Cahangir Məmmədli: “İş elə gətirdi ki, 75 yaşım tamam olanda bunu gizləyə bilmədik” - MÜSAHİBƏ

cahangir memmedli is ele getirdi ki 75 yasim tamam olanda bunu gizleye bilmedik musahibe

“Azərbaycan telekanallarının Rusiya və Türkiyə kanallarından geri qaldığı fikri ilə razı deyiləm”

 

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini dekanı, professor Cahangir Məmmədlinin APA-ya müsahibəsi

 

- Cahangir müəllim, adətən müsahibin yaşı 70-i keçirsə, ilk sualımız belə olur: yaş, həyat, sağlamlıq adamı incitmir ki? Siz 75 ili arxada qoydunuz, amma eyni sualı sizə ünvanlamaq yəqin ki, artıq olar...

 

- 75 az yaş deyil. Bizim rektorumuz Abel Məhərrəmov həmişə deyir ki, yubiley həm də hesabatdır. Həqiqətən belədir. Adam bu suallarla üz-üzə qalır: görəsən, mən bu həyatı yaxşı yaşamışam? Nə qoyub gedəcəyəm? Bu suallar adamı duyğulandırır. Bir tərəfdən də narahat edir. Bu mənada arxaya baxanda görürəm ki, ürəyimdən çox şey etmək keçib, amma tələsməmişəm. Çox şey etmək olardı, deyəsən, tənbəllik etmişəm.

 

- Nədir sizi narahat edənlər?

 

- Məsələn, jurnalistika nəzəriyyəsi ilə bağlı çox kitablar yaza, çox problemlər qaldıra bilərdim. Onlardan bəzilərini etmişəm. Tutalım, yeni dönəm jurnalistikası ilə bağlı əsərlərim var. Amma görürəm, jurnalistikanın Qərb standartlarını yenidən işləmək olardı. 90-cı illərdə Qərb standartlarına çox söykəndik. Elə bildik, dünyada bundan sonra heç nə yoxdur. Məlum oldu ki, əsrlərlə formalaşan dəqiqlik, qərəzsizlik, vicdanlılıq prinsiplərini pozuruq.

 

- Jurnalistikanın problemləri haqqında söhbətimizin gedişində danışarıq. İstəyirik, yenidən yubiley yaşınıza qayıdaq. Ad gününüzü necə keçirdiniz? Ətrafınız, doğmalar sizi necə təbrik etdilər?

 

- Bütün səmimiyyətimlə deyirəm ki, mən 60, 65, 70 illiyimin geniş keçirilməsinə qəti imkan verməmişəm. 

 

“Etiraf edim ki, 75 illiyimin qeyd olunmasını istəyirdim”

 

- Keçirmək istəyiblər, razı olmamısınız?

 

- Əlbəttə, istəyiblər. Məsələn, Abel müəllim 65 illiyimi gəlib fakültədə təbrik edib. 70 illiyimdə fakültəmizin kollektivi ilə birgə qəbul edib, xoş sözlər deyib. Bakı Dövlət Universiteti mənim üçün müqəddəs yerdir. İş elə gətirdi ki, 75 yaşım tamam olanda bunu gizləyə bilmədik.

 

- Bəlkə özünüzün də ürəyinizdən keçib ki, geniş qeyd olunsun?

 

- Etiraf edim ki, çox düz tapmısınız. Şirməmməd Hüseynov heç vaxt qoymur onun yubileylərini qeyd etsinlər. 75 yaşı olanda məndən əvvəlki dekanı Yalçın Əlizadə Şirməmməd müəllimə zəng vurdu ki, siz istəmirsiniz, amma cəmiyyət var, elə bilərlər biz də istəmirik. Onda Şirməmməd müəllim yumşaldı. Allah ömür versin, hamımızın müəllimidir. Biz ondan çox dərs götürürük. O, yubileylərini keçirməyə qoymayıb, mən ondan sonra necə razı olum ki, doğum günüm qeyd olunsun? Amma 75-i istədim qeyd etsinlər. Dedim, görüm cəmiyyətin mənə münasibəti necədir? Desəm ki, birmənalı yaxşıdır, elə deyil. Hətta məni tənqid edən saytlar oldu. Onların hamısını qəbul edirəm. Çünki tənqid edirlərsə, deməli, tənqid olunan obyektin özünün də günahı var.

 

- Təxminən bu cür başlıqlara rast gəldik: “Azərbaycan jurnalistlərinin müəllimi 75 yaşını qeyd edir”.

 

- Çox sağ olsunlar. Amma məni bəyənməyən xeyli sayt var. Bir müsahibəmdə demişəm: Bəyənənləri də, bəyənməyənləri də bağrıma basıram. Çünki hamısı mənimkilərdir.

 

- Sizi sevməyənlərin yazılarını oxuyanda hansı hissləri keçirirsiniz?

 

- Düzünü deyim, yalnız qərəzli olanda məni narahat edir. Ümumiyyətlə, baxmıram o yazılara. Daha çox rəsmi mətbuat orqanlarına diqqət edirəm. Qərəzsizlik çox ciddi prinsiplərdən biridir. Bəzən mənimlə də bağlı bu prinsipə əməl olunmayanda, narahat oluram. İndi hər cür sayt, jurnalist var. Hərə bir söz deyir, nə olar, qoy desinlər.

 

- Sevməyənlərlə məsələ aydın oldu, sevənlərdən danışın. Kimlərdən təbriklər aldınız?

 

- Bütün kollektivimiz, dostlarım, tələbələrim məni təbrik elədi. Yanvarın 26-da saat 11-də Abel Məhərrəmov Moskvadan gəlib, saat 12-də məni qəbul etdi. Böyük gül dəstəsi verdi, o qədər böyük məhəbbətlə təbrik elədi ki... Bunu heç vaxt unutmaram. Əziz “Kaspi” qəzetim tərəfindən böyük məhəbbətlə təbrik edildim. “Mədəniyyət” kanalı haqqımda film çəkmişdi, efirə verdi. İnanın, filmlə bağlı o qədər zənglər gəldi, telefonum axırda işləmədi. Bir qisminə səhəri gün cavab verdim. Film adamları duyğulandırmışdı. Rejissoru, ssenari müəllifi, kameramanı o qədər gözəl işləmişdilər ki, hər şeydə bəyənməzlik prinsipi göstərən adamlardan biri dedi Cahangir müəllim, o filmi yaradanlara deyin, nə qədər axtardım, onlarda nöqsan tutum, olmadı. Mənim əziz “525-ci qəzet”im böyük məhəbbətlə təbrik elədi. Və Azərbaycan media sistemində informasiyalarının dəqiqliyinə, qərəzsizliyinə ən çox güvəndiyim, dövlətçiliyə xidmətinə inandığım "APA Holdinq"in rəhbəri Vüsalə Mahirqızı məni təbrik elədi. Bütün bunlar mənə qürur verdi. 

 

“Yetim böyümüşəm. Bacılarım, qardaşlarım saxlayıb məni”
 

- İstərdik, bir az geri qayıdaq: sizin uşaqlığınız, kəndiniz, sonra tələbə həyatı. Nələri xatırlayırsınızsa, bizimlə bölüşün...

 

- Çox çətin yaşayan kasıb ailədə böyümüşəm. Həyatımın indiki vəziyyətə gəlib çıxmağına görə Tanrıma çox borcluyam. Yetim böyümüşəm. Bacılarım, qardaşlarım saxlayıb məni. Anadan olandan on gün qabaq atam müharibəyə gedib, qayıtmayıb. Ondan altı ay sonra anam bu dərdə dözməyib, rəhmətə gedib. Bir kasıb dünya yaşamışıq. Amma o kasıb dünyanın içində olan hadisələri, kəndimizin insanlarını heç vaxt unutmaram. Kənd Sovetinin katibi vardı, Əyyub kişi, harada görürdüsə, cibimə 3-5 manat qoyurdu. Kitabxanaçı Hümbət kişi vardı, zarafatla deyirdi Cahangir kitabxananı dağıtdı, kitab qalmadı, apardıb oxudu. Kəndimizdə hamı deyirdi bu uşağın böyük gələcəyi var. Bax, kəndimiz məni tərifləyə-tərifləyə bu yerə gətirib çıxardı. Adamı həmişə tənqid edə-edə tərbiyə etmək olmur. Bəzən tərifləmək, təqdir etmək lazımdır. Ailəmdə uşaqların hər zaman yaxşı cəhətlərini önə çəkmişəm. Beş qızım var. Mənə xoş odur ki, doğum günümdə hamı övladlarım haqqında xoş sözlər dedi. Onları elə böyütmüşəm, Azərbaycanı, vətəni ataları qədər sevməyi bacarırlar.

 

- Kənddən gələn uşaq jurnalistika fakültəsinə necə qəbul oldu?

 

- 60-cı ildə orta məktəbi bitirdim. Demək olar, qiymətlərimin hamısı beş idi. Qəbulda yazıdan dörd aldım. Ona görə ki, kənd yerində qızıl medal vermirdilər. Mənə də açıq dedilər sənə dördü ona görə yazırıq ki, qızıl medal almayasan. Həmin attestatla gəldim filologiya fakültəsinin jurnalistika şöbəsinə. Rus dilini məktəbdə yaxşı öyrənmişdim, amma diktantdan yazıma aşağı bal verdilər, kəsildim. Əsgərliyimi Kamçatkada çəkdim. O vaxt qayda belə idi ki, jurnalistikaya ərizə vermək üçün gərək yazıların olardı. Mənim də bəxtim onda gətirdi ki, Kamçatkada yazdığım yazılar qəzetdə çap olunurdu. Həmin yazılarla sənədlərimi göndərdim jurnalistikaya. İki beş aldım, tarixdən erməni müəllimi ilə qarşılaşdım. Suala cavab verə bilmədim, məsul katib gəldi ki, Cahangir ədəbiyyatı, yazılı-şifahi imtahanı yaxşı bilir. Erməni mənə güclə 3 yazdı. Amma buna baxmayaraq, fakültəyə yuxarı balla qəbul oldum. Həmin gündən taleyim bağlandı Bakı Dövlət Universitetinə. Başqa heç bir yerə getməmişəm. Bura mənim taleyimdir. Jurnalistika fakültəsi, bu universitet qutsal torpaqlar kimi mənə əzizdir. Buranı öz evimdən də əziz bilirəm. Bunu mübaliğəsiz deyirəm. Çünki mənim evimi də bu universitet verib. Ailəmin, balalarımın xoşbəxt olmağını mənə universitet həyatı bağışlayıb.

 

- Fakültə çağdaş Azərbaycan jurnalistikasına hansı töhfələri verir? Narahatlıqlarınız, uğurlarınız, sıxıntılarınız nədən ibarətdir?

 

- Bizim jurnalistika fakültəsi ölkədə jurnalist hazırlayan yeganə mərkəzdir. Əvvəllər Slavyan Universitetində, Qafqaz və digər özəl universitetlərində var idi. Sonra bunlar yığışdırıldı və biz müsabiqə əsasında tələbə qəbul etməyə başladıq. Müsabiqə tətbiq ediləndən sonra başqa universitetlərə gedən olmadı. Ona görə universitetlərdə həmin fakültələr bağlandı. Yeganə mərkəz Bakı Dövlət Universitetidir. Bu, qədimdən belə olub. Fakültənin əsasını Şirməmməd Hüseynov və Nəsir İmanquliyev qoyub. Şirməmməd Hüseynov və Nəsir İmanquliyev tandemini təsəvvür edin. Allah Nəsir müəllimə rəhmət eləsin, “Baku” və “Bakı” qəzetlərinin redaktoru idi. Uşaqlara deyirdi ki, yazı yazın, qonorar verəcəyəm. Balaca xəbərə yaxşı qonorar verirdi ki, uşaqlar dolansınlar. Bəzən hətta görəndə ki, tələbə yazmadı, inan, cibindən çıxarıb o tələbəyə pul verirdi. Laborant işləyirdim, bir dəfə Şirməmməd müəllim gördü ki, paltom bir az köhnəlib, özünün paltosunu mənə gətirdi. Bu fakültə belə nəfəs alıb, belə ənənələri qoyub. Bu gün də nəyi qorumasa da, o təmizliyini qoruyur. Bəzən qərəzlə nə isə deyirlər, amma bütün səmimiyyətimlə deyirəm: bizim fakültədə tələbə-müəllim münasibətləri çox şəffafdır. 

 

“Jurnalistikaya elə ciddi axın var ki, bəzən seçmək olmur, kim haradan gəlib”

 

- Jurnalistika fakültəsinin səviyyəsi ilə bağlı tənqidi fikirlər səslənir...

 

- Bu, məni narahat edir. Jurnalistikaya elə ciddi axın var ki, bəzən seçmək olmur kim haradan gəlib. Bəzən zəif tələbələr də olur. Deyək, 60 tələbədən 8-10 nəfər peşəkar jurnalist kimi burdan gedirsə, bu, bizi qane edir. Amma qıraqdan axın edənlərin içində jurnalistikanın prinsiplərini bilməyənlər, bilib qəsdən pozan adamlar var. Elə qurumlar var ki, orda qəti şəkildə jurnalistika fakültəsinin tələbələri yoxdur. Məsələn, “525-ci qəzet”ə diqqət edin. Bu qəzetin jurnalistlərinin doxsan faizi jurnalistika fakültəsini bitirib. Heç kim deyə bilməz ki, “525-ci qəzet” qeyri-peşəkardır, orda rüşvət halları var, kimdənsə nə isə ummaq məsələsi və s. hallar var. “525-ci qəzet” Azərbaycan jurnalistikası üçün brenddir. Bu qəbildən bir neçə qəzetlər var. Məsələn, “Kaspi”. “Azərbaycan”, “Xalq”, “Respublika” qəzetlərinin əməkdaşlarının əksəriyyəti jurnalistika fakültəsini bitirib. Diqqət edin, Azərbaycanda hansısa hərəkətinə görə çox ciddi tənqid olunan jurnalistlər olur. Onların içində jurnalistika fakültəsini bitirənlər yoxdur. Biz brend jurnalistləri, məsələn, Əflatun Amaşovu, Rəşad Məcidi, Akif Aşırlını, Aqil Abbası, Vüqar Rəhimzadəni dəvət edirik, tələbələrlə az qala həftədə bir dəfə görüşürlər. Yəni Azərbaycan, vətən sevgisi, millət sevgisi olan adamları dəvət edirik. Jurnalistikada elə adamlar var, belə şeylər onları narahat etmir. Biz bu cür adamlarla tələbələri o qədər də təmasda saxlamırıq. Aqil Abbas, Vüqar Səfərli, Əflatun Amaşov, Akif Aşırlı bu fakültəyə gələndə elə-belə gəlmirlər. Bizim tələbə qəzeti var, onlar gələndə həmin qəzetin hazırlanmasında iştirak edən tələbələrə qonorar verirlər. Bəzən hətta öz ciblərindən verirlər. Hər halda, bu ənənə yaranıb. Qəzet çıxan kimi tələbələr üzümə baxırlar: qonorar nə yerdədir? Deyirəm, gələcəklər. Qəzetin məsələsini rəsmiləşdirəcəyik. Rektorumuz hiss elədi ki, ayrı-ayrı adamlar qəzeti maliyyələşdirir, mənə dedi Cahangir müəllim, qəzeti rəsmi şəkildə, universitetin büdcəsindən özümüz maliyyələşdirəcəyik.

 

“Yeri gələndə, mən də tələbəni danlaya bilərəm. Bu dəfə bizim qızımızın, dekan müavininin sözləri emosional alınıb”

 

- Jurnalistika fakültəsi son vaxtlar dekan müavini Aytəkin Zeynalovanın səs yazısı ilə gündəmə gəldi. Bunu fakültənin imicinə ciddi ziyan kimi dəyərləndirirsinizmi?

 

- Tələbələri danlayan adam bizdə tərbiyə işlərinə baxır. Onun haqqı var ki, təkliflər versin, öz fikrini bildirsin. Bu dəfə bir az kəskin, emosional danışıb. Mənə elə gəlir, bizim fakültədə müəllim-tələbə münasibətləri valideyn-övlad münasibətləri qədər önəm daşıyır. Mən də yeri gələndə tələbəni danlaya bilərəm. Bu dəfə bizim qızımızın, dekan müavininin sözləri emosional alınıb.

 

- Aytəkin xanımla söhbətinizdə ona nə dediniz?

 

- Gördüm o, çox narahat olub. Düzünü deyim, lap stress də keçirib. Dedim, indən sonra belə şeylər olmasın. Qəti tapşırıq vermişəm. Bu tipli məsələləri xüsusi nəzarətimdə saxlayacağam. Burda yəqin ki, mənim də günahım olub. Gərək, mən də xüsusi nəzarətdə saxlayardım. Amma deyim, bunu çox şişirtdilər. Daha doğrusu, ayrı-ayrı adamlara qərəzli münasibət istiqamətində şişirtdilər.

 

- Bu məsələnin böyüməsi bəlkə məhz jurnalistika fakültəsində baş verməsi ilə bağlıdır? Sizin fakültənin tələbələri daha sərbəst, azad olmalıdırlar. Yeri gələndə dekan müavinini, dekanı, rektoru da tənqid edə bilərlər. Demək istəyirik, tutalım bu məsələ biologiya fakültəsində baş versəydi, bu qədər ajiotaja səbəb olmazdı...

 

- Sizinlə tamamilə razıyam. Hətta ola bilər, bunu sizdən yaxşı izah edə bilməyəcəyəm. Jurnalistika fakültəsi özünəməxsus fakültədir. Yəni bu fakültənin tələbələri qəzetlərdə, saytlarda çalışırlar. Ona görə, balaca bir faktı da dərhal media sisteminə keçirirlər. Ona görə biz də tələbə ilə danışanda gərək hər şeyi qanun-qayda çərçivəsində quraq.

 

“Bəzən istəyirlər İctimai Televiziyanı siyasi istiqamətə qoşsunlar”

 

- Siz İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədrisiniz. Digər telekanallar kimi, İTV də tənqid olunur. Tənqidlərə nə cavab verərdiniz?

 

- Tənqid edənlər bəzən televiziyaların tipoloji xarakterini nəzərə almırlar. Hər bir televiziyanın öz tipoloji xarakteri var. Məsələn, Azərbaycan televiziyası Azərbaycan dövlətçiliyini birbaşa qoruyan, media qarantı rolunda çıxış edən televiziyadır. Bunu nəzərə almaq lazımdır. İctimai Televiziya ictimai maraqlara xidmət edir. İTV-nin qanununda belə bir sətir var ki, İctimai Televiziya siyasi maraqlardan uzaq olmalıdır. Bəzən deyirlər, İctimai Televiziya siyasi partiyaların fəaliyyətini işıqlandırmır. Televiziya bu məqamları işıqlandırır. Amma bəzən istəyirlər İctimai Televiziyanı siyasi istiqamətə qoşsunlar. Biz “İctimai Televiziya siyasətdən uzaq olmalıdır” prinsipinə əməl edirik. Bir də, qanunda bir maddə var: İctimai Televiziya milli-mənəvi maraqları qorumalı və artırmalıdır. Bu televiziya milli-mənəvi dəyərləri qorumaq və artırmaq istiqamətində çox böyük uğurla fəaliyyət göstərir. Qloballaşan dünyada milli-mənəvi dəyərləri qorumaq lazımdır.

 

- Cəmil Quliyevin və İsmayıl Ömərovun rəhbərlik etdiyi dövrləri müqayisə etsək, hansı mənzərə meydana çıxar? Rəhbər dəyişikliyi olanda həmin qurumun sifətində də dəyişiklik olurmu?

 

- Əlbəttə. İsmayıl Ömərovun vaxtında quruculuq işləri oldu. Çünki ilk səkkiz ildə İsmayıl müəllim direktor oldu. Həmişə demişəm, qurdu, yaratdı, kollektivi formalaşdırdı, çox maraqlı jurnalist kollektivi topladı. Cəmil müəllim isə fəaliyyət göstərdiyi dörd ildə yaradıcılıq işinə daha çox diqqət göstərdi. Mən hər iki sədrlə işləmişəm. Və hər ikisindən çox razıyam. Münasibətlərimiz hər zaman yüksək səviyyədə olub. Yayım Şurası o dövrdə də, indi də İctimai Televiziyanın fəaliyyətindən razıdır.

 

- Digər telekanallar haqqında nə düşünürsünüz? Azərbaycan telekanalları Rusiya və Türkiyə televiziya kanallarından nəyə görə bu qədər geri qalır? Bəlkə peşəkarlar televiziya müstəvisindən uzaqlaşdırılıb, ona görə? 

 

- Mən sizin “Azərbaycan telekanalları Rusiya və Türkiyə televiziya kanallarından geri qalır” fikrinizlə razı deyiləm. Bizim də kanallarda hər şey var. Gəlin, Rusiya kanalları ilə müqayisə edək. Dmitri Kiselyovun “Vesti nedeli” verilişi var. Baxın görün, o veriliş nə qədər ideolojidir. Görün, o veriliş Rusiyanı bir vətən, bir dövlət kimi necə qoruyur. Həmin veriliş birbaşa Putinin göstərişi ilə yaradılıb. Əgər Rusiya boyda dünyaya meydan oxuyan ölkədə dövlətçiliyi müdafiə prinsipi ilə çalışırlarsa, onda bizim kimi balaca dövlət media sistemində çox ehtiyatlı olmalıdır. Türkiyə ilə müqayisə edək: məlum hadisələr olandan sonra neçə telekanal, qəzet bağlandı? Biz elə edək, bağlanmayaq, hər şey normal şəkildə olsun. Heç kim deyə bilməz ki, İctimai Televiziya millət, vətən sevgisini unuda bilər. Biz buna qulluq edirik.

 

- Digər telekanallar haqqında da fikirləriniz maraqlı olar.

 

- Mənə elə gəlir, digər telekanalların hamısında canlanma var. Xüsusilə, ATV və “Xəzər” televiziyasında o canlanma özünü möhkəm göstərir. ATV-nin xəbərlərinə baxın, çoxplanlı xəbərlər gedir. Ümumiyyətlə, televiziya kanallarımızın fəaliyyətindən razıyam. Özəl kanallar olsa da, informasiya siyasəti baxımından “Lider TV”nin, “Space”in öz yolu var. Məsələn, ARB kanalı yaradıldı. İnanırsınız, mən xeyli dərəcədə ona baxıram. Hər gün gözümün qabağında yeniləşir. CBC telekanalında erməni təcavüzünün ardınca ortalığa necə verilişlər qoyurlar? Mən çox fəxr edirəm. CBC daha çox bu məsələyə diqqət yetirir. Və bütün dünyada da baxılır.

 

- Cahangir müəllim, Azərbaycanda saytların sayı gün-gündən çoxalır. Sizə elə gəlmir ki, saytların “sayəsində” sarı mətbuata doğru hər gün daha iri addımlarla gedirik?

 

- Tamamilə doğrudur. Mən də o fikirdəyəm ki, elektron media sistemində, xüsusən saytlarda azadlıqdan çox pis mənada, sui-istifadə etmək halları var. Amma bu dəqiqə deyəsən ki, bununla bağlı qanun qəbul olunsun, mən bunun tərəfdarı deyiləm. İnanıram ki, bu sistem də getdikcə düzələcək.

 

- Elektron mediaya dövlət dəstəyi lazımdır?

 

- Mütləq şəkildə. Amma hamısına yox, seçilmək şərtilə. O qurumlar ki, dövlət, millət, vətəndaşlıq qeyrəti ilə işləyir, onlara dəstək lazımdır. Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bu məsələni qaldırıb. Mənə elə gəlir, dövlətimiz bu məsələyə baxacaq.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • kecmis telekanal rehberinin cayda batan oglunun meyiti tapilib yenilenib
    Keçmiş telekanal rəhbərinin çayda batan oğlunun meyiti tapıl...
  • deputat novruz aslanov secicileri qebul edib
    Deputat Novruz Aslanov seçiciləri qəbul edib
deputat novruz aslanov secicileri qebul edib deputat novruz aslanov secicileri qebul edib +2
MƏZƏNNƏ
FOREX
/ 19 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ