Milli Məclis və Bolqarıstan Xalq Məclisinin sədrləri görüşüb

Milli Məclis və Bolqarıstan Xalq Məclisinin sədrləri görüşüb
# 04 mart 2024 16:35 (UTC +04:00)

Martın 4-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, Milli Məclisin sədri nümayəndə heyətinin üzvlərini ötən gün qeyd olunan Bolqarıstanın Milli bayramı münasibətilə təbrik edib.

Sahibə Qafarova bu səfərin Rosen Dimitrov Jelyazkovun Azərbaycana ilk səfəri olduğunu bildirərək, inamını ifadə edib ki, bu səfər ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcək. Qeyd edib ki, Azərbaycan və Bolqarıstan dost və strateji tərəfdaş ölkələrdirlər. 2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətlərimizi keyfiyyətcə yeni mərhələyə qaldırıb.

Keçən il Bolqarıstan Respublikasına rəsmi səfərini xatırlayan spiker Sahibə Qafarova, ölkələrimiz arasındakı əlaqələrin inkişafında qanunverici orqanların müsbət rolunu vurğulayaraq bildirib ki, sədrlər, həmçinin dostluq qrupları səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər, keçirilən görüşlər, onu deməyə əsas verir ki, bu gün parlamentlərimiz arasında yaxşı əməkdaşlıq əlaqələri mövcuddur. Milli Məclisin sədri parlamentlərimiz arasında beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin önəmini qeyd edərək, təəssüflə vurğulayıb ki, bir sıra parlament təşkilatları Azərbaycana qarşı ikili standartlar nümayiş etdirirlər. O, Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməməsinin ikili standartlardan başqa bir şey olmadığını qeyd edib.

Rosen Jelyazkov Azərbaycan Respublikasında keçirilən növbədənkənar prezident seçkilərinin uğurla başa çatması və cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbriklərini çatdırıb. Bolqarıstan parlament nümayəndə heyətinin də seçkiləri müşahidə etdiyini deyən spiker, seçici fəallığını xüsusi qeyd edib, bu seçkilərin azad və şəffaf şəkildə baş tutduğunu, Azərbaycan xalqının İlham Əliyevə səs verməklə sabitliyi və davamlı inkişafı seçdiyini deyib.

Ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlıqda maraqlı olduğunu deyən spiker, bu gün enerji sahəsində mövcud olan uğurlu əməkdaşlığa toxunub, bu əməkdaşlığın ölkəsini enerji istehlakçısından tranzit ölkəyə çevirdiyini bildirib. Eyni zamanda yaşıl enerji layihəsi çərçivəsində Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli layihəsinə Bolqarıstanın da qoşulmaq niyyətində olduğunu qeyd edib. Həmçinin, Bolqarıstanın "Həmrəylik halqası" layihəsi üzrə əməkdaşlığın inkişafında maraqlı olduğu bildirilib.

Rosen Jelyazkov Azərbaycanın regionda davamlı sülhün bərqərar olunması, həmçinin delimitasiya-demarkasiya işlərinin aparılması və bölgənin nəqliyyat infrastrukturunun bərpa olunması işlərindəki rolunu təqdir edərək deyib ki, gələcəkdə bolqar şirkətləri də Qarabağda aparılan yenidənqurma və bərpa işlərində iştirak edə bilərlər. Vurğulanıb ki, bu ilin sonunadək Bakı şəhərində baş tutacaq VI Hökumətlərarası komissiya çərçivəsində keçiriləcək Biznes Forumda iştirak edəcək bolqarıstanlı iş adamlarının da bu sahədə fəal iştirakı gözlənilir.

Azərbaycanın Cənubi Qafqazın aparıcı ölkəsi, o cümlədən enerji məsələlərində Bolqarıstanın əsas tərəfdaşı olduğunu deyən Rosen Jelyazkov, ölkəmizi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a ev sahibliyi etməsi üçün seçilməsi münasibətilə təbrik edib, bunu Azərbaycanın ekologiya sahəsinə göstərdiyi diqqət və qayğının təzahürü adlandırıb. O, Bolqarıstanın COP29 kimi mötəbər tədbirin həyata keçirilməsində Azərbaycana hər cür dəstək göstərməyə hazır olduğunu bildirib.

Xalq Məclisinin sədri AŞPA-da təmsil olunan parlament nümayəndə heyətimizin quruma geri qayıtması məsələsinə toxunaraq qeyd edib ki, Bolqarıstan qurumda Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin yenidən ratifikasiya olunmasını dəstəkləyir. O, deyib ki, beynəlxalq parlament təşkilatlarında məcburedici addımların atılması qəbul olunan deyil, məsələ yalnız dialoq yolu həll olunmalıdır.

Görüşdə dövlətlərarası və parlamentlərarası əməkdaşlığın inkişaf perspektivləri və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR