Soltan Məmmədov: ABŞ-da bir neçə konqresmen və senatorun müraciəti Azərbaycana qarşı qərəzli münasibəti ifadə edir

Soltan Məmmədov: ABŞ-da bir neçə konqresmen və senatorun müraciəti Azərbaycana qarşı qərəzli münasibəti ifadə edir
# 06 dekabr 2023 22:03 (UTC +04:00)

Azərbaycan bu gün Cənubi Qafqazda sülhün, sabitliyin təmin olunması üçün ən ciddi səylər göstərən və Ermənistanla münasibətlərin normallaşması üçün fəal təşəbbüslərlə çıxış edən ölkədir. Lakin regiondan uzaq ölkələrin bu bölgədə yaşayan xalqların taleyi ilə bağlı qərar vermək iddiası ümumilikdə sülh prosesini ləngidir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Deputat bildirib ki, ABŞ Konqresinin bir qrup üzvünün Konqres rəhbərliyinə reallıqları təhrif edən iddialarla dolu müraciəti əslində sülhün əldə olunması üçün yaranmış unikal imkanları şübhə altına salmağa hesablanıb.

Soltan Məmmədov vurğulayıb ki, Ermənistan tərəfinin Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxladığı 30 ilə yaxın müddətdə ABŞ digər bir çox qlobal və regional oyunçular kimi beynəlxalq hüququn kobud şəkildə pozulmasına gözlənilən reaksiyanı verməyib: “ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi Ermənistanın təcavüzkar siyasətinin davam etdiyi müddətdə heç bir ciddi, qəti addım atmadı. Üstəlik, 1992-ci ildə, münaqişənin ən gərgin dövründə Azərbaycana birbaşa dövlət yardımını qadağan edən 907-ci düzəliş qəbul etdi. Bu, əslində Vaşinqtonun beynəlxalq hüquqa, ədalətə münasibətinin ən bariz nümunələrindən biridir. Təəssüf ki, biz bu siyasətin, ikili standartların bu gün də davam etdirildiyini görürük”.

Deputat qeyd edib ki, bir neçə konqresmen və senatorun imzaladığı müraciətin məzmunu Azərbaycana qarşı qərəzli münasibəti ifadə edir: “Azərbaycan hər zaman regionda sülhün möhkəmlənməsinə və əməkdaşlığın inkişafına çalışıb, bəzi dövlətlərdən fərqli olaraq tərəfdaşları ilə münasibətdə ikili siyasət yürütməyib. Azərbaycanı hər hansı başqa ölkənin suverenliyinə və ərazi bütövlüyünə təhlükə yaratmaqda ittiham etmək üçün heç bir əsası olmayan Konqres üzvləri mücərrəd və məntiqsiz mülahizələr irəli sürürlər. Bizim ölkəmiz ən yüksək səviyyədə dəfələrlə bəyan edib ki, regionda yeni münaqişənin yaranmasını istəmir. Bütün imkanlarını sülhün əldə olunmasına yönəldib. Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq öz ərazi bütövlüyünü və suverenliyini təmin edib. Biz Cənubi Qafqazın tarixində yeni bir səhifənin açılmasını istəyirik. Hesab edirik ki, beynəlxalq birlik, o cümlədən qlobal güclər bu prosesin sürətlənməsinə dəstək verməyə çalışmalıdır. Bu, yalnız bölgə xalqlarının maraqlarına deyil, ümumilikdə öz tarixinin ən mürəkkəb mərhələlərindən birini yaşayan beynəlxalq ictimaiyyətin, dünya birliyinin mənafelərinə xidmət edərdi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR