Cənubi Qafqazda münaqişələrə son qoyulması üçün tarixi imkan var.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, bunu Tbilisidə rəsmi səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan həmkarı İrakli Kobaxidze ilə görüşdən sonra mətbuata açıqlamasında deyib.
O, Azərbaycan və Ermənistan arasında sülhdən yalnız iki ölkənin deyil, Türkiyə, Gürcüstan və İranın da faydalanacağnı deyib.
Paşinyan, eyni zamanda bildirib ki, Ermənistan Azərbaycana diplomatik münasibətlərin bərpa edilməsini təklif edib.
"Həmçinin (Azərbaycana) diplomatik əlaqələrin qurulması və qarşılıqlı maraq doğuran bütün başqa məsələlərin həlli təklif olunub" - deyə o söyləyib.
***
16:11
Ermənistan və Azərbaycan sülh razılaşmasının mətninin 80 faizini razılaşdırıb.
APA-nın Ermənistan mətbuatına istinadən xəbərinə görə, bunu Gürcüstanın hökumət başçısı İrakli Kobaxidze ilə mətbuat konfransında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O, sərhədlərin delimitasiyası məsələsində də müəyyən irəliləyiş əldə olunduğunu qeyd edib.
Paşinyanın sözlərinə görə, region ölkələri arasında münasibətlər qarşılıqlı hörmət, ümumi maraqlar və hərtəfəli inkişafa yönələn iqtisadi əməkdaşlığa əsaslanmalıdır.
Fərid Azəri
Səid Babazadə