Dövlət başçısı: "Müstəqilliyimizin ilk illərində ölkəni idarə edənlər məsuliyyətlərini dərk edə bilmədilər"

Dövlət başçısı: "Müstəqilliyimizin ilk illərində ölkəni idarə edənlər məsuliyyətlərini dərk edə bilmədilər"
# 08 noyabr 2017 14:13 (UTC +04:00)

"1971-ci ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə Azərbaycanda 1 milyardıncı ton neftin hasilatının qeyd edildiyi təntənəli mərasim keçirilib. 1970-1980-ci illərdə Heydər Əliyev Azərbaycanın ümumi inkişafına çox böyük töhfə verib, o cümlədən neft sənayesinin inkişafı üçün çox böyük addımlar atılıb. O vaxt neft hasilatının artırılması, yeni qurğuların işə düşməsi, dərin özüllər zavodunun məhz Azərbaycanda tikilməsi, neftayırma zavodunun rekonstruksiyası və digər önəmli hadisələr Azərbaycanın neft potensialını böyük dərəcədə möhkəmləndirib. O illərdə yaradılmış potensial, xüsusilə dərin özüllər zavodunun fəaliyyəti bu gün də bizim neft potensialımızı gücləndirir. Əgər vaxtilə bu zavod Azərbaycanda yox, başqa bir yerdə tikilsəydi, o zaman bizim müstəqillik dövründə xarici tərəfdaşlarla işlərimiz ləng gedə bilərdi. Dərin özüllər zavodu bugünkü bizim neft strategiyamızın həyata keçirilməsində xüsusi rol oynayır".

APA-nın məlumatına görə, bunu prezident İlham Əliyev Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə keçirilən təntənəli mərasimdə deyib.

Dövlət başçısı qeyd edib ki, Heydər Əliyev Azərbaycandan gedəndən sonra bütün sahələrdə olduğu kimi, neft-qaz sahəsində də tənəzzül yavaş-yavaş özünü büruzə verməyə başlayıb, 1990-cı illərin ərəfəsində artıq neft hasilatı ilə bağlı problemlər yaradılıb: "Müstəqilliyimizin ilk illərində bu problemlər daha da dərinləşdi. Müstəqilliyimizin ilk illəri bizim üçün çox ağır keçirdi, ölkə idarəolunmaz vəziyyətə düşmüşdü. Ölkəni idarə edənlər öz məsuliyyətlərini dərk edə bilmədilər, səriştəsiz, bir çox halda savadsız kadrlar qabağa çəkildi, ölkə xaosa büründü, anarxiya hökm sürürdü, Bakıda və digər şəhərlərdə qanunsuz silahlı birləşmələr meydan oxuyurdu və bütün bu xoşagəlməz hadisələr nəticədə vətəndaş müharibəsinə gətirib çıxardı. Yenə də Heydər Əliyev öz tarixi missiyasını icra etdi. Azərbaycanı bu böyük bəlalardan qurtardı, Azərbaycana sabitlik gətirdi, Azərbaycan inkişaf yoluna qədəm qoydu. Məhz 1993-cü ildən başlayaraq Azərbaycan bu günə qədər inkişaf yolu ilə gedir.

Ancaq Azərbaycan iqtisadiyyatına, Azərbaycan sənayesinə, o cümlədən neft sənayesinə vurulmuş zərbələr də çox ağır idi. Bugünkü mərasimdə Azərbaycanın tanınmış neftçiləri, veteranlar, o illəri yaxşı xatırlayan insanlar əyləşiblər. Onlar çox yaxşı bilirlər ki, Azərbaycan neft sənayesinin 1990-cı illərin əvvəlində vəziyyəti necə idi. Bu vəziyyətdən biz çıxış yolu axtarmalı, tapmalı idik və Heydər Əliyev neft strategiyası yeganə çıxış yolu idi. 1994-cü ildə “Əsrin kontraktı”nın imzalanması bu sahədə dönüş yaratdı".

Prezident “Əsrin kontraktı”nın imzalanmasının tarixi hadisə olduğunu vurğulayıb: "O vaxt Azərbaycan gənc müstəqil dövlət idi və qeyd etdiyim kimi, çox ağır çağırışlarla üz-üzə qalmışdı, iqtisadiyyat demək olar ki, tamamilə dağıdılmışdı, sənaye istehsalı iflic vəziyyətdə idi, inflyasiya min faizlərlə ölçülürdü, kütləvi işsizlik hökm sürürdü, yoxsulluq dərəcəsi artırdı. Belə bir vəziyyətdə Azərbaycana xarici sərmayəni gətirmək doğrudan da böyük müdriklik və uzaqgörənlik tələb edirdi və Heydər Əliyev neft strategiyası bax, bu çağırışlara cavab verdi. Xarici tərəfdaşlarla 1994-cü ildə imzalanmış “Əsrin kontraktı” bizim üçün bir çıxış yolu idi, bizə bir güc verdi, nəfəs verdi, investisiya gətirdi. Azərbaycan dünyada özünü tanıtdıra bildi. Azərbaycana, ilk növbədə, ölkəmizin neft-qaz sektoruna böyük şirkətlər tərəfindən maraq artıb, bu maraq praktiki işlərə gətirib çıxarıb.

Mən o illəri yaxşı xatırlayıram. Dövlət Neft Şirkətinin bir qrup rəhbər işçisi 1994-cü ildə danışıqlar aparmaq üçün Amerikanın Hyuston şəhərinə ezam edilmişdi. Orada bir aydan çox danışıqlar aparıldı. Xoşbəxt müəllim o danışıqların çox fəal iştirakçısıdır. Bu danışıqlar nəticəsində sentyabr ayında kontrakt imzalandı. Bu kontrakt o vaxt üçün ən məqbul və əlverişli şərtlərlə imzalanmışdı. Biz bunu elə o vaxt - 1994-cü ildə deyirdik. O vaxt bizdə kontraktın şərtlərini təhlil edə biləcək mütəxəssislər demək olar ki, yox idi. Ancaq biz deyirdik və bilirdik ki, Azərbaycanın maraqları maksimum dərəcədə təmin edildi və bugünkü reallıq onu göstərir.

Bu gün bu kontrakt qüvvədədir. Kontrakt nəticəsində Azərbaycana milyardlarla dollar sərmayə qoyulub. Kontraktın icrası nəticəsində minlərlə, on minlərlə Azərbaycan mütəxəssisi təlim alıb, təhsil alıb və bu gün konsorsiumun işçilərinin mütləq əksəriyyəti Azərbaycan vətəndaşıdır. Kontrakt nəticəsində Azərbaycanda böyük infrastruktur layihələri, böyük tikinti işləri icra edilib və ölkə iqtisadiyyatı milyardlarla, on milyardlarla dollar gəlir gətirib".

Dövlət başçısının sözlərinə görə, 1994-cü il Azərbaycanın neft sənayesində dönüş nöqtəsi olub.

“Əsrin kontraktı”nın tarixi əhəmiyyəti artıq həyatda özünü sübut etdi və eyni zamanda, bu, bir yol açdı. Göstərdi ki, gənc müstəqil dövlət olan Azərbaycan xarici tərəfdaşlarla düzgün iş qura, öz milli maraqlarını müdafiə edə bilər. Beləliklə, bizə olan maraq artdı, maraq artdıqca ölkəmizə sərmayə qoyuluşu da artmağa başladı. Bir çox kontraktlar imzalanmışdır, mən onların arasında “Şahdəniz” kontraktını xüsusilə qeyd etməliyəm. 1996-cı ildə imzalanmış bu kontrakt indi Azərbaycanın və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır.

Neftçilər yaxşı bilirlər ki, o vaxt prinsipcə qaz yataqlarına dünyada o qədər də böyük maraq göstərilmirdi. Çünki bu, aşağıgəlirli sahə hesab olunurdu və o vaxt enerji təhlükəsizliyi haqqında, ümumiyyətlə, söhbət aparılmırdı. “Şahdəniz” yatağının müxtəlif parametrləri təhlil edilərkən bir sıra mütəxəssislər bəzən belə qənaətə gəlirdilər ki, bu, iqtisadi cəhətdən o qədər də çox cəlbedici layihə deyil. Ancaq həyat onu göstərdi ki, bu, iqtisadi cəhətdən çox cəlbedici layihədir və bu layihə ölkəmizin iqtisadi, siyasi potensialının güclənməsində çox müsbət rol oynayıb", - deyə prezident bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR