Bakı. Rəşad Süleymanov – APA. Rusiya Federasiyası İctimai Palatasının nümayəndə heyəti Bakıya səfərə gəlib. Bu barədə APA-ya Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından məlumat verilib.
Rusiya İctimai Palatası katibinin birinci müavini Mixail Ostrovskinin rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev qəbul edib. Görüşdə Rusiya-Azərbaycan dostluğu və qarşılıqlı əməkdaşlığın indiki səviyyəsindən məmnunluq ifadə olunub, iki ölkənin vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin genişləndirilməsi məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Səfər proqramı çərçivəsində martın 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Rusiya Federasiyasının İctimai Palatası arasında “Birgə Fəaliyyət və Əməkdaşlıq haqqında Memorandum”un imzalanması nəzərdə tutulur. Həmin gün Rusiya-Azərbaycan-Türkiyə QHT-lərinin üçtərəfli formatda forumunun keçirilməsi planlaşdırılır.