UNESCO nümayəndəsi: “Mediada qlobal dəyişiklik başlayıb, ənənəvi jurnalistikadan kənarlaşmaq lazımdır”

Bu gün Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresi çərçivəsində "Multimedianın gələcəyi üçün jurnalistlərin təlimi" mövzusunda sessiya keçirilib.

 

APA-nın məlumatına görə, sessiyaya Ərəb Xəbər Agentlikləri Alyansının (FANA) baş katibi Fərid Əyar moderatorluq edib.

 

Sessiyada çıxış edən "DMA Media" şirkətinin təlimlər üzrə direktoru Coan Lin Veir hazırda mobil jurnalistikanın geniş yayıldığını bildirib: "Sosial media jurnalistikası ilə əlaqədar kursların keçirilməsi vacibdir. KİV bu sahəyə sərmayə qoymalı, gənc jurnalistlər üçün bu mövzuda kurslar təşkil olunmalıdır".

 

Fransanın "France Press" (AFP) agentliyinin qlobal xəbər departamentinin üzvü Erik Vişart isə deyib ki, yüksək peşəkarlığa malik olmayan gənclər media sahəsinə sosial media vasitəsi ilə qədəm qoyurlar: "Bu gənclərə təlimlər keçirilməlidir ki, xəbər, reportaj hazırlayarkən hansı məqamlara diqqət yetirməli olduğunu bilsinlər. Bu jurnalistlər xəbər və reportajlarda göstərilməsi tövsiyə edilməyən, qurbanların ailələrinə mənfi təsir edən şəkillər barədə məlumatlı olmalıdırlar. Etik qaydalara riayət edilməlidir. Türkiyə mediasının dənizdə boğularaq həyatını itirmiş Aylan adlı suriyalı qaçqın uşağın fotoşəkillərini KİV geniş istifadə etdi. Tarixdə belə fotoşəkillər nadir hallarda olur. Bu fotoşəkil dünya ictimaiyyətinin miqrant probleminə diqqəti artırdı".

 

Meksikanın "Notimex" agentliyinin baş icraçı direktoru Alexandro Romos Eskivel isə texnologiyada böyük dəyişikliklər olduğunu, internetin qlobal dəyişikliyə yol açdığını söyləyib: "Bu gün smartfonlar əsas xəbər mənbəyi rolunu oynayır. Televiziya və radio dinləyicilərinin sayı azalır, ənənəvi media qurumlarının gəliri azalır. Bu o deməkdir ki, ənənəvi media aradan çıxır. Jurnalistlər rəqəmsal texnologiyaya yiyələnməlidir. Bu gün dünya bir-birinə çox bağlıdır. Meksikada rəqəmsal ekosistem yaratmışıq. Bu, xəbər agentliyinin yeniliklərlə bağlı xəbər hazırlayarkən yeni üsullardan istifadə etməsini şərtləndirir. Eyni zamanda bunun sayəsində bizim agentliyin dünyanı əhatə etməsi də genişlənir. Jurnalistlərə təlimlər keçirik, yeni texnologiyaları öyrədirik ki, yeni mənbələrə və istifadəçilərə çıxış əldə etsinlər. Biz ali məktəb tələbələri ilə görüşlər keçiririk və ən bacarıqlıları işə dəvət edirik. Onlar böyük jurnalist olacaq".

 

"Los-Angeles Times" qəzetinin icraçı direktorunun müavini Skot Kraft bildirib ki, ABŞ-da son seçkilər zamanı jurnalistlər böyük rol oynayıb: "Əvvəllər çap media orqanları üstünlük təşkil edirdisə, indi hər bir jurnalistdən daha sürətli işləmək tələb olunur. Operativlik proqramını tərtib etmişik. Həmin proqram jurnalistlə yanaşı fotomüxbir və operatora da aiddir. Baş verənlər daha tez səhifələrə yerləşdirilməlidir. Siyasi sahədə köklü hadisə baş verirsə, onun ön səhifəyə qoyulmasına deyil, həmin hadisənin dərindən araşdırılıb daha düzgün məlumatın yayılmasına çalışırıq. Əgər biz ön cərgədə olmaq istəyiriksə, operativ olmalıyıq. Seçki kimi böyük siyasi hadisə, terror hücumları olursa, onlar həmin günlər ərzində çap mətbuat orqanlarının ön səhifəsində olur. Xəbər agentliklərinin müxtəlif şöbələrin rəhbərləri bir araya gəlib bəzi məsələlərdə birgə çalışmalıdır. Xəbər gündəlik əsaslarla təkmilləşdirilməlidir. Xəbərin dəyərinə gəldikdə, bunu vacib hesab edirik. Biz xəbər agentliklərinin arasında daim əlaqələrin və təmasların saxlanmasının tərəfdarıyıq. Medianın irəliyə doğru aparılmasında bu əsas məqamdır. Hər hansı proses baş verirsə, ona əvvəlcədən hazır olmalı, şablonlardan istifadə etməklə, düzgün kontekstə uyğun xəbər hazırlayıb tez bir zamanda yaymalıyıq".

 

UNESCO baş direktorunun müavini Qetayçyu Enqida isə qeyd edib ki, jurnalistikada qlobal dəyişiklik başlayıb: "Jurnalistlərin təlim prosesi dəyişib. Biz ənənəvi jurnalistikadan kənarlaşmalıyıq. Yeni texnologiyaların inkişafı təhlükəsizlik məsələsini ortaya çıxarır. Jurnalistlərin təlimi ilkin baza biliklərindən başlanmalıdır. UNESCO bununla bağlı kifayət qədər təlimlər keçirir. Medianın azadlığı mülki təhsillə başlayır. Onlar ilk növbədə vətəndaş, sonra isə jurnalistdirlər. Jurnalistlərin təlim prosesi bir nömrəli tapşırıqdır. Onlar qeyri-düzgün informasiyanın qarşısını almağa çalışmalı, xəbərlər dəqiq şəkildə səhifələrə yerləşdirilməlidir. Mükəmməl jurnalistika təhsili bu problemlərin qarşısını almağa kömək edir. Biz davamlı inkişaf mühitində yaşadığımız üçün bu mühitə uyğunlaşmalıyıq. Bu asan iş deyil. Təhsil sistemi dəyişib, uşaqlarımız maraqlı təhsil prosesi ilə üzləşirlər. Bu gün təhsil sistemi də dəyişib, biz inkişaf etmişik".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:30 20 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mudafie nazirliyinde pakistan herbi hava quvvelerinin numayende heyeti ile gorus kecirilib
    Müdafiə Nazirliyində Pakistan Hərbi Hava Qüvvələrinin nümayə...
  • sumqayitda zavod erazisinde yangin olub
    Sumqayıtda zavod ərazisində yanğın olub
sumqayitda zavod erazisinde yangin olub sumqayitda zavod erazisinde yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 20 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0421
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ