Tehran. Süleyman Fərzəliyev-APA Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə bu gün İranın Ərdəbil əyalətinin başçısı Məcid Xudabəxşlə görüşüb.
APA-nın İran bürosunun məlumatına görə, görüşdə baş konsul Ə. Əlizadə bildirib ki, Azərbaycan İranla əlaqələri inkişaf etdirməkdə maraqlıdır və hər iki ölkənin rəhbərlərinin iradəsi əlaqələrin daha da inkişaf etdirilməsinə imkan verir.
Ə. Əlizadə deyib ki, Azərbaycan sərhəd bölgələri ilə İranın eyni əyalətləri, xüsusi ilə Ərdəbillə iqtisadi və mədəni əlaqələrin inkişafında bütün imkanlardan istifadə etməkdə maraqlıdır.
Ərdəbil əyalətinin başçısı M. Xudabəxş deyib ki, İran və Azərbaycan arasında əlaqələrin inkişafında iki ölkə prezidentinin görüşündən sonra dönüş nöqtəsi yaranıb.
O bildirib ki, fevral ayında Ərdəbil əyalətindən iqtisadi nümayəndə heyəti Azərbaycana səfər edəcək.
M. Xudabəxş deyib ki, hökumət Ərdəbildə Azad Ticarət zonası yaratmağa qərar verib:“Bu zona Azərbaycan sərhədinə yaxın 40 min hektar ərazidə, o cümlədən Parsabad, Biləsuvar və Germi şəhərlərini əhatə edəcək. Bu zonanın yaradılması Azərbaycanla iqtisadi əlaqələrin inkişafına təkan verəcək”.
Onun sözlərinə görə, hazırda Ərdəbil əyalətində 60 min hektar ərazidə gül əkilməsi üçün sərmayə yatırılıb. “Hazırda 20 min hektar ərazidə gül və tərəvəz əkilməsi və Rusiyaya ixracı üçün əkin sahəsi fəaliyyət göstərir”.