Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclis sədrinin müavini, Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Bahar Muradova Bakıda səfərdə olan İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Parlamentdən APA-ya verilən məlumata görə, B. Muradova görüşdə bildirib ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dünya dövlətləri, o cümlədən İsveçrə ilə gözəl münasibətlər yaradıb.
Hər iki ölkənin ali qanunverici orqanlar arasındakı mövcud əlaqələrin inkişafında dostluq qruplarının xüsusi rolu olduğunu deyən B. Muradova Milli Məclisdə İsveçrə ilə dostluq qrupunu 21 deputatın təmsil etdiyini, bunun parlamentdə ikinci böyük qrup olduğunu vurğulayıb.
B. Muradova deyib ki, yəhudilər Azərbaycanda köklü xalqların nümayəndələri kimi bütün hüquqlardan, imkanlardan tam formada istifadə edirlər: “Keçmiş postsovet məkanında Azərbaycan yeganə məkandır ki, burada etnik mənsubiyyətə görə heç bir xalqın nümayəndəsi təzyiqə məruz qalmayıb”.
Qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumu barədə məlumat verən vitse-spiker ölkəmizin münaqişənin sülh yolu ilə, ədalətli həllinə tərəfdar olduğunu diqqətə çatdırıb.
H. Vinter isə iki ölkə arasındakı münasibətlərdən məmnunluğunu ifadə edərək, multikulturalizm modelinin həyata keçirilməsi sahəsində Azərbaycanın təcrübəsindən yararlanmaq istədiklərini qeyd edib. Qonaq ölkəmizdə yəhudi icmasının nümayəndələrinə olan münasibətə görə minnətdarlığını bildirib, müxtəlif mədəniyyətlərin, etnik və dini qrupların dinc yanaşı yaşama məsələləri ilə yaxından tanış olmaq üçün bu səfərin yaxşı bir fürsət olduğunu bildirib.
Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov isə Azərbaycanda yəhudilərə göstərilən diqqət və hörmətdən danışıb. O bildirib ki, Azərbaycanda dövlət tərəfindən yəhudilərə burada öz dillərində təhsil almaq, öz mədəniyyətlərini sərgiləmək üçün hər cür şərait yaradılıb: “Ölkədə 6 yəhudi icması, 10-a yaxın sinaqoq fəaliyyət göstərir. Ermənistanda isə nə bir sinaqoq var, nə bir yəhudi qalıb”.