Moskvada Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan təntənəli mərasim keçirilib

Leonid Yakuboviç: "Mübaliğəsiz, Heydər Əliyevi asanlıqla De Qoll və Çerçillə müqayisə etmək olar"

Azərbaycanın Rusiyadakı səfirliyində ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan təntənəli mərasim keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, mərasimdə Rusiya Dövlət Dumasının deputatları, Federasiya Şurasının üzvləri, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri, ölkənin tanınmış siyasət və ictimaiyyət adamları, mədəniyyət və incəsənət xadimləri, xarici ölkələrin səfirləri, diaspor və media nümayəndələri iştirak ediblər.

Səfirliyin foyesində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sərgi təşkil olunub.

 

Mərasimi giriş sözü ilə açan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrləri haqqında ətraflı məlumat verib: "Tarixdə elə insanlar olur ki, onun həyat və fəaliyyəti bütün xalqın inkişafı yolunu müəyyənləşdirir. Azərbaycanın keçmiş prezidenti, ümummilli lider Heydər Əliyev də belə insanlardan olub".

 

Diplomat 1982-ci ilin dekabrında Heydər Əliyevin SSRİ Nazirlər Şurasının sədrinin birinci müavini təyin olunduğunu və Kommunist Partiyası Siyasi Bürosunun üzvü seçildiyini xatırladıb: "O zaman Heydər Əliyev faktiki olaraq SSRİ-nin rəhbərlərindən biri olub. O, 12 nazirliyi kurasiya edib. Eləcə də səhiyyə, elm, maşınqayırma, yüngül sənaye, nəqliyyat, kommunikasiya, mədəniyyət, təhsil kimi vacib sahələrə rəhbərlik edib. SSRİ-də orta və ixtisas təhsilində radikal islahatlar da Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev ötən yüzilliyin ən nəhəng qurğularından olan Baykal-Amur Magistralının (BAM) tikintisinə də rəhbərlik edib. Öz prinsipial mövqeyi sayəsində Heydər Əliyev ona tapşırılan bütün istiqamətlərdə məsuliyyətli işin öhdəsindən layiqincə gəlib. Lakin onun iş qabiliyyəti, professionallığı və təşkilatçılıq istedadı heç də hər kəsin ürəyincə olmayıb. Mixail Qorbaçov tərəfindən Heydər Əliyevə qarşı psixoloji təzyiq açıq xarakter daşıyıb. Öz məqsədlərinə çatmaq üçün Qorbaçov həkimləri belə işə qoşmuşdu. Həkimlər Heydər Əliyevə onun ağır xəstə olduğunu, ömrünün sonuna 3-5 il qaldığını, işləməyinin mümkün olmadığını israrla bildirirdilər. Məhz bu səbəblərə görə 1987-ci ildə Heydər Əliyev tutduğu vəzifələrdən istefaya getdi. Bundan sonra Heydər Əliyevin oğlu, Azərbaycanın indiki prezidenti İlham Əliyev müəllim kimi çalışdığı Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutundan işdən çıxarıldı".

 

P.Bülbüloğlu 1990-cı ilin yanvarın 20-də Sovet qoşunlarının Bakıda törətdiyi qırğınlardan sonra hazırda Moskvada Azərbaycan səfirliyinin yerləşdiyi binaya gələrək bəyanatla çıxış etdiyini xatırladıb: "Məhz, Heydər Əliyev bu hadisələrə ilk siyasi qiyməti vermişdi və Azərbaycan xalqına qarşı törədilən cinayətin icraçılarının, təşkilatçılarının cəzalandırılmasını tələb etmişdi. Bir çox analitiklər Heydər Əliyevin məlum bəyanatını vacib addım hesab edirlər, hətta bunu "böyük siyasətə qayıdış" da adlandırırlar. Heydər Əliyev müasir Azərbaycanın memarıdır. O, demokratik hüquqi dövlət quruculuğu yolunu seçib. Onun prezidentliyinin ilk illərində gördüyü tədbirlər sayəsində respublikada baş verən iqtisadi böhranın qarşısı alınıb, məhz 1994-95-ci illərdə bugünkü nailiyyətlərin əsası qoyulub. Rusiya prezidenti Vladimir Putinin Heydər Əliyev haqqında dedikləri sözləri xatırlatmaq istəyirəm. Putin Heydər Əliyevi ölkəsinin böyük dostu adlandırmışdı: "Heydər Əliyev irəlini görə bilən insan idi". Deyirlər ki, insanın adı onun taleyini müəyyən edir. Heydər adının mənası "irəlidə gedən" deməkdir. Tarix göstərdi ki, Azərbaycan xalqının böyük oğlu, ümummilli liderimiz Heydər Əliyev öz adını doğruldub".

 

Dövlət Dumasının MDB ilə iş, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov Heydər Əliyevin əsl dövlət başçısı olduğunu vurğulayıb: "Heydər Əliyev dövlət başçılığına əsl nümunə idi. O, Azərbaycanda hakimiyyətə qayıdanda ölkə müharibə vəziyyətində idi. Mənə danışmışdılar ki, o zaman şəhərdə silahlı qruplar gəzirdi. Heydər Əliyev qayıtdı və səhman yaratdı. Bir rus rahib mənə danışmışdı ki, Heydər Əliyev prezident olandan sonra milli diasporaların yanına gedərək onlara ölkəni tərk etməməyə razı salırdı. O, bunu prezident kimi edirdi. Bugünkü bəzi dövlət başçıları bunu öyrənməlidir. Bu gün bizim həyatımızda çoxlu ikiüzlülük var. Bir cür deyib, başqa cür edirlər. Dahi Heydər Əliyevdə belə şey olmayıb. Əgər o demişdisə, mütləq edərdi. Bizim siyasətçi kimi vəzifəmiz bu dahi insan haqqında xatirələri gələcək nəslə ötürməkdir".

 

Mərasimdə çıxış edən MDB İcraiyyə Komitəsinin icra katibi Sergey Lebedev Heydər Əliyevlə görüşmək imkanı olan hər bir şəxsin yaddaşında onun haqqında silinməz təəssürat qoyduğuna əmin olduğunu söyləyib: "Bu gün Azərbaycanın xəbər agentliklərinin lentinə baxırdım, ölkədə Heydər Əliyevin xatirəsinə həsr olunan miqyaslı tədbirlərin keçirildiyini gördüm. Fəxri xiyabana insan axını dayanmırdı. İnsanlar Azərbaycan xalqının ümummilli liderinə hörmətlərini göstərmək üçün gəlirdilər".

 

Rusiyanın xalq artisti, məşhur aparıcı Leonid Yakuboviç Heydər Əliyev şəxsiyyətinin unikallığından danışıb: "Əlbəttə ki, o, tamamilə fantastik şəxsiyyət idi. Heydər Əliyevlə dəfələrlə görüşmüşəm. O, məndə elə böyük təəssürat oyadıb ki, daha sonra mən onun tərcümeyi-halını öyrənməyə çoxlu vaxt sərf eləmişəm. Heydər Əliyev tarixi miqyasda böyük şəxsiyyət idi. Mübaliğəsiz filan onun asanlıqla De Qoll və Çerçillə müqayisə etmək olar. Çox insanlarla görüşmüşəm, lakin bu miqyasda şəxsiyyətləri ancaq barmaqla saymaq olar. Hələ də Heydər Əliyevin gözlərini xatırlayıram. Tanrıma minnətdaram ki, onunla söhbət etməyə nail olmuşam".

 

Daha sonra çıxış edən Dövlət Dumasının Beynəlxalq Əlaqələr komitəsinin sədri Leonid Slutski, Rusiya neft-qaz sənayeçiləri ittifaqının prezidenti Gennadi Şmail, məşhur rəssam Nikas Safronov Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər.

 

Mərasim musiqi proqramı ilə davam etdirilib. "Bolşoy teatr"ın solisti, Azərbaycanın əməkdar artisti Elçin Əzizov, "Qolos" şousunun iştirakçısı Emil Qədirov, pianoçu Riad Məmmədov və digər musiqiçilərin ifasında Heydər Əliyevin sevimli musiqi əsərləri səslənib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:40 17 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • nazirlik denizde batmis gencin cesedini xilasedici cixarib
    Nazirlik: "Dənizdə batmış gəncin cəsədini xilasedici çıxarıb...
  • sumqayitda yangin olub
    Sumqayıtda yanğın olub
sumqayitda yangin olub sumqayitda yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 17 İyul, 2018

USD
1.7
 
EUR
1.9921
 
RR
0.0273