Şöhrəti qürub edən “The Washington Post” Azərbaycana qarşı niyə qərəzlidir? - TƏHLİL

Şöhrəti qürub edən “The Washington Post” Azərbaycana qarşı niyə qərəzlidir? - TƏHLİL
# 03 dekabr 2023 19:32 (UTC +04:00)

ABŞ-ın “The Washington Post” qəzeti növbəti dəfə Azərbaycana qarşı sərt ittihamlarla dolu redaksiya məqaləsi dərc edib. Qəzet guya Azərbaycanda söz azadlığının olmadığını, korrupsiya hallarının geniş vüsət aldığını iddia edib və ölkədə siyasi motivli həbslərin baş verməsi barədə redaksiya məqaləsi dərc edib.

Burada fakt ondan ibarətdir ki, ABŞ-dakı bəzi dairələr Azərbaycanda qurduqları, maliyyələşdirdikləri, dövlətə və xalqa qarşı istifadə etdikləri şəbəkənin, onun bariz nümunəsi olan media qurumlarının ifşa olunmasından və əl qolunun bağlanmasından narahatdırlar.

Ümumiyyətlə, “The Washington Post” qəzeti bundan əvvəl də Azərbaycana qarşı ittiham dolu məqalələri ilə tanınıb. Təkcə, 2023-cü ildə qəzetdə Azərbaycanda söz azadlığı, korrupsiya, Ermənistanla münasibətlərə dair 5 məqalə dərc edib və onlardan 3-cü redaksiya məqaləsi olub. Xüsusən, Azərbaycanın ərazi bütövlüyün tam bərpa etməsi yolunda atdığı addımlar, antiterror tədbirləri və s. bu məqalələrin əsas qayəsini təşkil edib.

Bu məqamda onu vurğulamaq lazımdır ki, qəzet bundan əvvəlki illərdə də Azərbaycana qarşı əsas qərəz və ittiham dolu yazıları ilə diqqət çəkib. Özünü obyektivlik simvolu hesab edən qəzetin keçmişinə və hazırkı durumuna baxdıqda isə onun heç azad söz və demokratiya carçısı olmadığını, ABŞ-da müəyyən siyasi və maliyyə dairələrinin əlində vasitə olduğunu görmək olar.

İlk olaraq, “The Washington Post” barədə onu demək olar ki, qəzet Demokratlar Partiyasına yaxınlığı ilə seçilir. Yarandığı 1877-ci ildən bəri ortabab sayılan qəzetin XX əsrin 60-cı illərində nüfuzlu KİV sırasına daxil olması da məhz bu amillərlə əlaqəlidir. Sirr deyil ki, 1965-ci ildə baş redaktor seçilən Bencamin Bredli Demokratlar Partiyasından Prezident olan Con Kennedi ilə yaxın dost olub və bu dövrdən yüksəlişə qədəm qoyub. Bundan başqa, qəzetin 2 əməkdaşı 1974-cü ildə respublikaçı prezident Riçard Niksonun istefası ilə nəticələnən araşdırmanın da əsas icraçısı olub.

26 il qəzetə baş redaktorluq edən Bencamin Bredli, ümumiyyətlə, maraqlı simadır. Onun 1950-ci illərdə Mərkəzi Kəşfiyyat İdarəsinin agenti olduğu və ABŞ-ın Fransadakı səfirliyində çalışarkən bu qurum üçün kəşfiyyat məlumatları topladığı məlumdur. Görünür ki, müəyyən dairələr qəzetin yüksəlişində və ictimai rəyi öz istəklərinə və maraqlarına uyğun şəkildə formalaşdırmaq üçün istifadə etməkdə maraqlı olublar.

O zamanda bəri “The Washington Post” qəzeti Demokratlar Partiyasının sol qanadının əsas media ruporu sayılır. Bu qanada daxil olan siyasətçilər, nüfuzlu maliyyə mərkəzləri və hərbi simalar ABŞ-ın yox, öz qruplarının yaxud şəxsi maraqlarının naminə istər ABŞ daxilində, istərsə də dünyanın fərqli ölkələrindəki siyasətçiləri və hökumətləri hədəfə alırlar.

Bu baxımdan, “The Washington Post” qəzeti də sponsorlarının tapşırığı ilə müntəzəm əsasda Azərbaycanı hədəfə alır, ölkəmiz haqda mənfi imic formalaşdırır, öz beynəlxalq hüquqla tanınan ərazilərini bərpa etmiş Azərbaycanı militarist ölkə kimi təqdim edir, Qarabağı isə uzun illər öz redaksiya məqalələrində “mübahisəli ərazi” kimi təqdim edirdi.

Bu gün isə ABŞ Qarabağı azad edən Prezident İlham Əliyevin müstəqil siyasətini həzm edə bilmir və ona qarşı belə çirkin kampaniyalar təşkil edir.

Lakin diqqətdən qaçmamalıdır ki, bu, təkcə Prezident İlham Əliyevə deyil, ümumilikdə Azərbaycan xalqına və dövlətinə qarşı hörmətsizlik, təhqirdir...

Bu işdə sözügedən qəzetin erməni əsilli kolumnisti, Azərbaycana qarşı xüsusi qərəzi və böhtanları ilə seçilən Devid İqnatiusun da müəyyən rolu var. Sirr deyil ki, xarici siyasət mövzusunda yazıları ilə ABŞ cəmiyyətində rəy formalaşdıran jurnalist Qarabağ məsələsi və “erməni soyqırımı” məsələsinə görə tez-tez Azərbaycanı və Türkiyəni hədəfə alır. Amma nəzərə almaq lazımdır ki, o, bu prosesdə önəmli fiqur deyil, sadəcə vasitədir və qəzetin redaksiya siyasətini pərdə arxasında olan şəxslər və qurumlar müəyyən edir.

Məhz bu qərəzli və merkantil maraqlara əsaslanan siyasət qəzetin dəfələrlə qeyri-obyektivlikdə, böhran və yalan yaymaqda, “fake news” istehsalçısına çevrilməsi ilə bağlı ittihamlara səbəb olub.

Dəfələrlə “The Washington Post” qəzeti ciddi tənqidlərlə və qərəzli, sifarişli məqalələri ilə gündəmə gəlmişdi. Məsələn, hər kəsə məlumdur ki, qəzetin himayədarı olan dairələr ABŞ-ın eks-prezidenti, qarşıdan gələn seçkilərdə Respublikaçılar Partiyasından ən şanslı namizəd olan Donald Trampa qarşı düşmən mövqedədirlər. Buna görə də, qəzetin səhifələrində Donald Trampın siyasi və biznes fəaliyyəti, şəxsi həyatı barədə tez-tez tənqidi, bəzən isə ittiham və konfidensial məlumatlarla zəngin məqalələr çıxır.

Ona ötürülən gizli və qanunsuz yolla əldə edilmiş məlumatlar əsasında qəzet Trampın neqativ imicini formalaşdırmağa, onun “Rusiyanın adamı” olduğuna oxucularını inandırmağa çalışıb. 2020-ci ilin martında Donald Trampın seçki qərargahı böhtan və reallığa uyğun olmayan informasiyalar yaydığı üçün qəzeti məhkəməyə vermişdi.

Amma Trampla qəzet arasında gərginlik bununla bitməmişdi.

Bu ilin yanvarında ABŞ-ın keçmiş prezidenti Donald Tramp “The Washington Post”un jurnalisti Bob Vudvordu siyasətçinin razılığı olmadan müsahibə yazılarının olduğu audiokitabı dərc etdiyinə görə məhkəməyə vermişdi.

İddia ərizəsində bildirilir ki, Tramp Vudvordu dəfələrlə xəbərdar edib ki, o, məlumatları yalnız gələcəkdə çap olunacaq kitab üçün verir. Siyasətçi bildirib ki, jurnalist onun xəbəri olmadan audio yazıları yayımlayıb ki, bu da “müəllif hüquqlarını pozur”.

2020-ci il iyulun 24-də isə “The Washington Post” daha bir qeyri-obyektiv məqaləsi ilə bağlı üzləşdiyi məhkəmə iddiasını yoluna qoyur. Belə ki, qəzet Kentukki ştatından olan məktəbli Nikolas Sandmanı şagirdlərin iştirak etdiyi etiraz aksiyası zamanı hindu əsilli digər məktəbli Neytan Filipsə qarşı irqçilik zəmnində aqressiya göstərməkdə ittiham etmişdi və onun fotosunu qəzet səhifəsində vermişdi.

Haqsız yerə ittiham olunduğunu bildirən məktəblinin valideynləri məqalə dərc edildikdən sonra nəşrə qarşı 250 milyon dollarlıq iddia qaldırmışdı. Qəzet işi məhkəmə işlərindən kənar qaydada həll etməyə müvəffəq olsa da, iddiadan geri çəkilməsi üçün Nikolas Sandmanın ailəsinə ciddi maliyyə kompensasiyasının ödənildiyi bildirilirdi.

Göründüyü kimi jurnalist peşəsinə yaraşmayan qeyri-peşəkarlıq, qərəz və tələskənlik “The Washington Post”u dəfələrlə xoşagəlməz situasiyalara salıb və reputasiyasına ciddi zərbələr vurub.

Təsadüfi deyil ki, oxucu auditoriyasının azalması səbəbi ilə “The Washington Post” qəzeti 2023-cü ili 100 milyon dollar zərərlə başa vuracaq. Reuters-in məlumatına görə, qəzet 10%-ə qədər əməkdaşını da ixtisar etməyi planlaşdırır.

Bundan əvvəl də qəzet əməkdaşları arasında ciddi ixtisarlara getmişdi. Məsələn, 2009-cu ildə “Washington Post” 230 əməkdaşını işdən azad etmişdi.

Ciddi maliyyə sıxıntıları və auditoriya itkisi ilə üzləşən qəzetin çap versiyası ümumiyyətlə ciddi düşüş yaşayır. Onlayn reklam gəlirləri belə qəzetin nüsxələrinin satış sayının ciddi şəkildə azalmasını kompensasiya edə bilmir. Düzdür, özəl şirkət olduğu üçün onun maliyyə göstəriciləri açıqlanmır, amma qəzetin daha çox rəqəmsal nəşrə çevrildiyini, oxucularının 70%-nin mobil telefonlarla ona giriş etdiyini nəzərə alsaq, onun onlayn platformaya çevrildiyini, çap nüsxələrinin satışı ilə bağlı strategiyasının iflasa uğradığını demək olar.

Ümumilikdə isə, yanlış redaksiya siyasəti, ABŞ-ın nüfuzlu siyasi və maliyyə mərkəzlərindən birinə xidmət qəzetin beynəlxalq nüfuzunun zədələnməsinə və sadə amerikalıların ona inamına ciddi zərbə vurub.

Qəzet bu gün SSRİ dövründə "Komsomolskaya pravda", "Pravda" və digər bu kimi nəşrlərin ənənəsini daha eybəcər şəkildə nümayiş etdirir. Bu isə azad media deyil, sifarişlə müxtəlif ölkələrə, xalqlara, ictimai-siyasi xadimlərə, iş adamlarına çirkab atan, divar kağızı ənənəsini yaşadan təxribat mexanizmidir.

APA Analytics

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR