“G-20”-nin 21-ci üzvü: Azərbaycan - TƏHLİL

Bakı – APA. 2015-ci ilin dünyada ağır iqtisadi və maliyyə böhranı ili olacağı gözlənilir.

Neftin sürətlə ucuzlaşması, aparıcı dövlətlərdə bank sektorunun ciddi problemlərlə üzləşməsi, müxtəlif ölkələrə tətbiq olunan sanksiyalar səbəbilə dünya iqtisadiyyatında tarazlığın pozulması bu böhranın ilkin əlamətləridir. Böyük Britaniyanın baş naziri Devid Kemeronun proqnozuna görə, böhran prosesi 2015-ci il ərzində kulminasiya nöqtəsinə çatacaq və nəticəsi əvvəlki böhranlardan qat-qat ağır olacaq. Bu proqnoz ötən ay uğursuzluqla nəticələnən “G-20” sammitinin yekununda səsləndirilib.

 

Sammitə bir sıra qlobal məsələlərin, ilk növbədə isə iqtisadi böhran və enerji problemlərinin həlli baxımından ümidlə yanaşılsa da, iştirakçı dövlətlərin maraqları uzlaşdıra bilməməsi bu ümidləri puça çıxarıb. Bununla belə, həm “G-20” üzvlərinin, həm də müşahidəçilərin yekdil olduğu bir fikir var  - qlobal problemlərdən xilas olmağın tək yolu maraqları ortaq məxrəcə gətirəcək müzakirə platformasının mövcudluğudur və bu kontekstdə “Böyük iyirmiliyin” rolu əvəzsizdir. 15 il əvvəl yaradılan “G-20” ittifaqı hələ də öz aktuallığını qorumaqdadır və qlobal problemlərin miqyasının genişlənməsi bu siyasi platformanın önəmini birə-beş artırır.

 

Türkiyə “G-20” sammitinə məhz belə bir dönəmdə sədrlik edəcək. Dekabrın 21-dən ittifaqa sədrlik Türkiyəyə keçəcək və beynəlxalq sistemin yeni inkişaf istiqamətlərinin müəyyənləşməsi Ankaranın sədrliyi dövrünə təsadüf edəcək. “G-20” hər nə qədər qlobal iqlim dəyişikliyi, inkişaf modelləri, korrupsiyaya qarşı mübarizə, yoxsulluq probleminin aradan qaldırılması kimi məsələlərlə məşğul olsa da, bu ittifaqın əsas hədəfi beynəlxalq iqtisadi sistemin sabit inkişafına nail olmaqdır. Təbii ki, sabit iqtisadi inkişaf olmadan digər qeyd olunan problemlərin həlli mümkün deyil, bu səbəbdən sadalanan fəaliyyət sahələri “G-20” kontekstində nisbətən deklarativ xarakter daşımaqdadır. Bu baxımdan “G-20”-yə qlobal iqtisadiyyatın idarə olunması strukturu kimi baxmaq lazımdır. 2015-ci il ərzində quruma sədrlik edəcək Türkiyə əsas hədəflərini əhatəlilik, tətbiqetmə və investisiyalar şəklində açıqlasa da, əsas vəzifəsi qlobal böhranın təsirini minimuma endirmək, bunun üçün isə “G-20”-də təmsil olunan dünyanın əsas iqtisadi güclərinin maraqlarını ortaq nöqtəyə gətirmək olacaq. Ankara iqtisadi inkişafın təzə doğulmuş körpə olduğunu, onun birdən-birə deyil, aybaay, ilbəil böyüdüyü gerçəyini bilir və Türkiyənin üzərinə düşən əsas vəzifələrdən biri 2015-ci ildə qlobal iqtisadiyyatın inkişafı prosesini, “G-20”-nin qarşısına qoyduğu hədəflərə çatmasını düzgün koordinasiya etmək olacaq.

 

Dünya iqtisadiyyatının 85, qlobal ticarətin 75 faizi “G-20” ölkələrinin payına düşür, dünya əhalisinin 2/3 hissəsi “G-20” üzvü olan ölkələrin - ABŞ, Avropa İttifaqı, Çin, Yaponiya, Türkiyə, Almaniya, Rusiya, Hindistan, İngiltərə, Fransa, İtaliya, Kanada, Meksika, Braziliya, Argentina, Cənubi Koreya, İndoneziya, Avstraliya, Cənubi Afrika Respublikası və Səudiyyə Ərəbistanı ərazisində yaşayır. “Böyük iyirmiliyin” əsas hədəfi bu ittifaqa daxil olan ölkələrin məcmu ümumi daxili məhsulunun həcmini yaxın 3 il ərzində 2,1 faiz artırmaqdır. Bu isə iştirakçı dövlətlərdən

  1. qlobal iqtisadiyyata töhfə verəcək, inkişaf etməkdə olan ölkələrin ərazisində və regionlarda iqtisadi mənzərəni kökündən dəyişəcək layihələrin dəstəklənməsini;
  2. qlobal infrastruktur investisiyası boşluğunun doldurulması üçün əməkdaşlığı genişləndirməyi və təşəbbüsləri dəstəkləməyi;
  3.  maliyyə sektorunun böhranlardan sığortalanması üçün qarşılıqlı razılaşmaların əldə edilməsini;
  4. Qlobal planda energetika sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir.

 

Təbii ki, “G-20” üzvlərinin öz qarşılarına qoyduqları digər tələblər də var. Lakin gözlənilən iqtisadi böhran ərəfəsində məsələn qlobal iqlim dəyişiklikləri kimi önəmli məsələ təbii ki arxa plana keçir və “G-20” iqtisadi inkişafa nail olmağa taktiki və strateji məqsəd, iqlim dəyişikliyi, korrupsiyaya qarşı mübarizə, yoxsulluq səviyyəsinin aşağı salınmasına isə uzunmüddətli hədəf kimi baxır.

 

Göründüyü kimi, Türkiyənin “G-20”-yə sədrliyi nə qədər yüksək etimad olsa da, çox ağır dövrə təsadüf edir və ölkənin üzərinə böyük məsuliyyət qoymuş olur. Bu ali platformanın fəaliyyətini bir il ərzində koordinasiya etmək Türkiyəyə bir sıra üstünlüklər vermiş olur ki, bunlardan ən önəmlisi Ankaranın diplomatik manevr və təsir imkanlarının dəfələrlə artmasıdır. Bu, qondarma “erməni soyqırımı”nın 100 illiyi, Yaxın Şərqin yenidən bölünməsi ərəfəsində Türkiyə üçün son dərəcə vacibdir. Türkiyənin əldə etdiyi üstünlüklər paralel olaraq bu ölkənin strateji müttəfiqi olan Azərbaycana da üstünlüklər qazandırır, ölkəmizin qlobal dünyada xüsusi çəkisini bir az daha artırmış olur. Səbəb - Türkiyənin dəvəti əsasında Azərbaycanın 2015-ci ildə “G-20” formatında bütün toplantılara, o cümlədən gələn ilin noyabrında Antalyada keçiriləcək Liderlər Sammitinə tam hüquqlu üzv kimi qatılacağıdır. “G-20” formatına əsasən, quruma sədrlik edəcək ölkə bir dövləti sammitə dəvət etmək hüququna malikdir və Ankara rəsmi açıqlamada göstərildiyi kimi özəl münasibətlərə və qardaşlıq bağlarına əsaslanaraq bu hüquqdan Azərbaycanın lehinə istifadə edib. Onlarla ölkənin lobbiçilik fəaliyyətinə rəğmən Azərbaycan üzərində seçim edilməsi iki ölkə arasında strateji əməkdaşlığın ruhuna tam uyğundur. Türkiyə bu əməkdaşlıq əsasında üzərinə götürdüyü öhdəliyə sadiq qalaraq Azərbaycanı “G-20” sammitində iştiraka dəvət edib.

 

Təbii ki, Türkiyənin bu addımı Azərbaycan tərəfindən yüksək qiymətləndirilir və prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla telefon danışığında bu dəvətdən məmnuniyyət duyduğunu, Azərbaycanın “G-20”-nin bütün fəaliyyətlərinə ən yüksək səviyyədə qatılacağını bildirib. Bəs nə üçün Azərbaycan? Səbəb təkcə strateji əməkdaşlıqdırmı? Hipotetik müstəvidə Türkiyənin sammitə Azərbaycanı deyil, digər bir dövləti dəvət etdiyini düşünək. Bu, ilk növbədə obyektiv faktorların - Ankaranın qeyd etdiyi dostluq, qardaşlıq əlaqələrinin və özəl münasibətlərin və bizim qeyd etdiyimiz strateji müttəfiqlik münasibətlərinin ruhuna zidd olar və iki dövlət arasında etimadı sarsıdardı. İkincisi, və ən əsası isə Azərbaycanın “G-20”-nin 2015-ci ildə və ümumiyyətlə, növbəti illərdə qarşısına qoyduğu hədəflərin reallaşmasında mühüm rol oynaya biləcəyi ilə bağlıdır. 

 

  1. Azərbaycan qlobal iqtisadiyyata töhfə verəcək, Cənub-Şərqi Asiya regionundan Avropaya qədər böyük bir ərazini əhatə edən iki qlobal layihənin – Bakı-Tiflis-Qars dəmiryolu və TACİS proqramının təşəbbüskarı və iştirakçısıdır. “G-20”-nin öz qarşısına qoyduğu əsas hədəfə çatmaq üçün üzərinə götürdüyü öhdəliklərdən biri bu kimi təşəbbüslərin mütləq dəstəklənməsidir.
  2.  Azərbaycanın neftdən əldən etdiyi gəlirlər ölkənin investisiya imkanlarını artırıb. Qlobal iqtisadi böhrandan əsas çıxış yollarından biri qlobal infrastruktur investisiyası boşluğunu doldurmaqdır ki, ölkəmiz bu işdə də, özəlliklə regional layihələrin maliyyələşdirilməsində öz töhfəsini verə bilər.
  3. Uzun illərdir maliyyə sektorunda stabilliyə nail olan Azərbaycan ilk iki iqtisadi böhranın təsirindən sığortalanmağı, bəzi hallarda isə böhranın təsirindən yararlanmağı bacarıb. Azərbaycanın bu təcrübəsi “G-20” üzvü olmayan aşağı gəlirli inkişaf etməkdə olan ölkələrin qlobal iqtisadiyyatda payının və inkişaf səviyyəsinin  artırılmasında istifadə oluna bilər ki, bu da “Böyük iyirmiliyin” əsas hədəflərindəndir.
  4. Ən nəhayət, “G-20” hədəflərinə çatmaq üçün qlobal planda energetika sahəsində əməkdaşlığın daha da gücləndirilməsini vacib sayır ki, Azərbaycan hətta 2015-ci ildə “G-20”-nin iştirakçısı olmasa belə, energetika sahəsində əməkdaşlığın vazkeçilməz oyunçularından biri sayılır. “G-20”-nin bu istiqamətdə fəaliyyətində əsas ixrac boru kəmərlərinə sahib, enerji nəqli marşrutlarının diversifikasiyası prosesinin aktiş iştirakçısı olan Azərbaycanın xüsusi rola sahib olduğunu söyləmək artıqdır.  

Türkiyənin Azərbaycan seçiminə təsir göstərən əsas faktorlardan biri də Azərbaycanın çoxvektorlu xarici siyasət yürütməsidir. Rəsmi Bakı ittifaqlarla deyil, ittifaqla üzv dövlətlərlə fərdi münasibətlərin inkişafına üstünlük verməklə daimi üstünlük qazanıb və çoxsaylı maraqların toqquşduğu regionda öz maraqlarını məhz bu siyasi kurs nəticəsində qoruya bilib. Azərbaycanın bir-biri ilə kəsişən və toqquşan maraqları olan, qütbləşmənin əsas iştirakçısı sayılan bütün “G-20” üzvləri ilə normal ikitərəfli münasibətlərə malikdir və “G-20”-yə sədrlik edəcək Türkiyənin maraqların uzlaşdırılması missiyasını yerinə yetirmək üçün strateji müttəfiqi Azərbaycanın da imkanlarından istifadə edə biləcək.

 

Vüqar Məsimoğlu, APA Analitik Mərkəzi

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

04:47 24 İyul
15:05 22 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanli genc ermenistanin rusiyadaki sefirliyinin qarsisinda etiraz aksiyasi kecirib
    Azərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyinin qarşı...
  • erdogan abs i turkiyeni aldatmamaga cagirib
    Ərdoğan ABŞ-ı Türkiyəni aldatmamağa çağırıb
erdogan abs i turkiyeni aldatmamaga cagirib erdogan abs i turkiyeni aldatmamaga cagirib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ