Strasburq qəzetində Xocalı soyqırımına dair məqalə dərc edilib

Strasburq qəzetində Xocalı soyqırımına dair məqalə dərc edilib
# 17 fevral 2016 04:58 (UTC +04:00)

Bakı-APA. Fransanın Strasburq şəhərində nəşr olunan “Dernières Nouvelles d'Alsace” qəzetində yerli “l’Odyssée” kinoteatrında müstəqil litvalı rejissor Andreas Brokasın “Sonsuz dəhliz” (“Endless Corridor”) sənədli filminin nümayiş etdiriləcəyi barədə məlumat xarakterli məqalə dərc olunub.

APA-nın məlumatına görə, filmin nümayişi Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində təşkil edilib. Məqalədə bildirilir ki, 1992-ci ildə törədilmiş Xocalı qırğını bu film vasitəsilə anılacaq.

Müəllif Jurgen Thöne yazır ki, tanınmış fransız bəstəkarı Pyer Tilloyun bəstələdiyi “Xocalı 613” adlı musiqi əsərinin təsiri altında biz bu faciənin törətdiyi ağrını hiss edəcəyik.

Qeyd edilir ki, Qərbi avropalıların əksəriyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı, 1992-ci il fevralın 26-da törədilən bu qırğın barədə daha müfəssəl məlumat almaq üçün internetdə axtarış aparmağa ehtiyac duyacaqlar. “Xocalı 613” kişi, qadın və uşaqlardan ibarət 613 azərbaycanlının qətliamı kimi ifadə olunur. “Tarixin bu səhifəsi ilə mən Azərbaycanın paytaxtı Bakıya ikinci səfərim zamanı, ölkənin zəngin musiqisi və ədəbiyyatını kəşf edərkən tanış olmuşam. Xaricilərə həmişə qonaqpərvərlik göstərən azərbaycanlılar bu kədərli xatirəni mənimlə müəyyən vaxtdan sonra bölüşdülər. Daha sonra mənim dostlarımdan biri, azərbaycanlı skripkaçı Xocalı qurbanlarının xatirəsinə musiqi bəstələmək istəyimin olub-olmadığını soruşdu. Belə bir istək yalnız musiqiçidən gələ bilərdi. Sözlərdən fərqli olaraq, musiqi heç kəsi yaralamadan daha dərin təsir edir. Çünki o sözlə deyilməsi mümkün olmayanı ifadə edir. Bu hətta müharibə ilə maraqlanmayan qərbi avropalılara toxuna bilər”, - deyə bəstəkar Pyer Tilloy jurnalistlə söhbət edərkən bildirib.

Məqalədə deyilir: “Bu incəsənət layihəsi dünyaya belə gəldi. Lakin tezliklə Pyer belə bir əsər yazmağın nə qədər çətin olduğunu dərk etdi. Pyer hesab edir ki, bəstələdiyi musiqi əsəri gözəl olmadan öncə, azərbaycanlılar və digərlərində səmimi hisslər yaratmalı idi. Burada əsas məsələ kimin nə törətdiyi deyil, xilas olanların çəkdiyi əzabı anlamaq idi”.

Qəzet yazır ki, “Xocalı 613” əsəri 3 versiyada mövcuddur. Əsər A.Brokasın rejissoru olduğu “Sonsuz dəhliz” sənədli filminin nümayişindən sonra solo skripka və klarnetin daxil olduğu “Pandora String” kvarteti tərəfindən ifa olunacaq.

Filmin nümayişində rejissor A.Brokas və Pyer Tiloy iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR