Mənzərədən qeydlər (II yazı) - TƏHLİL

Bu bizim “sərhədi açmaq” məsələmiz

Əvvəli: http://az.apa.az/news/363745

 

İstanbul. Mayis Əlizadə - APA. 10 il əvvəlki Türkiyədə  Ermənistanla münasibətlərin  “normallaşdırılmasından” yox,  “soyqırım” iddialarının “söz və ifadə azadlığı çərçivəsində gündəmə gətirilə bilməsindən” danışılırdı. İki ölkə arasında diplomatik münasibətlər qurulması üçün cəhd göstərərək Türkiyə Cümhuriyyətinin İrəvanda səfirlik açmasını istəyən, səfirliyə rəhbərlik edəcək adamı belə müəyyənləşdirən  prezident Turqut Özalın bu niyyətinə Ter-Petrosyan müsbət reaksiya versə də, Özalın qəfil ölümü (17 aprel 1993) bu planı gündəmdən çıxarmışdı. Görünür, ermənilərin Kəlbəcəri işğal etməsi Özalın planlarına o qədər mənfi təsir göstərmişdi ki, işğaldan 1 həftə sonra Türk dövlətlərinə səfərə çıxarkən Ankara aeroportunda mənim də gözümün qabağında “Sərhəddə təlim keçirəcəyik, o tərəfə 2-3 mərmi düşsə, nə olacaq ki?” şəklində bəyanat verməkdən çəkinməmişdi (Türkiyədəki erməni icmasının liderləri Özalın bu sözünü heç vaxt unutmurlar).

 

Kəlbəcərin işğalına cavab olaraq isə Dəmirəl hökuməti Türkiyə-Ermənistan sərhədini qapatdığını açıqlamışdı (qərarı hökumət sözçüsü Akın Gönən elan etmişdi). Ter-Petrosyanı “öz tərəfinə çəkmək üçün” Türkiyə Tansu Çillərin baş nazir olduğu vaxtlarda MHP lideri Alparslan Türkeş üzərindən cəhd göstərmiş, Konya mənşəli Türkiyə ermənisinin Parisdəki səfir Tanju Bledağ vasitəsiylə təşkil etdiyi Türkeş-Petrosyan görüşü də nəticəsiz qalmışdı. 1998-də prezident kreslosuna oturar-oturmaz Robert Köçəryan Türkiyə ilə hər hansı formada əlaqə yaratmaq üçün göstərilə biləcək bütün cəhdlərə son qoymuşdu. 2004-cü ilin iyununda NATO-nun İstanbuldakı zirvə toplantısına “düşmən ölkədə keçirildiyini” səbəb göstərərək gəlməyən Köçəryanın xarici işlər naziri Vardan Oskanyan zirvə toplantısında mənə verdiyi müsahibədə Türkiyə ilə heç bir ön şərt olmadan danışıqlara başlaya biləcəklərini, bunun üçün isə Ermənistan-Azərbaycan münaqişəsinin gündəmə gətirilməməsini və sərhədin qeyd- şərtsiz açılmasını istədiklərini bildirmişdi. Bir gün əvvəl erməni patriarxiyasında “Azərbaycanla danışıqlarda Türkiyənin vasitəçilik edə biləcəyinə pozitiv yanaşa biləcəyini” deyən Oskanyan mənə verdiyi müsahibədə “Azərbaycanla qardaş olan Türkiyə üzərindən bölgədə üçtərəfli danışıqların mümkün olmayacağını, çünki Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətlərinin danışıqların obyektiv zəmində başlamasına və irəliləməsinə əngəl olduğunu bir neçə dəfə təkrarlamışdı.

 

Türkiyə ilə münasibətlərin Köçəryan tərəfindən “düşmən” mötərizəsinə alınması onun hakimiyyət kreslosunu tərk etməsinə qədər davam etdi. Ermənistan və Qərbdəki erməni lobbisinin Türkiyə üzərində o vaxt qurmaq istədiyi təzyiq taktikasına Ankara  baş nazir Ərdoğanın məktubuyla cavab verdi: Türkiyənin Tiflisdəki səfirliyi üzərindən Köçəryana məktub göndərən Tayyip Ərdoğan “soyqırımı” məsələsinin iki ölkə alimlərinin və dünyadan bitərəf tədqiqatçıların daxil olacağı komissiyaya həvalə edilməsini təklif etsə də, Köçəryandan məktuba heç bir cavab verilmədiyi kimi, 2006-cı ilin payızına kimi ölkə içində davam edən müzakirə və mübahisələrdə “sərhədin qapalı olması” heç kimin yadına düşmürdü. 2006-nın axırına gələndə isə “soyqırımı” məsələsi hamı üçün arxa plana keçdi. O vaxtlar şərhlərinə tez-tez müraciət etdiyim keçmiş xarici işlər naziri Yaşar Yakış həmişə bu sözləri təkrarlayıb dururdu: biz bu işlərlə ara qızışanda məşğul olub sonra unuduruq, elə isə bu işlərlə gündəmdə olmadığı vaxtlarda daha soyuqqanlı şəkildə məşğul olmaq lazımdır.

 

2007-ci ilin avqustunda parlament Abdullah Gülü prezident seçincə, yeni hökumətin xarici işlər naziri Əli Babacan oldu; Gül, xarici siyasətdə öz çəkisini hiss etdirməkdə qərarlıydı, o vaxta qədər həm xarici işlər nazirinə, həm də baş nazirə baş müşavirlik edən Əhməd Davudoğlu isə səhnənin arxa tərəfindən çıxaraq önündə yer almağa başladı; həm də təsirli və aktiv şəkildə. 2008-in əvvəlində Ermənistanda iqtidarı Sarkisyanın təhvil alması böyük ölçüdə  Qərbdə, müəyyən dərəcədə isə Türkiyədə bu işə “angaje” olmuş şəxslərdə belə bir illüziya yaratdı ki, Sarkisyanla Türkiyə-Ermənistan münasibətlərinin “normallaşdırlması” üçün lazımi addımlar atıla bilər. Bu istiqamətdə ilk müraciət də Qərbdən gəldi: ABŞ Dövlət Departamenti icra aparatı rəhbərinin müavini münasibətləri “normallaşdırmaq” üçün Türkiyə və Ermənistan rəhbərliyinə çağırış  etdi. Arxa planda bu istiqamətdə işlərin yürüdüldüyünün ortaya çıxmasını gözləmək üçünsə çox vaxt tələb edilmədi: 8 avqust 2008-də Rusiyanın Gürcüstana hücum etməsinə baş nazir Ərdoğanın 12 avqustda Moskvaya gedərək Kremlə “Qafqaz sabitlik və əməkdaşlıq paktı” təklif etməsinə paralel olaraq, ictimaiyyət üçün “Ermənistanla yaxınlaşma” təbliğatına başlandı. 31 avqustda Gürcüstanın o vaxtkı xarici işlər naziri Eka Tkeşelaşvili, 2 sentyabrda isə Rusiya xarici işlər naziri Sergey Lavrov İstanbulda xarici işlər naziri Ali Babacanla Gürcüstan məsələsini müzakirə edərkən Türkiyə mediası tamamilə prezident Abdullah Gülün 6 sentyabrda İrəvana 1 günlük səfərinə indekslənmişdi. “Eyni torpaqların uşaqlarıyıq” - paroluyla İrəvana futbola baxmağa gedən prezident Gülün səfərini baş müşavir Əhməd Davudoğlu yönləndirmiş, 1 günlük səfərdə prezidenti müşayiət edən Türkiyə köşə yazarlarının klaviatura şüaları da məhz cənab Davudoğlunun üzərinə fokuslanmışdı. 8 sentyabrda Çankaya iqamətgahında prezident Gül ilə 1 saatlıq görüşümüzün 30 dəqiqəsi APA üçün müsahibəyə, 30 dəqiqəsi isə fikir mübadiləsinə həsr edilmişdi. 22 aprel 2005-ci ildə İstanbulda əcnəbi mətbuata brifinq verərkən avropalı jurnalistlər xarici işlər naziri Gülü “Türkiyədəki ermənilərin nəvə-nəticələrinə təzminat ödənməsi üçün” küncə sıxışdıranda mən “Ermənistan parlamenti Qarabağla əlaqədar 2 gün gizli iclas keçirdi, müdafiə naziri Serj Sarkisyan Türkiyəyə ağıza alınmayacaq  təhqirlər sovurdu. Bunun qarşılığında Ermənistanla yaxınlaşma niyyətinizi davam etdirməyiniz mümkündürmü?” sualımı müşavirinin uzatdığı qeydə baxaraq cənab Gül, “Bizdə o barədə məlumat yoxdur” - sözləriylə cavablandırmışdı.

 

Çankayadakı fikir mübadiləmizdə “Bu təşəbbüsü Qərbin tövsiyə və yönləndirməsiylə edirsiniz, yoxsa şəxsi istəyinizlə və ya dövlət siyasəti kimi” sualıma prezident Gül “Bunlar mənim xoş niyyətli şəxsi təşəbbüslərimdir. Əmin ol ki, işğal altındakı Azərbaycan torpaqları məsələsi donmuş vəziyyətdə qaldıqca daha çox qalacaq. İndi lazımi addımları atmasaq, problem daha da içindən çıxılmaz vəziyyətə gələcək. Mən bölgəyə sülh və rifah gəlməsini istəyirəm” - sözləriylə qarşılıq vermişdi.

 

- Sizdən 1 gecə əvvəl Sarkisyan Moskvadaydı, səfəriylə bağlı sizə nəsə dedimi, sizin xoş niyyətli təşəbbüsünüz İrəvanı göbəkdən bağlı olduğu Kremldən az da olsa, ayırıb bu tərəfə çəkməyə kifayət edəcəkmi?”

 

- Bu barədə heç nə demədi. Azərbaycanda mətbuat məni bu addımıma görə tənqid edirmi? İstəsəydim, sərhədi Qarsdan maşınımla keçərdim, amma sırf Azərbaycanın mənafeyini düşünərək və sərhədlə bağlı polemika yaratmamaq üçün bunu etmədim, xidmət maşınımı Tiflis üzərindən İrəvana göndərtdirdim. Sərhəd məsələsində həm Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması, həm də Türkiyəyə qarşı iddialardan vaz keçilməsi üçün təkid edəcəyəm.

 

Dialoq bu şəkildə olmuşdu.

 

Prezident Gülün bu düşüncələrinə paralel olaraq, baş müşavir Davudoğlu Qərbə “Gəncədən hərəkət edən bir avtomobilin Laçın koridorundan keçərək Ermənistandan  Türkiyəyə və buradan Avropaya getməsinin xəyal olmayacağını” izah etməyə çalışırdı. Nəticədə prezident Gülün “futbol diplomatiyası” çərçivəsində İrəvana 1 günlük səfəri Türkiyənin gündəmindən çıxsa da, o səfər Bakının ürəyinə “xal salmışdı”, çünki 14 noyabr 2009-da Serj Sarkisyanın da eyni çərçivədə Türkiyə-Ermənistan matçına baxmaq üçün Bursaya gəlməsi razılaşdırılmışdı. Dekabrda xarici işlər naziri Babacan İstanbulda erməni həmkarı Nalbandyanla görüşmüş, mətbuat konfransında Nalbandyanın “münasibətlərin heç bir ön şərt olmadan normallaşdırılması”na dair açıqlamasından sonra mənim “Hörmətli nazir, sərhədi açırsınızmı” sualıma Babacan, “Təyyarəyə gecikirik”- sözləriylə cavab verməyi uyğun görmüşdü.

 

2008-in payız və qış aylarındakı gizli və ya açıq proseslərlə bağlı təmkinini qoruyan Azərbaycanın səbrini 2009-cu ilin fevralında mediaya düşən bir iddia daşırdı: iddia bundan ibarət idi ki, Ermənistanla gizli danışıqlarda Türkiyə Qarabağ məsələsini gündəmdən çıxarıb. Mart ayında iki ölkə arasındakı münasibətlərin yüksələn təzyiqin  aprelin əvvəlində İstanbulda keçirilən “Sivilizasiyalar alyansı” zirvəsini prezident İlham Əliyevin boykotuyla  zirvəyə çatdı. Prezident Gül, baş nazir Ərdoğan və ABŞ dövlət katibi Klintonun təkidlə dəvətinə və o günlərdə Türkiyədə olan prezident Obamanın da görüşmək istəməsinə baxmayaraq, cənab Əliyev İstanbula gəlməyi rədd etdi. Xaricə ilk rəsmi səfərində Türkiyəyə gəlib 9 apreldə parlamentdə çıxış edən Obama seçki vədinə sadiq qalaraq, Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin “normallaşdırılması”nın və Türkiyənin öz tarixiylə “üzləşməsi”nin vacibliyini dilə gətirməklə qalmayıb, İstanbulda Ermənistan xarici işlər naziriylə də görüşərək  Türkiyə-Ermənistan münasibətlərinin “normallaşdırılması” barədə söhbət etmişdi.

 

Azərbaycanın incikliyi davam edərkən 1 mayda hökumətin tərkibində geniş dəyişikliyə gedən baş nazir Ərdoğan Türkiyənin parlamentar üsuli-idarə ənənəsində çox rastlanmasa da, millət vəkili olmadığı halda, Əhməd Davudoğlunu xarici işlər naziri vəzifəsinə gətirmişdi. Hökumətə yaxın olan siyasi şərhçilər millət vəkili olmayan Davudoğlunun xarici işlər naziri vəzifəsinə gətirilməsini “Qərbin bölgədə həyata keçirməyi düşündüyü planların əsas icraçısına verilmiş aktiv rol” sözləriylə xarakterizə etmişdilər. Xüsusilə, Qafqaz bölgəsində Azərbaycanın razılığı olmadan atılacaq addımın təkcə Bakının deyil, Türk toplumunun da sərt reaksiyasına məruz qalacağını görən baş nazir Ərdoğan yanına hökumətinin bir neçə önəmli üzvünü də alaraq Bakıya getdi və 14 mayda Azərbaycan Milli Məclisindəki çıxışında “Türkiyə-Ermənistan sərhədinin gələcəyi” ilə bağlı çıxışında çəkdiyi qırmızı xətlə həm Türkiyənin mövqeyini açıq şəkildə ortaya qoydu, həm də Azərbaycana vəd verdi: Türkiyə-Ermənistan sərhədinin açılması səbəb-nəticə əlaqəsinə bağlıdır. Sərhədin qapadılmasının səbəbi Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalıdır. Açılması isə torpaqların işğaldan azad edilməsi nəticəsində olacaq.

 

Ermənistan və erməni diasporu o gündən bəri Ərdoğanın o sözlərini “Türkiyənin Ermənistan siyasətini Azərbaycanın ipotekasına verməsi” kimi dünya ictimaiyyətinə sırımağa çalışır. Ancaq Ərdoğanın məşhur çıxışına baxmayaraq, yay aylarında Türkiyə-Ermənistan münasibətlərinin “normallaşdırılması” üçün gizli görüşlər apardıldığı avqustun axırında məlum olacaqdı.

 

Proseslərin ən “kritik” nöqtəsini təşkil etmiş Sürix protokolları və Azərbaycanın döminə etməyə başlayacağı yeni dönəm barədə növbəti yazıda...

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:04 25 Mart
09:04 25 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sabah hava yagmursuz olacaq
    Sabah hava yağmursuz olacaq
  • almaniyanin futbol uzre milli komandasi bakiya gelib
    Almaniyanın futbol üzrə milli komandası Bakıya gəlib
almaniyanin futbol uzre milli komandasi bakiya gelib almaniyanin futbol uzre milli komandasi bakiya gelib +2
MƏZƏNNƏ
FOREX
/ 25 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ