Varşavada Azərbaycanşünaslıq Mərkəzinin 5 illiyi qeyd olunub - FOTO

Varşavada Azərbaycanşünaslıq Mərkəzinin 5 illiyi qeyd olunub - FOTO
# 29 noyabr 2023 21:08 (UTC +04:00)

Varşava Universitetinin Şərqşünaslıq fakültəsinin nəzdində fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzinin 5 illiyi qeyd olunmuşdur.

APA xəbər verir ki. bu barədə Azərbaycanın Polşadakı Səfirliyi məlumat yayıb.

Tədbirdə səfir Nərgiz Qurbanova, Varşava Universitetinin şərqşünaslıq fakültəsinin dekanı Piotr Taraxa, Mərkəzi Asiya xalqları və türkologiya kafedrasının rəhbəri Aqata Bareya-Stajinska, Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin nümayəndəsi Yusif Vəzirov, eləcə də Varşava Universitetinin müəllim və tələbə heyəti, bu ölkədə fəaliyyət göstərən digər ali təhsil müəssisələrinin təmsilçiləri, Polşada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, o cümlədən Azərbaycan diasporunun nümayəndələri iştirak etmişlər.

Tədbirdə çıxış edən səfir N.Qurbanova 2023-cü ilin Azərbaycan tarixində və mədəniyyətində bir sıra yubileylər baxımından əlamətdar olduğunu qeyd edərək bu xüsusda Azərbaycanşünaslıq Mərkəzinin yaradılmasının 5 illiyini xüsusi vurğulamışdır.

O, Mərkəzin əsas missiyasının Azərbaycan dilinin, eləcə də Azərbaycanın qədim tarixinin və zəngin mədəni irsinin təbliği olduğunu bildirmiş, onun həmçinin Azərbaycan və Polşanın elmi tədqiqat dairələri arasında akademik əlaqələrin genişləndirilməsinə xidmət etdiyini söyləmişdir. Səfir Mərkəzin bu istiqamətdə aktiv fəaliyyətinin Azərbaycan ilə Polşa arasında mədəni əlaqələrin daha da inkişafına töhfə verdiyini xüsusi məmnunluqla qeyd etmişdir.

N.Qurbanova eyni zamanda Azərbaycanın aparıcı ali təhsil ocaqlarından biri və Cənubi Qafqazın slavyan dillərinin tədrisi sahəsində ən böyük təhsil müəssisəsi olan Bakı Slavyan Universitetində 2006-cı ildən etibarən fəaliyyət göstərən Polyak Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyətini xatırlamışdır.

Səfir Mərkəzin məqsədinin Azərbaycan və Polşa arasında mədəni əməkdaşlığın genişləndirilməsinə, gənclərin hər iki ölkənin mədəniyyətinə, tarixinə marağını artırılmasına, universitetdə polyakşünaslığın təkmilləşdirilməsinə töhfə vermək olduğunu söyləmişdir.

Səfir Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyətinin prioritet istiqamətlərindən birinin Azərbaycanın qədim tarixinin təbliği olduğunu qeyd edərək ölkəmizin tarix boyu müxtəlif mərhələlərdən keçərək 1991-ci ildə öz müstəqilliyinə qovuşması barədə məlumat vermişdir. Bu dövrlərin hər birinin parlaq tarixi şəxsiyyətlərlə yadda qaldığını əlavə edən N.Qurbanova Azərbaycan tarixinin parlaq simalarından birinin bu il yüz illik yubileyini qürurla qeyd etdiyimiz XX əsrin görkəmli dövlət xadimlərindən biri, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev olduğunu diqqətə çatdırmışdır.

O bildirmişdir ki, Heydər Əliyev ömrünü xalqının inkişafına, tərəqqisinə həsr etmişdir. Onun rəhbərliyi ilə ölkəmiz böyük tərəqqiyə nail olmuş, onun qeyri-adi nailiyyətləri və töhfələri xalqımızın tarixində silinməz iz qoymuşdur. Bu baxımdan N.Qurbanova 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev ili” elan edilməsinin təsadüfi olmadığını qeyd etmişdir.

Daha sonra Mərkəzə Ümummilli Liderin irsindən bəhs edən kitablar hədiyyə edilmiş və İctimai Televiziya və “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin birgə istehsalı olan sənədli film nümayiş olunmuşdur.

Tədbirdə həmçinin Varşava Universitetində şərqşünaslıq fakültəsinin dekanı P.Taraxa, Mərkəzi Asiya xalqları və türkologiya kafedrasının rəhbəri A.Bareya-Stajinska, Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin nümayəndəsi Y.Vəzirov çıxış edərək Mərkəzin fəaliyyətindən bəhs etmiş, ona gələcək fəaliyyətində uğurlar arzu etmişlər.

Yubiley tədbirində həmçinin Polşanın ən qədim ali təhsil müəssisəsi olan Yaqellon Universitetinin professoru Qrajina Zayonts “Mənim Azərbaycan və Azərbaycan ədəbiyyatı ilə görüşlərim”, Poznan Kommunikasiya və İdarəçilik Universitetinin nümayəndəsi Mariuş Maşevski “Azərbaycanla bağlı müasir Polşa tədqiqatlarının başlanğıcı”, Hərbi Texnologiya Universitetinin əməkdaşı Pavel Stavaj “Azərbaycanın enerji siyasəti beynəlxalq münasibətlərdə güclü mövqeyin qurulmasının əsas elementlərindən biri kimi”, Varşava Universitetinin əməkdaşı Aneta Stjemjalska “Azərbaycanın musiqi mədəniyyətinin beşiyi Şuşa” mövzusunda məruzələrlə çıxış etmişlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR