İstanbulda dekolonizasiya mövzusunda konfrans keçirilib, Makrona açıq məktub ünvanlanıb - FOTO - YENİLƏNİB

İstanbulda dekolonizasiya mövzusunda konfrans keçirilib, Makrona açıq məktub ünvanlanıb - FOTO  - YENİLƏNİB
# 24 fevral 2024 19:24 (UTC +04:00)

2024-cü ilin 24 fevral tarixində İstanbulda Bakı Təşəbbüs Qrupu tərəfindən “Dekolonizasiya: İntibahın oyanışı” ("Decolonization: Awakening of the Renaissance") adlı beynəlxalq konfrans keçirilib.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, beynəlxalq konfransda 13 ölkə və 4 beynəlxalq təşkilatdan 50-dən artıq nümayəndə iştirak edib.

Bunlar arasında Fransanın hələ də müstəmləkə altında saxladığı dənizaşırı ərazilər – Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinik, Qvadelupa, Wallis və Futuna, Korsika, eləcə də Qəmər Adaları İttifaqı (Fransa Qəmər Adaları İttifaqının ərazisi olan Mayot adasını hələ də işğal altında saxlayır) xüsusi üstünlük təşkil edir.

Konfransda Fransız Qvianası Assambleyasının (Parlament) vitse-prezidenti Samantha Françoise CYRIAQUE, Yeni Kaledoniyanın xarici işlər, mədəniyyət, gənclər və idman naziri Mickael Forrest, BMT-nin idarəçilik üzrə eksperti, Fransız Polineziyasının BMT-dəki nümayəndəsi Carlyle Corbin, Martinik Assambleyasının deputatı Luc Francis Carole, Fransız Polineziyası Parlamentində Avropa və xarici işlər Komissiyasının sədri Maurea Maamaatuaiahutapu, Korsika Parlamentinin sabiq prezidenti Jean-Guy Talamoni, Avropa Parlamentinin sabiq üzvü, Qvadelupanın Azadlığı Uğrunda Xalq Birliyinin baş katibi Jean-Jacob Bicep, Türkiyə Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun tədqiqatçısı (SETA) Tunç Demirtaş və başqaları çıxış ediblər.

Tədbir müzakirələr formatında davam etdirilib.

Tədbirin sonunda iştirakçılar Fransa Prezidentinə açıq məktub ünvanlayıblar. Məktubda BMT Baş Assambleyasının dekolonizasiya ilə bağlı qətnamələrinə istinad edilərək, həmin sənədlərin 60 ildən çox müddətdə qəbul edilməsinə baxmayaraq, Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupunda yaşayan xalqların bu gün də fransız kolonializm və neokolonializmdən əziyyət çəkdiyi vurğulanır.

Məktubda sözügedən adalar qrupunda Fransa hökuməti tərəfindən törədilən müxtəlif cinayətlər, habelə bu torpaqların Fransa dövləti tərəfindən işğal edilməsi, yerli iqtisadiyyatın inkişafına bilərəkdən mane törədilməsi, yerli əhalilərin pestisidlərlə zəhərləndirilməsi və əhalinin bu zəhərlənmənin fəsadlarından əziyyət çəkməsi, yerli əhalinin məcburən emiqrasiyaya sövq edilməsi, bu ərazilərə qanunsuz köçürülmənin bu gün də davam etməsi, ərazilərdə kolonial məhkəmə sistemlərinin tətbiq edilməsi və s. faktlar öz əksini tapıb.

Tədbir iştirakçıları E.Makrondan fransız hökumətinin bu qanunsuzluqlarını dayandırmasını tələb edib, ərazilərdə mədəni və dini irsin vəziyyətinə dair məruzənin hazırlanması üçün UNESCO missiyasının həmin ərazilərə göndərilməsinin əhəmiyyətini vurğulayıb, ATƏT-in ətraf mühit, iqtisadiyyat, insan hüquqları və yerli əhalilərin hüquqlarına dair vəziyyətinin öyrənilməsi missiyasının koloniyalara göndərilməsi üçün ATƏT-ə müraciət edilməsinə çağırış edilib.

Eyni zamanda tədbirin sonunda elan edilib ki, Fransa hökuməti tərəfindən keçmiş və indiki müstəmləkələrdən oğurlanaraq materik Fransaya daşınan 100 mindən artıq maddi və mədəni sərvətlərin geri qaytarılması üçün petisiyaya start verilmişdir. Bununla bağlı müxtəlif kampaniyalar həyata keçiriləcək.

Xatırladaq ki, bu artıq Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi 7-ci beynəlxalq konfransdır.

Bakı Təşəbbüs Qrupu Fransa müstəmləkəsi altında yaşayan xalqlarla həmrəyliyini ifadə edir və onların azadlığı və müstəqilliyi uğrunda mübarizəsinə hər zaman dəstək verəcəyini bəyan edir.

***

12:51

İstanbulda “Dekolonizasiya: İntibahın oyanışı” adlı konfrans keçirilir.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, Bakı Təşəbbüsü Qrupunun təşkilatçılığı ilə baş tutub.

Tədbir çərçivəsində Fransanın müstəmləkəçilik siyasətinin bir regionlara verdiyi zərər müzakirə olunur.

Açılış mərasimində çıxış edən Bakı Təşəbbüsü Qrupunun icraçı direktoru Abbas Abbasov tədbirin xüsusi önəm daşıdığını qeyd edərək, Qrupun bu istiqamətdə vacib nailiyyətlər əldə etdiyini də vurğulayıb.

Konfrans çərçivəsində baş tutan panellərdə dünyadakı fərqli bölgələrdə Fransanın müstəmləkəçilik siyasətinə qarşı davam edən mübarizələr də müzakirə olunur. Belə ki, BMT-nin Dekolonizasiya üzrə Xüsusi komitəsinin müstəqil eksperti Carlyle G.Corbin Fransanın aktiv şəkildə müstəmləkəçilik siyasətinin 1960-cı illərə qədər davam etdiyini bildirib. Onun sözlərinə görə, dekolonizasiya prosesi 1990-cı illərə qədər uğurlu şəkildə davam etsə də, 90-ların sonun proses yavaşlayıb və hazırda Fransa dekolonizasiya prosesinin aktiv olaraq davam etməsini istəmir.

Corbin onu da vurğulayıb ki, Fransanın müstəmləkəçilik siyasətindən ziyan görən bölgələrdə intibahın oyanışına xüsusi ehtiyac var.

Yeni Kaledoniya və digər ölkələrdən olan çıxışçılar da öz növbəsində xalqlarının Fransadan ayrılaraq müstəqillik istədiklərini, lakin Parisin buna qarşı çıxdığını vurğulayıblar.

Onların sözlərinə görə, Fransa bu bölgələri əldən qaçırmamaq, təbii sərvətlərinin istismarını davam etmək istəyir. Çıxışçılar qeyd ediblər ki, Fransanın müstəmləkələri olmuş və olan regionlar bu ölkənin onlara qarşı aqressiv hərəkətlərindən qurtulmaq, yeni nəsillərin Fransa mədəniyyətinin basqısı altında onların bir parçası olmaq deyil, öz dəyərləri, dilləri və ənənələrinə uyğun olaraq yetişməsini istəyir.
Türkiyənin SETA siyasi araşdırmalar mərkəzinin təmsilçisi Tunc Demirtaşın sözlərinə görə isə, Azərbaycan və Türkiyə Fransanın müstəmləkəçilik siyasətinə məruz qalmış xalqların səsinin dünyaya çatdırılması, onların mübarizəsinə dəstək vermək niyyətindədir. T.Demirtaş onu da vurğulayıb ki, Türkiyə Fransadan fərqli olaraq Afrika regionunda bütün ölkələrlə qarşılıqlı hörmət və fayda əsasında əməkdaşlıq təklif edir və yürüdür.

Qeyd edək ki, Bakı Təşəbbüsü Qrupunun təşkilatçılığı ilə iki gün davam edəcək konfransa 13 ölkə və 5 beynəlxalq təşkilatdan 50 iştirakçı qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR