Brüsseldə Azərbaycanın turizm imkanlarına dair tədbir keçirilib

Bakı – APA. Brüsseldə Avropa Mətbuat Klubunda Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Benilüks ofisinin təşkilatçılığı ilə Azərbaycanın turizm imkanlarına dair forum keçirilib.

 

TEAS-dan APA-ya verilən məlumata görə, forum 2016-cı ilin mart ayında Azərbaycan prezidenti tərəfindən iqtisadiyyatın diversifikasiyasına dair sərəncamın imzalanması və bu sərəncamın icrası ilə bağlı prezidentin 2016-cı ilin sentyabr ayında verdiyi qərardan sonra baş tutub.

 

Bu sərəncamda turizmin inkişafı dörd prioritet sektordan biri kimi qeyd edilir. Bu, Turizm Şurasının təsis və yeni hava yollarının müəyyən edilməsinə, dəniz və büdcə turizminin genişlənməsinə, eləcə də turizm sahəsində təhsil mərkəzlərinin yaranmasına yol açıb.

 

Tədbirdə məlumat verilib ki, yeni “viza ölkəyə girişdə verilir” rejimi qüvvəyə mindikdən sonra rəsmi rəqəmlərə əsasən 2016-cı ilin yanvar-iyun aylarında Azərbaycana Körfəz Əməkdaşlığı Şurası (GCC) ölkələrindən 30 mindən artıq turist gəlib. Azərbaycanda və xüsusilə Bakıda bir həftəlik tətil üçün uçuş qiyməti də daxil olmaqla, orta hesabla 700 dollar xərc baxımından çox real bir dəyərdir və burada keyfiyyətin səviyyəsi aşağı düşmür. Bütövlükdə, bu müddətdə ölkəyə 972 min turist gəlib.

 

Tədbirdə çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin Benilüks ofisinin direktoru, Belçikanın sabiq xarici ticarət naziri Mark Vervilghen bunu deyib: “Hətta səyahətlərin həyat tərzimizin bir hissəsi olduğu Benilüks ölkələrində də biz möhtəşəm Azərbaycan haqqında xəbərsizik. Bu ölkə çox mühüm coğrafi məkanda, çoxsaylı yolların kəsişməsində – Avropa və Asiya, Şərq və Qərb arasında yerləşir”.

 

Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, Avropa İttifaqı yanında Daimi Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov isə bildirib ki, Azərbaycan Avropaya daha da yaxınlaşır və Avropa dəyərlərinə hörmətlə yanaşır: “Mən Belçika və digər Avropa ölkələrindən olan dostlarımızı ölkəmin turizm imkanları haqqında düşünməyə çağırıram. Biz Avropa İttifaqı ilə əməkdaşıq haqqında yeni sazişin imzalanması istiqamətində çalışırıq. Bu, yeni turizm imkanları yaradacaq. Burada iştirak edənlərin hamısını öz ölkəmə dəvət edirəm”.

 

“KPMG Azərbaycan” şirkətinin Hüquq Xidmətləri Departamentinin direktoru və Azərbaycan-ABŞ Ticarət Palatasının (AMCHAM) Turizm Komitəsinin rəhbəri Fərid İsayev isə bunları deyib: “AMCHAM tövsiyə edib ki, “ölkəyə girişdə viza” verilməsini təmin edən ölkələrin siyahısı genişləndirilməlidir və buraya Avropa ölkələri və ABŞ da daxil edilməlidir. Biz, həmçinin, tövsiyə edirik ki, “Açıq Səma” siyasəti həyata keçirilməlidir və bununla hava daşıyıcılarının sayı artırılmalı və rəqabəti artırmaqla qiymətlərin aşağı düşməsinə şərait yaradılacaq”.

 

“Nomade Aventure” şirkətinin sahə meneceri, bu yaxınlarda “TV5 Monde” kanalında nümayiş etdiriləcək Azərbaycan bölgələrinin füsunkar gözəlliyi haqqında tam metrajlı filmin prodüseri İssa Smatti bildirib ki, bu filmin ərsəyə gəlməsi üçün Bakıdan 200 km aralıda yerləşən Xınalığa səfər edib: “Bu şəhərciyin əhalisi unikal bir dildə danışır və irslərini itirmədiklərinə görə çox fəxr edirlər. Orada otel yoxdur, şəxsi evlərdə qalmaq lazımdır. Bu çox rahatdır və insanlar çox qonaqpərvərdirlər. Onların mətbəxi də çox gözəldir. Azərbaycanın şimal bölgəsində yaşayan azərbaycanlılar xaricilərə ehtiramla yanaşırlar”.

 

Leuven Universitetinin professoru, “Travel” jurnalının təsisçisi və baş redaktoru Robrext Villaert isə hesab edir ki, Azərbaycanı Belçikada heç tanımırlar: “Bunun üçün hərtərəfli təbliğat platformasına ehtiyac var. Belçika spesifik bir bazardır və istehsalçı şirkətlər çox vaxt məhsulu sınamaq üçün onu mini Avropa kimi qəbul edirlər. Belçikalılar yeni məkanlarda təcrübə əldə etməyi sevirlər. Bunun üçün mövcud və yeni medianın imkanlarından istifadə etməklə, təşviqat və təbliğat proqramının olması zəruridir. Azərbaycan başqalarından seçilən unikal mədəni irsinə xüsusi diqqət yetirməlidir. Benilüks ölkələrində təbliğat aparılsa, 5 il ərzində buradan olan turistlərin sayı başqalarını üstələyəcək”.

 

“Gilan Hospitality Group” şirkətinin baş icraçı direktoru Elgün Məmmədov isə xatırladıb ki, əcnəbilər 10 il öncə Azərbaycana yalnız işgüzar səfər məqsədi ilə gəlirdilər: “2014-cü ilə qədər buraya gələn turistlər əsasən MDB ölkələrindən, Türkiyə və Avropadan idi. Lakin bundan sonra turistlər əsasən Körfəz Əməkdaşlığı Şurası (GCC) ölkələrindən gəliblər. Azərbaycan 2012-ci ildə Avroviziya mahnı müsabiqəsini keçirəndə, turizm sektorunda böyük fəallaşma olub. O vaxt təkcə iki həftə ərzində ölkəyə 50 min turist səfər edib. Növbəti 5 il ərzində Formula 1 Avropa Qran Prisinin Bakıda keçirilməsi davam edəcək.

 

Bütün Azərbaycan rayonları arasında Qəbələ ən yaxşı turizm infrastrukturuna malikdir. Burada xizəkdən tutmuş neftlə müalicə, təbiət gəzintilərinə qədər xidmətlər təqdim olunur, uşaqların əyləncəsi üçün “Qəbələnd” parkı var. “Gilan” şirkətinin Qəbələ, Bakı və ölkənin digər yerlərində bir sıra yüksək keyfiyyətli otelləri fəaliyyət göstərir”.

 

ABŞ-da yaşayan azərbaycanlı jurnalist, “Azerbaijan – Culture Smart! Ənənələr və Mədəniyyətə dair Vacib Bələdçi” kitabının müəllifi Nikki Kazımova isə bildirib ki, gənc turistlər daha çox rayonlarda evlərdə qalırlar: “Belə ki, qərb turoperatorlarının yerli tərəfdaşları olmalıdır və onlar bu kontekstdə milli adət-ənənələrə diqqət yetirməlidir. Azərbaycanda qonaqpərvərlik müqəddəsdir və ənənəvi evlərdə qonaqlar üçün ayrılmış otaqlar olur. Azərbaycanda vacib ifadələrdən biri də “qonağım ol” ifadəsidir. Turizm də ölkəyə yeni təsirlər gətirir və bu çox gözəl haldır. Mənim ölkəm haqqında, xüsusilə qadının rolu və din haqqında, bir çox yanlış təsəvvürlər aradan qaldırılmalıdır”.

 

 

 

 

 

 

 

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • semkirde 18 yasli qiz sirke tursusundan zeherlenib
    Şəmkirdə 18 yaşlı qız sirkə turşusundan zəhərlənib...
  • nazir iqtisadi ve maliyye bohrani seraitinde azerbaycan iqtisadiyyati inkisaf edib
    Nazir: “İqtisadi və maliyyə böhranı şəraitində Azərbaycan iq...
nazir iqtisadi ve maliyye bohrani seraitinde azerbaycan iqtisadiyyati inkisaf edib nazir iqtisadi ve maliyye bohrani seraitinde azerbaycan iqtisadiyyati inkisaf edib +2
MƏZƏNNƏ
FOREX
/ 29 Mart, 2017

USD
1.722
 
EUR
1.8623
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ