“Həkəri” klubunun baş məşqçisi Cavanşir Əliyev: “Klubumuz sponsor tapa bilmədiyinə görə dağılmaq üzrədir”

“Həkəri” klubunun baş məşqçisi Cavanşir Əliyev: “Klubumuz sponsor tapa bilmədiyinə görə dağılmaq üzrədir”
# 27 iyul 2007 13:28 (UTC +04:00)
“Klubumuz rəsmi sponsor olmadığından dağılmaq üzrədir. İmkanlı şəxslərə klubumuzun Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filialındakı hesabına pul köçürməsi ilə bağlı müraciət edirik”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri “Həkəri” futbol klubunun təsisçisi və baş məşqçisi Cavanşir Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib. C. Əliyev işğal olunmuş Qubadlını təmsil edən “Həkəri”yə qarşı biganə münasibətin olmasından təəssüfləndiyini söyləyib: “İşğal olunan Qubadlının əhalisinin 80 faizi kompakt halında məskunlaşdığı Sumqayıtda komanda yaradırıq. Son illərdə futbolumuz inkişafda olsa da, klubumuz lazımi diqqətdən kənarda qalıb. Öz imkanlarımız daxilində, qubadlılı tanış iş adamlarının köməyi sayəsində “Həkəri”ni beş ildir saxlayırıq. Ancaq maliyyə problemlərinə görə, klubumuz dağılmaq təhlükəsi ilə üzləşib. İştirak etdiyimiz Bakı birinciliyində maliyyə probleminə görə iki oyuna gedə bilmədiyimizdən texniki məğlubiyyət aldıq. Hazırda yüksək liqa klublarında çıxış edən yetirmələrimiz olan bir sıra futbolçularla müqavilə bağlaya bilmədiyimizdən onlara görə kompensasiya ala bilmırik. Qubadlının imkanlı adamlarından komandamıza dəstək olmasını xahiş edirik. Bizə maliyyə cəhətdən dəstək olanları əmin edirəm ki, onlar qətiyyən buna görə peşman olmayacaqlar. Maliyyə dəstəyi olarsa, komandamız birinci dəstədə oynamağa hazırdır. “Həkəri” Ağdamın “Qaraba𔝠klubunun ardınca işğal olunmuş ikinci rayon komandası kimi çempionatda təmsil oluna bilər”. O, indiyədək AFFA rəhbərliyinə də müraciət etdiklərini söyləyib: “AFFA-ya dəfələrlə müraciət etmişəm. Federasiyanın prezidenti Ramiz Mirzəyevin, sabiq baş katib Fuad Əsədovun qəbulunda olmuşam. Ancaq bu görüşlərin lazımi nəticəsi olmayıb. İndiyədək AFFA-dan iki dəfə forma almışam ki, bunlar da keyfiyyəti tez itiriblər. AFFA-ya UEFA-nın xətti ilə futbolun inkişafına vəsaitlər ayrılır, qurumun xətti ilə süni örtüklü meydançalar tikilir. Ancaq “Həkəri” futbol klubu hələlik bundan fayda görməyib”. Mətbuat nümayəndələri ilə görüşdə iştirak edən Qubadlıdan olan iş adamları, ziyalılar, ağsaqqallar vəziyyətdən çıxış yolu ilə bağlı fikirlərini bildirib. Dünya Azərbaycanlıları Konqresinin sədrinin müşaviri, əslən Qubadlıdan olan Xəzər Emin məsələyə konkret yanaşmağın vacibliyini vurğulayıb: “Qubadlı rayon rəhbərliyi kluba bacardığı köməyi edir. Ancaq hər şeyi onlardan gözləmək də düzgün olmazdı. 100 min dollarlıq avtomobillərdə gəzən, restoranlarda gündə 1000-2000 dollar pul xərcləyənlər üçün kluba maliyyə köməyi göstərmək çətin olmaz. Lazım gələrsə, belə şəxslərin qarşısında sponsorluq məsələsini birbaşa tələb kimi qoymaq olar. Ancaq gəlin baxaq, biz özümüz nə etmişik. Kluba sponsor cəlb etmək üçün konsepsiya, maliyyə smetası, büdcə, strategiya qurulmalıdır. Ziyalılardan, rayon ağsaqqalından ibarət idarə heyəti yaradılmalı və ayda bir dəfə görüşlər keçirilməlidir”.
Qeyd edək ki, 2002-ci mayın 10-da təsis edilən, həmin ilin noyabrın 20-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçən “Həkəri” futbol klubu üç yaş qrupunda fəaliyyət göstərir və indiyədək AFFA ilə Azərbaycan Gənclər və İdman Nazirliyinin bayrağı altında keçirilən müxtəlif birinciliklərdə yüksək yerləri tutub. 2003/04 mövsümündə AFFA-nın həvəskarlar arasında keçirdiyi çempionatının qalibi olan “Həkəri” bu nailiyyətə görə diplom və kubokla, C. Əliyev isə medala təltif edilib. /APA-Sport/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR