Səfir: İsrail Misirə təhlükə yaratmağa çalışmamalıdır - MÜSAHİBƏ

Səfir: İsrail Misirə təhlükə yaratmağa çalışmamalıdır - MÜSAHİBƏ
# 21 noyabr 2023 14:39 (UTC +04:00)

Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmidin İsrail-HAMAS münaqişəsi ilə bağlı APA-ya müsahibəsi

- Cənab səfir, artıq bir aydan çoxdur ki, bütün dünyanın diqqəti yenidən Yaxın Şərq regionuna yönəlib. Mən HAMAS-la İsrail arasında qarşıdurmanı nəzərdə tuturam. İsrail və HAMAS arasında döyüşlər davam edir. Gözlər həm də Qəzza ilə həmsərhəd olan Misirə çevrilib. Misir nələr edə bilər, necə bir rol oynaya bilər ki, daha çox qan tökülməsinin qarşısı alınsın?

- Bölgə sizin də dediyiniz kimi, artıq bir aydan çoxdur ki, münaqişəyə şahidlik edir və bu müddət ərzində Misir ikili vətəndaşlığı olan əcnəbiləri təxliyə etmək, eyni zamanda, “Rafah” sərhəd-keçid məntəqəsi vasitəsilə humanitar yardımların Qəzzaya daxil olması üçün çalışıb. Siyasi nöqteyi-nəzərdən Misir dəfələrlə HAMAS və İsrail arasında atəşkəsin əldə olunmasında rol oynayıb. Amma bu dəfə məsələ nəzarətdən çıxaraq regional səviyyəyə deyil, beynəlxalq səviyyəyə çatdı. BMT Təhlükəsizlik Şurası bir çox iclaslarında bununla bağlı qərar qəbul edə bilmədi.

Bəzi ölkələr Misirin yardımların daxil olmasına mane olduğunu və məhdudlaşdırdığını iddia edirdi, lakin həqiqət budur ki, Misir keçidi bağlamadı və yardımların tez bir zamanda, dərhal Qəzzaya çatdırılmasına hazır idi. Keçid məntəqəsinin açılmasına İsrail mane olub. Məntəqənin Qəzza zolağındakı yolunu bir neçə dəfə bombalayıb ki, yardımların keçidi pozulsun.

- Bir müddət əvvəl mətbuatda Misirin Qəzzanı tərk etmək istəyən insanların kütləvi axınının qarşısını almaq istədiyi barədə məlumatlar yayılmışdı...

- Misir böhranın başlanğıcından indiyə qədər bir neçə səbəbə görə, fələstinlilər üçün alternativ vətən olmayacağını açıq şəkildə bəyan edib.

Həmin səbəblər aşağıdakılardır:

- Bütün dünya ölkələrində olduğu kimi, Misir ərazisi “qırmızı xətt”dir və milli təhlükəsizlik məsələsidir.

- İsrailin fələstinlilərə qarşı yürütdüyü köçkün siyasətini rədd etmək.

- Fələstin məsələsini, ana vətən olan Fələstini öz vətəndaşlarından boşaltmaqla həll etməmək.

Digər tərəfdən Misir, xərçəng xəstəliyi olan uşaqlarla yanaşı, Qəzza zolağından olan çoxlu sayda yaralı fələstinlini Misir xəstəxanalarında müalicə almaları üçün qəbul edib. Misir həmçinin, öz yardımlarının Qəzza zolağına çatdırılması və Fələstin xalqı üçün Əl-Ariş Beynəlxalq Hava Limanı vasitəsilə xarici yardımların qəbulu və Qəzza zolağına çatdırılmasına çalışıb. Qeyd edirik ki, İsraili Qəzza zolağı ilə birləşdirən 5 keçid var və İsrail humanitar yardımların gətirilməsi üçün onlardan istifadə edilməsinə icazə verməyib, bunu rədd edib.

Digər tərəfdən, Misir ikili vətəndaşlığı olan əcnəbilərin öz ölkələrinə qayıtmasına kömək etmək üçün onların Qəzza zolağından çıxışını asanlaşdırıb. Onların arasında Azərbaycandan olan şəxslər də var.

- Misirin xarici siyasət konsepsiyasında Fələstin probleminə mərhələlər üzrə yanaşmaların şahidi olmuşuq - dini nöqteyi-nəzərdən, ərəb millətçiliyi prizmasından və s. Hazırda Misir dövlətinin xarici siyasət konsepsiyasında Fələstin probleminin yeri və çəkisi necədir?

- Fələstində indiyə qədər baş vermiş və hazırda baş verənlər Misirin, eləcə də Ərəb və İslam ölkələrinin xarici siyasətində əsas məsələdir. Misir Fələstin məsələsini milli təhlükəsizlik məsələsi hesab edir və bunu həll etmək üçün səy göstərir. Məsələnin iki dövlət qurmaqla həll yolu - sülh və sabitliyə nail olmaq üçün bütün regional və beynəlxalq səviyyələrdə ən uyğun həll yoludur. Bu məsələ 4 iyun 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olmaqla Fələstin dövlətinin qurulması ilə bağlıdır.

Problemin əsası kimi 1987-ci ildə qurulan HAMAS-dan danışılır, lakin problemin əsl mənşəyi təxminən 75 il əvvələ dayanan İsrail işğalı, bu günə qədər 28 may 1964-cü ildə yaradılmış və sülhə hazır olduğunu bildirən Yasir Ərəfatın rəhbərlik etdiyi Fələstin Azadlıq Təşkilatı ilə sülh əldə olunmamasıdır. Daha doğrusu, Fələstin Azadlıq Təşkilatının əsasında Birləşmiş Millətlər Təşkilatının müşahidəçi üzvü kimi tanınan Fələstin Muxtariyyəti yaradılıb.

Prezident Əbdülfəttah Əs-Sisi Misirin mövqeyinin aşağıdakı kimi olduğunu vurğulayıb:

- Qəzza zolağında məhdudiyyətlər və şərtlər olmadan dərhal və davamlı atəşkəs.

- Fələstinlilərin öz torpaqlarından kənara hər hansı bir yerə məcburi köçürülməsini hədəf alan bütün hərəkətlərin dayandırılması.

- Beynəlxalq ictimaiyyətin Fələstin xalqının günahsız mülki əhalisinin təhlükəsizliyini təmin etmək üçün üzərinə düşən məsuliyyəti yerinə yetirməsi.

- Humanitar yardımların təhlükəsiz, sürətli və davamlı çıxışının, keçidinin təmin edilməsi və İsrailin işğalçı qüvvə kimi beynəlxalq miqyasda məsuliyyət daşıması.

- İki dövlətli həll və 4 iyun 1967-ci il sərhədlərində paytaxtı Şərqi Qüds olmaqla müstəqil Fələstin dövlətinin yaradılmasına əsaslanan, münaqişənin həlli formuluna nail olmaq.

- Beynəlxalq hüquqa zidd olan bütün pozuntularla bağlı beynəlxalq araşdırma aparılması.

- Bu gərginliyin Misir üçün kritikliyini, yəni real təhlükəsini necə qiymətləndirirsiniz?

- Misir öz milli təhlükəsizliyinə təhlükə yaradan hər hansı mənbəni rədd edir. İsrail Misirə təhlükə yaratmağa çalışmamalıdır. İsrail hücumlarını genişləndirəcəyi təqdirdə, regionu real təhlükə altında qoya, bu da münaqişənin regional səviyyəyə qədər genişlənməsinə səbəb ola bilər. Bu səbəbdən biz İsraili dəstəkləyənləri ona təzyiq göstərməyə çağırırıq ki, nifrətə səbəb olan işğalçı əməllərini dayandırsın.

- Misirdə israilli turistlərə hücum məsələsinə diqqət çəkmək istərdim. Bu fakt Misirin turizm sektoruna çox ciddi təsir edə bilər. Yəni, bu müharibənin iqtisadi təsirləri də görməzdən gəlmək mümkün deyil. Bütün bu neqativ faktorların ölkəyə təsirlərinin azaltmaq üçün Misirin hansısa planı var?

- Bu, fərdi hadisədir və araşdırılır, lakin turizm yaxşı səviyyədə davam edir və Misirdə turizm yalnız bir ərazidə deyil. Şarm Əl-Şeyx turistləri qəbul edən istiqamətlərdən biri olaraq qalır. Ola bilər, baş verənlər turizm sahəsinə də təsirsiz ötüşməsin.

- KİV-də belə məlumat yayılmışdı ki, Misir kəşfiyyatı Qəzza zolağında hərbi gərginliyin artacağı və HAMAS-ın genişmiqyaslı əməliyyat hazırlaması ilə bağlı İsrail tərəfinə xəbərdarlıq edib. İsrailin kəşfiyyat orqanları isə bu xəbərdarlığa ciddi reaksiya verməyib. Qəzza zolağında hərbi gərginliyin artacağı ilə bağlı Misir tərəfdə həqiqətən də hər hansı bir məlumat olub?

- Onu deyə bilərəm ki, İsrail Baş naziri Benyamin Netanyahunun Ofisi bu məlumatı təkzib edib və hesab edirəm ki, bu cavab kifayətdir.

- BMT də daxil olmaqla digər beynəlxalq təşkilatlar, əksər ölkələr iki dövlətli həllin vacibliyini vurğulayır, tərəfləri dialoqa, sülh yolu ilə həllə çağırır. Bəs, niyə bu iki dövlətli həll planı reallaşmır?

- Sualı belə qoyaq: işğalçı kimdir? Cavab: İsraildir! Digər tərəf isə fələstinlilərdir və onların qanuni təmsilçisi və yaxud bütün fələstinliləri əhatə edən çətir isə Fələstin Azadıq Təşkilatıdır.

Əgər İsrail tərəfi həll yoluna getməyə hazırdırsa, niyə də olmasın? Müharibə cinayətlərinə bərabər olan silahlı təcavüzün qarşısını almaq üçün danışıqlar dərhal başlaya bilər.

Gəlin mülki insanları - körpələri, uşaqları, qadınları və qocaları gündəlik bombardmanlardan və ölümlərdən qoruyaq.

Sualımı dünyadakı istənilən valideynə yönləndirirəm: xəstəxanalarda elektrik enerjisinin qəsdən kəsilməsi səbəbindən körpə uşağınızın küvəzdə öldürülməsini qəbul edərdiniz?!

Məscidlərin, xəstəxanaların və evlərin dağıdılması və bombalanması, UNRWA məktəblərinin vurulması, su və elektrik enerjisinin kəsilməsi, ərzaq təchizatının məhdudlaşdırılması İsrailə öz təhlükəsizliyini müdafiə etmək hüququ verirmi?

50 gündən artıqdır ki, 5500-ü uşaqlar olmaqla, təxminən 14 minə yaxın fələstinlinin qurbanı olduğu, öldürüldüyü münaqişə davam edir. Digərləri isə dağıntılar altında qalıb. Bu rəqəmin il yarım ərzindəki Rusiya-Ukrayna müharibəsinin qurbanlarının sayına bərabər olduğunu bilirsiniz?

Buna görə də, qəsdən öldürmə - fələstinliləri öz torpaqlarından zorla köçürmək vasitəsidir və İsrailin etdikləri beynəlxalq hüquq və beynəlxalq humanitar hüquqa ziddir. O, bu şəraitdə 1949-cu il Dördüncü Cenevrə Konvensiyasının müddəalarını açıq şəkildə pozur. Bu da ikili standartları əks etdirir.

- Son sualım: Misirin HAMAS-a münasibəti necədir?

- Misir vəziyyəti xilas etmək və aralarındakı silahlı qarşıdurmaları azaltmaq üçün dəfələrlə həm HAMAS, həm də İsraillə iş aparıb. Ona görə də bizim regiondakı tərəflərlə xalqların və ölkələrin təhlükəsizliyinin qorunmasına yönəlmiş əlaqələrimiz var və ümid edirik ki, məsuliyyət daşıyanlar mövcud münaqişəni dayandırmağa çalışacaqlar.

Foto - İlkin Nəbiyev ©️ APA GROUP

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR