Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Ankarda baş vermiş terror aktı nəticəsində həlak olanlarla bağlı Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana başsağlığı verib.
APA-nın xəbərinə görə, başsağlı mətnində qeyd olunub: “Hörmətli cənab Prezident! Əziz Qardaşım! Ankara şəhərində törədilmiş terror aktı nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi olduqca kədərləndirdi.
Biz bəşəriyyət üçün dəhşətli bəlaya çevrilmiş terrorizmi qətiyyətlə pisləyir, ona qarşı mübarizəni hər cür dəstəkləyirik. Bu amansız hadisə terrorizmə qarşı hamılıqla mübarizənin zəruriliyini bir daha təsdiq edir.
Baş vermiş faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.