Londondakı yeganə Azərbaycan restoranı - REPORTAJ

“Altı ildir dovğa yemirəm, dovğa sifariş edəcəm”, deyir arxa masada oturan gənc. Mən də tələbə olaraq yaşadığım bu şəhərdə uzun müddətdir dovğa yemədiyimi xatırlayıb, yanıma yaxınlaşan restoran sahibindən dovğa istəyirəm. Dovğadan sonrası üçün də xəngəl sifariş edirəm. Adının sonradan Fəxrəddin Əmiraslanov olduğunu öyrəndiyim restoran sahibi önümdəki masaya paytaxt salatı, kələm turşusu, acika düzür. Çörəyi acikaya batırıb, üstündən də süzmə çəkirəm. Radiodan gələn müğənni Ədalətin mahnısı isə insanı özünü doğma ölkədəymiş kimi hiss elətdirir.

 

Londonda uzun müddətdir Azərbaycan yeməyinə həsrət birisi olaraq İngiltərədəki yeganə Azərbaycan yeməyi verilən restoranda olmağın xoşbəxtliyini yaşayıram. 6-7 masadan ibarətdir “Azeri Cuisine” adlanan bu yer. Ancaq burada həm gürcü, həm Ukrayna, həm də Orta Asya mətbəxinə aid yeməklər verilir. Borşdan lülə kababa, “blinçik”dən yarpaq, kələm dolmasına, özbək plovundan küküyə qədər, nə desən tapmaq mümkündür bu restoranda. Özü də bütün hər şey bütün azərbaycanlı tələbələrin “əmi”si Fəxrəddin və Zöhrab bəy tərəfindən bişirilir.

 

 “Əvvəllər yumurta belə qıra bilməzdim”

 

Fəxrəddin bəy 15 ildir ki, İngiltərədə yaşadığını deyir: “Əvvəllər türk restoranında işləyirdim. İndi isə 10 ildir ki, bu restoranda işləyirəm. Özümüz Londondan kənarda yaşayırdıq. Sonra uşaqlar Londonda oxumaq istəyəndə bura köçmək qərarı aldıq. Elə deyirdim ki, köçsəm, gərək öz işim olsun. İlk beş il burda ingilis qəlyanaltısı verirdik. Sonra isə öz yeməklərimizi verməyə qərar aldıq”.

 

Fəxrəddin bəy əvvəllər yemək bişirməyi bilmədiyini deyir: “Azərbaycanda yaşayanda nəinki yumurta qırmaq, heç yeməyi belə qızdırıb yeyə bilməzdim. Bura gələndən sonra xanımım mənə yemək bişirməyi öyrətdi. Dünən restorana gəlmişdi, ona yarızarafat-yarıciddi dedim ki, başıma vura-vura məni aşpaz elədin. Yoldaşım Ofelya heç bir zaman dəstəyini əsirgəmir bizdən. Menyular haqqında fikirlər verir”.

 

Fəxrəddin bəy menyudakı ballı tortu, “Napoleon” tortunu xanımının hazırladığını bildirir.

 

“Yarpaqlar və qənd Bakıdan gəlir”

 

Restoranda bütün yeməklərin hər gün təzə-təzə bişirildiyini deyir Zöhrab bəy: “Məhsulların əksəriyyətini - əti, çörəyi türk marketlərindən alırıq. Ancaq dolma üçün yarpaqları və qəndi Bakıdan gətiririk. Qatığı da Azərbaycan texnologiyası (süzmə) ilə özümüz hazırlayırıq. Ayranı da, dovğanı da bu qatıqdan düzəldirik”.

 

“Metyu Brayza dedi ki...”

 

Zöhrab bəy Azərbaycan səfirliyində təşkil olunan tədbirlər üçün də yemək hazırladıqlarını bildirir: “Səfirlikdəki tədbirlərdə yeməklər daha çox dadımlıq olur. Ancaq məsələn, yarpaq dolmasını ingilislər çox sevir. Deyirlər ki, doldur qabımı. Bir dəfə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza demişdi ki, iki cür yeməyi sevirəm, nənəmin yeməklərini və Azərbaycan düşbərəsini. Məsələn, qazaxlar gəlir, “pelmeni” yerinə Azərbaycan düşbərəsi istəyirlər. Ancaq nəsə dovğa ingilislərin damaq dadına uyğun gəlmir. Tədbirlərdə əvvəl böyük stəkanlarda verirdik. Sonra gördük ki, axıra qədər içə bilmirlər, ona görə balaca stəkanlarda verməyə başladıq”.

 

Yarpaq dolması 9 funta, borş 6 funta...

 

Müsahibə sırasında Zöhrab bəyin önündəki kompüterə yeni sifariş gəlir. Onlar həftənin hər günü həm də evlərə çatdırma xidməti edirlər: “Bax, mən bu sifarişi görən kimi bilirəm ki, hansı müştəri edib. Neçə ildir onların sifarişi eyni olur. Kotlet, yanında qarabaşaq. Müştəri üçün birinci keyfiyyət, ikinci qiymətdir. Biz beş ildir ki, qiymətlərimizi qaldırmamışıq. Elə necə varıydısa, elədir. Kotletlərdə normalda 100-120 qram ət olur. Ancaq bizim kotletimizdə 150 qram ət var. Əlbəttə, bu alana da sərf edir. Fisincan plovunu elə edirik ki, müştərilər deyir, elə bil yeməkləri anam hazırlayıb”. 

 

Restorandakı qiymətlərə gəlincə isə, Azərbaycan manatı ilə hesablayanda baha görünsə də, Londona görə qiymətlər olduqca münasibdir. Məsələn kotlet, xəngəl, 8,45 funta (təxminən 20 AZN), fisincan plov 9,45-ə (22 AZN), mimoza salatı 4,95-ə (12 AZN), kiçik porsion dovğa isə 3 funtadır (7 AZN).

 

Azərbaycanı “Eurovision”dan tanıyan Qraham

 

Yan masalardan birində oturan ingilis söhbətimizi bölür və Bakı bulvarının divarda asılmış fotosunu göstərib, buranın hara olduğunu soruşur. Fəxrəddin bəy ona Bakı haqqında məlumat verir. Adının Qraham olduğunu öyrəndiyim ingilis deyir ki, yaxınlıqda yaşadıqlarından hər zaman bu restoran onların diqqətində olub və nəhayət, buranı yoxlamaq qərarına gəliblər. Borş və düşbərə sifariş etdiklərini deyən Qraham  Azərbaycan haqqında o qədər də məlumatlı olmadığını deyir: “Azərbaycanı “Eurovision” mahnı müsabiqəsindən bilirəm. Ancaq geniş məlumatım yoxdur”.

 

“Gürcülərin, ermənilərin onlarla restoranı var, bizim isə təkcə bir dənədir”

 

Restoran işinin məsuliyyətli bir iş olduğunu bildirir Fəxrəddin bəy, “çalışırıq Azərbaycanı layiqincə tanıdaq”, deyir. Ancaq o, həm də, İngiltərədə yeganə Azərbaycan restoranı olmalarından dərdlənir: “Ermənilərin, gürcülərin çoxlu restoranları var. İstəyərdim ki, bizim də çoxlu restoranlarımız olsun. Biz hələlik çalışırıq ki, tək olan bu restoranımızı böyüdək”.

 

Restoranın bir guşəsində isə Qarabağa, Xocalıya aid kitablar düzülüb. Fəxrəddin bəy deyir ki, kitablarla maraqlanan,  Azərbaycan haqqında öyrənmək istəyən xaricilər çox olur. 

 

Bax, belə, sizin də yolunuz Londondan düşsə, gedib buradakı yeganə Azərbaycan mətbəxini görə bilərsiniz.

 

Aytən Abbaslı, London

APA

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida ressam leyla sahbazovanin ferdi sergisi acilib
    Bakıda rəssam Leyla Şahbazovanın fərdi sərgisi açılıb...
  • bineqedide avtomobil temiri sexinde yangin olub
    Binəqədidə avtomobil təmiri sexində yanğın olub
bineqedide avtomobil temiri sexinde yangin olub bineqedide avtomobil temiri sexinde yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 16 Dekabr, 2017

USD
1.7001
 
EUR
2.0032
 
RR
0.0289