Rəna Səfərəliyeva: “Azərbaycan hökumətinin korrupsiyaya qarşı mübarizədə ortaya qoyduğu siyasi iradə gələcək barədə optimist düşünməyə imkan verir” - MÜSAHİBƏ

rena sefereliyeva azerbaycan hokumetinin korrupsiyaya qarsi mubarizede ortaya qoydugu siyasi irade gelecek barede optimist dusunmeye imkan verir musahibe
Bakı – APA. “Transparency İnternational” təşkilatının Azərbaycan milli bölməsinin icraçı direktoru Rəna Səfərəliyeva təşkilatın açıqladığı 2011-ci il üçün Korrupsiyanı Qavrama İndeksi ilə bağlı fikrilərini açıqlayıb.
APA R. Səfərəliyevanın müsahibəni təqdim edir.

- Dünən “Transparency İnternational” Təşkilatı 2011-ci il üçün Korrupsiyanı Qavrama İndeksini açıqlayıb. Azərbaycan da bu İndeksdə yer tutub? Bununla əlaqədar nə deyə bilərsiniz?

- Bu il Azərbaycan Korrupsiyanı Qavrama İndeksində ötən il olduğu kimi 2.4 bal toplayıb. Xallar 10 bal (çox yaxşı), 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyən edilir. Azərbaycan 183 ölkə arasında 143-cü sırada qərarlaşıb. Keçən il Azərbaycan 178 ölkə arasında 134-cü sırada yer almışdı. “Transparency International” bir daha vurğulamaq istəyir ki, Korrupsiyanı Qavrama İndeksində əsas meyar ölkələrin topladığı ballardır. Ölkələrin İndeksdə sıralanması isə İndeksə yeni ölkələrin daxil edilməsi ilə dəyişə bilər. Bu ilki İndeksdə biz bunu müşahidə etmişik, belə ki, Azərbaycanın keçən ilə nisbətən eyni xal toplamasına baxmayaraq, İndeksə yeni ölkələr əlavə edildiyində onun yeri dəyişib. Ona görə də İndeksdə ölkənin sıralamada aşağı düşməsinə böyük əhəmiyyət kəsb edən məsələ kimi baxmazdım.

- Siz “Transparency İnternational” təşkilatının Azərbaycanda nümayəndəsisiniz. Buradakı vəziyyəti siz daha yaxşı müşahidə etmişiniz və yerli vəziyyətə siz daha çox bələdsiniz. Sizcə, İndeks Azərbaycandakı reallığı nə dərəcədə əks etdirir?

- Mən və mənim rəhbərlik etdiyim heyət Azərbaycanın bu ilki yeri ilə bağlı Korrupsiyanı Qavrama İndeksi ilə tam razılaşa bilmərik. Biz bu il Azərbaycanın İndeksdə daha irəli sırada yer tutmasını gözləyirdik. Buna səbəb isə 2011-ci il ərzində Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində əsaslı tədbirlərin keçirilməsi olub.

Belə ki, 2011-ci ilin yanvar ayından etibarən ölkə prezidenti korrupsiyaya qarşı mübarizə ilə bağlı tutarlı bəyanatlar səsləndirib. Bu bəyanatların ardından, qanunvericilik səviyyəsində və instutsional sahədə irəliləyişlər qeydə alınıb.
Dövlət orqanlarının fəaliyyətinin şəffaflığın artırılması məqsədi ilə bu ilin may ayında ölkə prezidenti tərəfindən elektron xidmətlərin təşkili ilə əlaqədar fərman imzalanıb. Hesab edirik ki, bu tədbir məmurlarla, xidmət istifadəçiləri arasında birbaşa təması azaldacaq və beləliklə korrupsiyaya şərait yaradan bir sıra halların qarşısı alınacaq.

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində “qaynar xətt” təşkil edilib. Həmçinin son altı ildə “Şəffaflıq Azərbaycan” Korrupsiya Qarşı Mübarizə İctimai Birliyi tərəfindən ölkə ərazisində 5 mərkəzdə icra edilən “İctimai Maraqların Müdafiəsi və Hüquqi Məsləhət Mərkəzi” layihəsi işini davam etdirib. QHT-lər tərəfindən göstərilən xidmətlər, vətəndaşlar arasında ictimai məlumatlandırma səviyyəsini artırıb və onlarda korrupsiyaya qarşı mübarizə ilə bağlı müqaviməti yüksəldib.

Birbaşa olaraq sahibkarlarla işləyən dövlət qurumlarında da məsələn, Vergilər Nazirliyi biznes fəaliyyətinin həyata keçirilməsi tənzimləyici qaydaların sadələşdirilməsi və bəzi sənədlərin ixtisar edilməsi ilə əlaqəli irəliləyişlər qeydə alınıb. Dövlət qulluğuna qəbul, yol polisinin fəaliyyəti ilə bağlı da eyni irəliləyişləri qeyd etmək olar.
Bununla yanaşı, hökumət vətəndaş cəmiyyəti ilə qarşılıqlı dialoqları artırır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış İctimai Şura bu əməkdaşlığın yaxşı nümunələrindən biri kimi göstərilə bilər.
Azərbaycan 2011-ci ilin sentyabrında “Açıq Hökümət” Tərəfdaşlığına qoşulub. Bu təşəbbüs ölkələrin üzərinə şəffaflığı təmin etmək, ölkədə vətəndaşlarının rolunu artırmaq, korrupsiya ilə mübarizə və yeni texnologiyalardan istifadə etməklə idarəetməni gücləndirmək öhdəliyi qoyub.

- Sizcə, Azərbaycan İndeksi yaxşılaşdırmaq üçün gələcəkdə nə etməlidir?

- Antikorrupsiya səyləri heç zaman tez nəticə vermir. Korrupsiyaya qarşı mübarizə islahatları haqqında ciddi düşünənlər illər yox on illiklər üçün fikirləşməlidirlər. Azərbaycanla əlaqədar qeyd edilməlidir ki, hökumət geniş biznes mühitini, Azərbaycanın islahatların doğru yolunda olduğuna inandırmaq üçün daha çox iş görməlidir. Hökumət korrupsiyaya qarşı mübarizə məqsədi ilə qəbul edilmiş qanunların icrasını yaxşılaşdırmaq istiqamətində əməli addımlar atmalı, qanunların işlək vəziyyətdə olmasından əmin olmalıdır. Korrupsiya faktı ilə bağlı şikayətlə müraciət etmək istəyən şəxslərin təhlükəsizliyini təmin etmək üçün addımlar atılmalıdır. Bütün bunlarla yanaşı, büdcə vəsaitlərinin xərclənməsi, dövlət satınalmalarının həyata keçirilməsi zamanı şəffaflığın təmin edilməsi vacibdir. Mülkiyyət hüququnun pozulması halları aradan qaldırılmalı və məhkəmələrin şəffaflığı təmin edilməlidir. Əsas məqsəd vətəndaşların bu dəyişiklikləri gündəlik həyatlarında hiss etmələrini təmin etməkdir. Bir sıra qanunlar və normativ hüquqi aktlar (maraqların toqquşması ilə bağlı, hüquqi şəxslərin cinayət məsuliyyəti ilə bağlı, korrupsiya şahidlərinin (whistleblover) qorunması ilə bağlı, dövlət qulluğundan kənar digər hüquqi vəzifəyə görə cəzanın tətbiq olunması ilə bağlı qanunlar, dövlət məmurlarının maliyyə xarakterli məlumatların verilməsi ilə bağlı qanunvericilik aktı və s.) qəbul olunmalıdır. Müvafiq məcəllələrə bu qaydaların pozulması ilə bağlı cəza mexanizmlərin özündə əks etdirən yeni dəyişikliklər salınmalıdır. Vətəndaş cəmiyyəti tərəfindən yeni qəbul edilmiş qaydaların icrasının monitorinqinin aparılması dəstəklənməlidir.

Azərbaycan hökuməti tərəfindən korrupsiyaya qarşı mübarizədə ortaya qoyulan siyasi iradə, gələcəklə bağlı optimist düşünməyə imkan verir. Bu olduqca zəruri şərtdir. Korrupsiyaya qarşı mübarizənin digər mühüm elementlərindən biri bütün tərəflərin bu mübarizəni qarşılıqlı şəkildə birgə aparmasıdır. İnanırıq ki, hökumət, vətəndaş cəmiyyəti, işgüzar icma və vətəndaşlar tərəfindən ortaya qoyulan birgə səylər bu mübarizədə gələcəkdə uğurlu nəticələr əldə etməyə kömək edəcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

19:09 09 Dekabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qaradagda yangin olub
    Qaradağda yanğın olub
  • bakida tikilmekde olan bina ucub
    Bakıda tikilməkdə olan bina uçub
bakida tikilmekde olan bina ucub bakida tikilmekde olan bina ucub +2
MƏZƏNNƏ
FOREX
/ 11 Dekabr, 2017

USD
1.7
 
EUR
1.9995
 
RR
0.0287