XİN Ceyhun Bayramovla Sergey Lavrovun görüşü barədə məlumat yayıb - FOTO - YENİLƏNİB-1

XİN Ceyhun Bayramovla Sergey Lavrovun görüşü barədə məlumat yayıb  - FOTO  - YENİLƏNİB-1
# 05 dekabr 2023 16:10 (UTC +04:00)

Dekabrın 5-də xarici işlər naziri Ceyhun Bayramov Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirakı çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşüb.

XİN-dən APA-ya verilən xəbərə görə, görüş zamanı, Azərbaycan və Rusiya arasında əməkdaşlıq məsələləri, habelə Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti və perspektivləri müzakirə olunub.

Tərəflər, ikitərəfli gündəliyin bir sıra istiqamətlərində, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar, təhsil, mədəniyyət sahələrində əməkdaşlıq münasibətlərinin inkişafı perspektivlərini müzakirə ediblər. Azərbaycanla Rusiya arasında çoxşaxəli əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğunu, ərazilərimizdə Ermənistan silahlı qüvvələrinin və separatçı rejiminin mövcudluğuna son qoyulduqdan sonra sülh sazişinin razılaşdırılması üçün şərait yarandığını vurğulayıb. Eyni zamanda, normallaşmanın digər istiqamətlərindən biri olan Azərbaycanla Ermənistan arasında ikitərəfli əsasda sərhədin delimitasiyası üzrə danışıqların intensivləşməsinin tərəfdarı olduğumuz diqqətə çatdırılıb.

Görüşdə həmçinin iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran digər ikitərəfli və regional əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

***

11:35

Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Moskvada təşkil olunmuş görüşü çərçivəsində baş tutan danışıqlarda Azərbaycan ilə Rusiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən regionda mövcud vəziyyət müzakirə edilib.

Nazir Ceyhun Bayramov iki ölkə arasında müxtəlif sahələr, o cümlədən siyasi, iqtisadi, ticarət, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə edib.

Nazir vurğulayıb ki, görüş çərçivəsində bir sıra ikitərəfli layihələrin reallaşdırılmasına dair fikir mübadiləsi aparmaq imkanı olacaq. Ceyhun Bayramov danışıqlarda regional təhlükəsizlik, o cümlədən postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, eləcə də “3+3” formatında əməkdaşlıqla bağlı məsələlər nəzərdən keçiriləcək.

Nazir Sergey Lavrov Azərbaycan ilə Rusiya arasında həm ikitərəfli, həm də çoxtərəfli əsasda münasibətlərin inkişafından bəhs edib. O, Rusiya ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Sergey Lavrov iki ölkənin iqtisadi sahədə qarşılıqlı fəaliyyətlə əlaqədar bir sıra iri layihələr, o cümlədən “Şimal-Cənub” beynəlxalq dəhlizi çərçivəsində əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Sergey Lavrov görüşdə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair məsələlərin də müzakirə olunacağını vurğulayıb. Rusiyalı nazir Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “3+3” platformasının perspektivli olduğunu qeyd edib.

***

11:08

Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında ikitərəfli görüş başlayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya XİN-in Qəbullar Evində keçirilən görüşdə iki ölkə arasında münasibətlər, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması, eləcə də regional və beynəlxalq gündəmdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunur.

Qeyd edək ki, bu gün Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək. Bayramov-Lavrov danışıqları da məhz bu görüş çərçivəsində keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR