Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədəki epidemioloji vəziyyətin tədricən yaxşılaşdığını deyib.
APA-nın “Sputnik Belarus”-a istinadən verdiyi xəbərə görə, o, bunu sosial-iqtisadi məsələlərlə bağlı keçirilən iclasda qeyd edib.
O, bununla belə COVİD-19-un ikinci dalğası ilə əlaqədar vətəndaşları arxayınlaşmamağa çağırıb.
A.Lukaşenko optimist olmadığını bildirsə də, ölkədə bəzi səhiyyə müəssisələrinin iş rejiminin adi qaydaya keçirilməsinin planlaşdırıldığını vurğulayıb.
Bəzi vilayətlərdə stabilləşmə yaşandığını qeyd edən Belarus Prezidenti hər gün səhər və axşam koronavirusla bağlı vəziyyətlə maraqlandığını da diqqətə çatdırıb.
“Görünür, virus, nəhayət, zəifləyib, onun virulentliyi əvvəlki kimi deyil. Allah eləsin, belə davam etsin. Bununla belə biz ikinci dalğanı unutmamalıyıq. Heç kəs onun baş verəcəyini sübut etməsə də, biz hazırlıqlı olmalıyıq. Heç kəs də onun nə vaxt gələcəyini bilmir. Əgər payız və ya qışda olacaqsa, Allah eləsin o zamana qədər ciddi şəkildə hazırlaşa bilək”, - Belarus Prezidenti deyib.
Belarus Səhiyyə Nazirliyinin məlumata görə, bazar gününə ölkədə 36 min koronavirusa yoluxma halı aşkarlanıb.