ATƏT-in Vyanada yerləşən katibliyindən APA TV-yə verilən məlumatda belə deyilir.
Rəsmi Bakının bu məsələ ilə bağlı təşəbbüsünə münasibət bildirən katiblik sözçüsü Frane Maroevic bunun sırf ATƏT-ə üzv ölkələr üçün verilmiş qərar olduğunu vurğulayıb. Belə ki, ATƏT-in yerlərdəki fəaliyyəti həmin ölkə ilə razılaşdırılır və 57 üzv ölkənin birgə qərarı əsasında həyata keçirilir. F. Maroeviçin sözlərinə görə, ATƏT-in baş katibi Lamberto Zannyer bu yaxınlarda Azərbaycanda keçirdiyi səmərəli görüşlərdən sonra ATƏT-in Azərbaycanla əməkdaşlığının bundan sonra da davam edəcəyinə əmin olduğunu deyib.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev APA-ya açıqlamasında bildirib ki, Azərbaycan tərəfi ATƏT-in Bakı ofisinin statusunun layihə-koordinatorluğu səviyyəsinə endirilməsini istəyir. O deyib ki, bu məsələ ilə bağlı quruma rəsmi məktub göndərilib: “Buna səbəb ATƏT-in Bakı ofisi ilə bağlı Azərbaycan tərəfinin suallarının olmasıdır. Bizim mövqeyimiz konkret və aydındır. ATƏT-in Bakı ofisinin ümumi fəaliyyəti ilə bağlı suallarımız var və təşkilatın üzvü kimi ATƏT-in Bakı ofisinin statusunun dəyişdirilməsi üçün müraciət etmək hüququna malikik. Təşkilata bununla bağlı məktub göndərilib. Prosedurlara əsasən məktub bütün üzv-dövlətlər arasında yayılır. Amma bu, heç də o demək deyil ki, Azərbaycan ATƏT-lə əlaqələri dayandırmaq və ya dondurmaq niyyətindədir. Burda qeyri-adi heç nə yoxdur, hər şey ATƏT-in prinsip və normaları çərçivəsində edilir”.
ATƏT katibliyindən təsdiq edilib ki, qurum və üzv ölkələr Azərbaycan Xarici İşlər Nazirliyindən ATƏT-in Bakı ofisinin mandatı ilə əlaqədar məktub alıb: “Bu məsələ diqqətdə saxlanılır və bütün üzv ölkələrlə müzakirə edilir”.
Vyana ofisindən daxil olan məlumatda həmçinin qeyd edilir ki, ATƏT-in Bakı ofisi Azərbaycanda 2000-ci ildən fəaliyyət göstərir və ölkə ilə birgə aparılan işlər ölkənin islahat təşəbbüslərinə mühüm töhfə verib.
Qeyd edək ki, ATƏT-in Bakı ofisinin bu ilki mandatı 2012-ci ilin noyabr ayında yenilənib.