Politoloq: Azərbaycanın Rusiya ilə Ukrayna arasında qaz məsələsində vasitəçilik rolu Avropa üçün həyati əhəmiyyətlidir

Zaur Məmmədov

© APA | Zaur Məmmədov

# 09 sentyabr 2024 12:15 (UTC +04:00)

Rusiya-Ukrayna müharibəsi Avropanın enerji təhlükəsizliyi arxitekturasını da dəyişməkdədir.

Bunu APA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Politoloq bildirib ki, müharibəyə qədər Rusiya Avropaya il ərzində 140 milyard kub metrdən çox qaz nəql edirdisə, hazırda bu həcm 15-16 milyard kub metrə enib. Macarıstan, Slovakiya, Avstriya, Çexiya kimi ölkələr isə hazırda Rusiya qazından çox asılıdır: “Digər tərəfdən, onu da nəzərə almaq lazımdır ki, Rusiya və Ukrayna arasında müharibə bitəndən sonra həm Şərq-Qərb arasında kommunikasiya, həm də təbii qaz xəttinin qurulması, Ukraynanın üzərindən bunların həyata keçirilməsi Kiyev üçün vacibdir. Bu, Ukraynaya ildə milyardlarla dollar gəlir gətirir və Kiyevin siyasi çəkisini artırır. Bu baxımdan Azərbaycanla Rusiya arasında qaz mübadiləsi məsələsinə dair Ukraynanın və Avropa İttifaqının müraciəti təsadüfi deyil. Avropa İttifaqının bu yaxınlarda Azərbaycan tərəfinə müraciətində təbii qazın artımı və gələcək Avropanın arxitekturasında daha bir layihə üzrə xüsusi rol oynaması yer alıb. Azərbaycanın belə imkanı var. Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə yüksək səviyyəli əlaqələri var bu münasibətlər inkişaf etməkdədir. Belə olan təqdirdə niyə də Bakı hazırkı məqamda Moskva və Kiyevlə yeni bir iqtisadi layihədə iştirak etməsin? 2025-ci ilin 1 yanvar tarixində Ukrayna vasitəsilə Rusiyanın qaz ixracının vaxtı bitir. Həm rəsmi Kiyev, həm də rəsmi Moskva bu məsələnin aydınlaşdırılması üzrə qərar verməkdədir. Bu halda ən məqbul variant Azərbaycan vasitəsilə çıxış yolu əldə edilməsidir. Burada biz təbii qazın bir neçə istiqamətdə nəqlinə şahidlik edə bilərik. Bunu danışıqlar vasitəsilə Rusiya, Ukrayna və Avropa İttifaqı özü qərarlaşdırmalıdır. Ya bu, hazırda Ukrayna Ordusunun nəzarətindəki Kursk vilayəti vasitəsilə SOCAR-ın Qərb istiqamətinə alqı-satqı edərək Ukrayna vasitəsilə təbii qazı Avropaya nəql etməsi, ya da artıq yeni marşrutların düşünülməsidir. Yaxud da bu, Azərbaycanın hazırda əlində olan imkanlardan istifadə etməklə, “Qazprom” və SOCAR arasında digər şəkildə razılığın əldə edilməsiylə mümkündür. Azərbaycan həm Avropa İttifaqının qaz təhlükəsizliyinin, həm Ukraynanın gələcək milli maraqlarının reallaşması, həm də Rusiyanın Avropa bazarında bu və ya digər şəkildə iştirakında mühüm rola malik ola bilər”.

Zaur Məmmədovun sözlərinə görə, Azərbaycanın Rusiya-Ukrayna müharibəsinin başlanğıcından tutduğu mövqe, apardığı xarici siyasətin rasionallığı rəsmi Bakıya imkan verir ki, dialoqda əsas və vacib tərəf kimi rolunu davam etdirsin: “Azərbaycan Rusiya və Ukrayna arasında nəinki təbii qaz məsələsi o cümlədən siyasi məsələlərin də həll edilməsində xüsusi rol oynaya bilər. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də İtaliyada keçirilən forumda buna diqqəti yönəltmişdi. Əgər hər iki tərəf Bakıya müraciət edərsə, bu məsələnin həllini tapması heç də çətin ola bilməz. Azərbaycan Prezidentinin apardığı ədalətli, rasional siyasət, qərarların vaxtı-vaxtında düzgün verilməsi, xarici siyasətlə bağlı ölkəmizin etibarlı tərəfdaş və dövlət kimi tanınması bizə bir sıra üstünlüklər və dividentlər verir. Hazırda qlobal dünyanın üzləşdiyi çətin siyasi və iqtisadi dönəmdə Bakının bu rolu xüsusi qeyd edilməli və qiymətləndirilməlidir”.

Politoloq vurğulayıb ki, real mənzərə Avropanın 2025-2026-cı ildən başlayaraq qaz, elektrik, istilik enerjisi ilə bağlı problemlərlə üzləşə biləcəyindən xəbər verir: “Rusiyadan Ukrayna üzərindən Avropaya qaz nəqli 2025-ci ildən dayandırılsa, Avropanın problemlərlə üzləşməsi qaçılmazıdır. Bu gün Avropanın 4 ölkəsi - Macarıstan, Slovakiya, Çexiya, Avstriyada ciddi enerji problemi gözlənilir. Bu layihə olmadığı təqdirdə həmin ölkələrin qışı necə keçirəcəyi bir tərəfə, əlavə olaraq təkcə Slovakiya büdcəsində 700-800 milyon dollar civarında defisit yarana, eyni zamanda digər ölkələri də ciddi enerji problemi gözləyə bilər. Təcrübə isə göstərir ki, Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərin, qarşısına qoyduğu bütün vəzifələrin yerinə yetirilməsinə nail olur və nəticə etibarilə yuxarıda bəhs olunan məsələnin həllində Azərbaycan zəruri addımlar ata bilər. Buna görə də yenə də Azərbaycana müraciət edilməsi Bakının beynəlxalq münasibətlər sistemində xüsusi paya malik olmasını sübut edir. Azərbaycanın Rusiya ilə Ukrayna arasında qaz məsələsində vasitəçilik rolu Avropa üçün həyati əhəmiyyətlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR