam var. Hakim “Gürcü Arzusu” partiyası parlament seçkilərində qalib gələcəyi təqdirdə, Qərbin dəfələrlə sınaqdan keçirdiyi “rəngli inqilab” ssenarisinə hazırlaşdığı ehtimal olunur. Yəni seçkinin nəticələrini tanımaqdan imtina edən müxalif qüvvələr yenidən küçələrə çıxır, kütləvi iğtişaşlar törədilir, Qərb mediası vasitəsilə seçkilərin nəticələri şübhə altına alınır”.
Fərman Borçalı vurğulayıb ki, hakim partiya Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasında əsas faktor rolunu oynayır, Qərbin burada əl-qol açmasının qarşısını alır: “Gürcüstan hakimiyyəti də bunu bildiyindən Qərbin, onun ölkədəki qüvvələrinin - QHT və s. əməllərinə qarşı tədbirlər görür. Bu kontekstdə “Xarici agent haqqında” və LGBT təbliğatının qadağan olunması haqqında qanunların gündəmə gəlməsi, qəbulu təsadüfi deyil. Digər tərəfdən, göz önündədir ki, artıq ABŞ və Avropa İttifaqı tərəfindən Gürcüstana qarşı açıq şantaj və təhdidlərə başlanılıb. Vizasız gediş-gəlişin dayandırılması, sanksiyaların tətbiq olunması məsələsini buna misal göstərmək olar. Bunlar belə deməyə əsas verir ki, parlament seçkiləri zamanı Gürcüstanda vəziyyət qarışa bilər. Qərb istəyir ki, Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açsın. Bu isə Gürcüstanın Ukraynanın aqibətini yaşaması deməkdir. 2008-ci ildə məhz Qərbin təhriki ilə başlanan müharibə zamanı Gürcüstan Cənubi Osetiya və Abxaziyanı faktiki itirmiş oldu. Müharibə başlayanda isə Qərb Gürcüstanı meydanda Rusiya ilə tək qoydu”.
Fərman Borçalı vurğulayıb ki, bütün bunlara görə “Gürcü Arzusu”nun atdığı addımlar təqdir olunmalıdır: “Sabit Gürcüstan həm də Azərbaycan üçün vacibdir. Buna görə soydaşlarımızı ayıq-sayıq olmağa çağırıram. Əmin-amanlıq olan yerdə, qayda, qanunlara əməl olunacaq, soydaşlarımız firavan həyat sürəcək”.