Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
# 26 fevral 2024 22:30 (UTC +04:00)

Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin birgə təşkilatçılığı Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbirdə Türkiyə, Pakistan və Özbəkistanın Rusiya Federasiyasındakı səfirləri, diplomatik korpusun, Rusiya ictimaiyyətinin, Azərbaycan diasporunun nümayəndələri, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) fəalları iştirak ediblər.

Tədbir iştirakçıları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkəmizin səfirliyində ucaldılmış büstü və Xocalı soyqırımı qurbanlarına həsr olunmuş xatirə stendi önünə gül dəstələri düzüblər.

Tədbiri giriş sözü ilə açan səfir Polad Bülbüloğlu qeyd edib ki, bugünki tədbir əvvəlkilərdən onunla fərqlənir ki, bu gün Xocalı və Azərbaycanın bütün ərazisi öz cəzasızlığına inanmış işğalçılardan tamamilə azad edilib. "Bu gün möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev Xocalıda olub, soyqırımı qurbanlarının yaxınları və bu dəhşətli faciədən sağ çıxanlarla görüşüb. Xocalı Azərbaycan xalqının sağalmayan yarasıdır. Xocalı soyqırımı Ermənistanın uzunmüddətli təcavüzü zamanı Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş ən ağır cinayətlərdən və ölkəmizin tarixinin ən faciəli səhifələrindən biridir".

Səfir bildirib ki, Xocalıda dinc əhalinin qətlə yetirilməsi Ermənistanda dövlət səviyyəsində azərbaycanlılara qarşı aparılan etnik nifrət və irqi ayrı-seçkilik siyasətinin nəticəsidir: "Bütün bunlar monoetnik məkanın yaradılmasına və Ermənistanın o vaxtkı siyasi rəhbərliyi tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən ərazi ekspansiyasına xidmət edirdi. Xocalıda törədilmiş vəhşiliklər çoxsaylı mənbələr, o cümlədən beynəlxalq təşkilatların sənədləri, müstəqil araşdırmaların nəticələri ilə təsdiqlənib. Rəsmi araşdırma zamanı müəyyən edilib ki, Ermənistanın qanunsuz əməllərində beynəlxalq hüquq baxımından konkret soyqırım elementləri var. İndi, Azərbaycan əraziləri işğaldan azad edildikdən sonra, bu qanlı terrorun sübutları üzə çıxır. Elə bu yaxınlarda, fevralın 9-da Əsgəranda aparılan qazıntılar nəticəsində Xocalı soyqırımı qurbanlarının qalıqlarının olduğu kütləvi məzarlıq tapılıb. Burada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzun illər öncə dediyi sözləri xatırlatmaq yerinə düşər: “...Xocalı soyqırımını törədənlər gec-tez ədalət qarşısında cavab verəcək və layiqli cəzalarını alacaqlar. Şəhidlərimizin qanı yerdə qalmayacaq”. Bu il ilk dəfə olaraq bütün ölkəmiz, xüsusən də işğaldan azad edilmiş Xocalı 26 fevral hadisələrini tamam başqa, xüsusi bir duyğu ilə, başını dik tutub anır. 2023-cü ilin sentyabrında Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz məharətlə həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatı nəticəsində Xocalı şəhərini düşmən qoşunlarından təmizlədi və oktyabrın 15-də burada ölkəmizin Dövlət bayrağı qaldırıldı. Çox yaxın vaxtlarda Xocalı sakinləri avtomat və pulemyotlarla vəhşicəsinə zorla qovulduqları evlərinə qaytarılacaqlar.
Cinayətkarların əksəriyyəti Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən həbs edilmiş təkcə Xocalı soyqırımında deyil, həm də Azərbaycan xalqına qarşı törədilən digər ağır cinayətlərdə bilavasitə əli olan separatçı rejimin keçmiş rəhbərləridir. Hazırda əlləri günahsız azərbaycanlıların qanına bulaşmış həmin şəxslər barəsində istintaq-əməliyyat tədbirləri davam etdirilir".

Diplomat xüsusilə qeyd edib ki, vaxtilə bu qanlı cinayətə siyasi-hüquqi qiymət yalnız Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra verilib:"Bu gün Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması və onun soyqırımı kimi dünya miqyasında tanınması davam edir. Hazırda bir sıra ölkələrin qanunvericilik orqanları Xocalı soyqırımını tanıyan aktlar qəbul ediblər. Bu işdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq məlumat kampaniyasının böyük rolu olub. Bu kampaniya çərçivəsində həm Azərbaycanda, həm də xaricdə gənclər faciə qurbanlarının xatirəsinin yaşadılmasında fəal iştirak edirlər.
Mən bu gün fürsətdən istifadə edərək burada iştirak edən gənc nəslin nümayəndələrinə demək istəyirəm ki, onlar öz ölkələrinin tarixinin mürəkkəb səhifələrini heç vaxt unutmasınlar və Xocalı soyqırımı haqqında öz yaşıdları və beynəlxalq ictimaiyyət arasında həqiqəti əks etdirən məlumatları yaysınlar".

Polad Bülbüloğlu ölkəmiz üçün heç də az əhəmiyyət kəsb etməyən bir mövzuya - Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi və Azərbaycanın dinc mülki əhalisinə qarşı, eləcə də regionda görülən bərpa işlərinə təhlükə yaratmaqda davam edən mina terroru probleminə toxunub. Vurğulayıb ki, bu problem məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıtmasının qarşısını alır: "Vətən Müharibəsi başa çatan 2020-ci ildən bu günə qədər mina terrorunun qurbanlarının sayı 344 nəfərə çatıb, onlardan 65-i dünyasını dəyişib. Bu, taleyi alt-üst olmuş, xəyalları qırılmış, psixikası zədələnmiş 344 ailə deməkdir.
Azərbaycan tərəfi dəfələrlə Ermənistandan mina xəritələrini tələb edib. Onlar əvvəlcə bu xəritələrin mövcudluğunu tamamilə inkar edirdilər, sonra isə minaların yeri barədə ya yalan, ya da tam olmayan məlumatlar verirdilər. Erməni tərəfinin bu yaxınlarda təqdim etdiyi real koordinatları olmayan mina formulyarlarının da faydası olmadı. Bu, bir daha Ermənistanın regionda sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olmasına töhfə vermək əzmində olmamasından xəbər verir".

Səfir əlavə edib ki, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 3865 azərbaycanlının taleyi hələ də naməlum olaraq qalır. "Ermənistan hələ də onlar haqqında müvafiq məlumat verməkdən imtina edir. Xüsusi vurğulamaq istərdim ki, ölkəmiz Azərbaycan-Ermənistan dövlətlərarası münasibətlərinin normallaşmasına sadiq qalaraq beynəlxalq öhdəliklərə əməl edilməsində, Ermənistanın ərazi iddialarından imtina etməsində israrlıdır. Hesab edirik ki, bu gün regionun dinc inkişafından başqa alternativ yoxdur.
Sonda xüsusilə qeyd etmək istərdim ki, 30 il keçməsinə baxmayaraq, dinc əhaliyə qarşı törədilən qəddar cinayətləri unutmaq çox çətindir. Biz bu cür faciələrin unudulmasına və bir daha təkrarlanmasına imkan verə bilmərik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa, möhkəm cansağlığı versin!", deyə P. Bülbüloğlu yekunlaşdırıb.

Anım gecəsi klassik musiqi konserti ilə davam edib. AMOR fəalı Günel Vəliyeva Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş şeirlər oxuyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR