Moskvada Azərbaycanın Milli Musiqi Günü qeyd olunub

Moskvada Azərbaycanın Milli Musiqi Günü qeyd olunub
# 21 sentyabr 2024 01:12 (UTC +04:00)

Moskvada M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycanın Milli Musiqi Gününə həsr olunmuş gecə keçirib.

APA-nın Moskva bürosu xəbər verir ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Moskvadakı Qara Qarayev adına Uşaq Musiqi Məktəbinin şagirdləri çıxış ediblər.

Gecəni musiqişünas, sənətşünaslıq doktoru, Müasir Musiqi Assosiasiyasının sədri Rauf Fərhadov aparıb. O, Azərbaycan müsiqisinin tarixindən, bəstəkarlıq məktəbindən ətraflı danışıb.

Tədbiri Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin humanitar proqramlar şöbəsinin müdiri Tamila Əhmədova açaraq qeyd edib ki, hər il sentyabrın 18-də Azərbaycanda Milli Musiqi Günü geniş qeyd olunur.

"Bu tarix ölkəmizin iki böyük musiqiçisinin - Azərbaycan klassik musiqisinin baniləri Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin doğum günü ilə bağlıdır. Bu il Azərbaycan Prezidenti İlham Əliyev Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpasından sonra açılışında iştirak edib. Bu, bütün musiqiçilər üçün əla bayramdır. Azərbaycanın milli musiqisi nəinki milli musiqi ənənələrini qoruyub saxlayan, həm də dünya mədəniyyətinə əvəzsiz töhfələr vermiş görkəmli bəstəkarların -xüsusilə Asəf Zeynallı, Cövdət Hacıyev, Qara Qarayev, Niyazi, Fikrət Əmirov və Azərbaycan bəstəkarlıq məktəbinin digər nümayəndələrinin əsəridir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyirdi: “Hələ gəncliyimdə musiqidə nə qədər güc olduğunu hiss etdim. Musiqisiz insanlar yoxsuldurlar. Musiqi insanı sonsuz zənginləşdirir, ruhları düzəldir, onlara qeyri-adi güc verir. Əgər insanın həyatı musiqi ilə işıqlanırsa, o, quraq torpağa bərəkətli yağış yağan kimi canlanır". Heydər Əliyev hesab edirdi ki, milli ruhun yüksəlişinin əsas şərtlərindən biri ana dili və musiqi mədəniyyətidir”, – deyə o bildirib.

T.Əhmədova xüsusilə qeyd edib ki, Heydər Əliyev Fondu ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə xalqımızın milli mədəniyyətinin qorunub saxlanmasına böyük diqqət yetirir: “Fond qayğıya ehtiyacı olan musiqiçilərə və yaşlı nəslə, eləcə də təhsil almaq üçün xarici ölkələrə gedən gənc istedadlara dəstək olur”.

Xarici Ədəbiyyat Kitabxanasının direktoru Pavel Kuzmin tərbir iştirakçılarını Azərbaycanın Milli Musiqi Günü münasibətilə təbrik edib: “Azərbaycan bizim ən yaxın dostumuzdur və biz qonaqlarımızı bu ölkənin mədəniyyəti, incəsənəti və adət-ənənələri ilə tanış etməkdən böyük məmnunluq duyuruq. Heydər Əliyev Fondu ilə uzun müddətdir ki, əməkdaşlıq edirik. Kitabxanamızda Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Çox sevindirici haldır ki, digər mərkəzlərdən fərqli olaraq Azərbaycan mədəniyyət mərkəzi fəaliyyətini hələ də davam etdirir, öz ölkəsinin mədəniyyətinin təbliğatını Rusiyada davam etdirir”.

Moskvadakı Qara Qarayev adına Uşaq Musiqi Məktəbinin direktor müavini Tatyana Qalçinova gənc istedadlara dəstək verdiyinə görə Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.

“Musiqi birləşdirir və biz şadıq ki, tələbələrimiz bu tədbirdə iştirak edirlər. Azərbaycan musiqisi bir dəfə eşidiləndə tanınır və yaddaqalan olur. Tələbələrimiz Azərbaycan bəstəkarlarının musiqilərini ifa etməkdən məmnundurlar”, - T.Qalçinova bildirib.

Tədbir Qara Qarayev adına musiqi məktəbinin şagirdlərinin ifasında Azərbaycan musiqisindən ibarət konsert proqramı ilə davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR