ETSN Sumqayıtda ağacların yandırılması və kəsilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib

ETSN Sumqayıtda ağacların yandırılması və kəsilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib
# 14 oktyabr 2013 15:56 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Sumqayıt şəhərində, Mehdi Hüseynzadə adına stadionun arxasında ağacların yandırılıb və sonradan kəsilməsi ilə bağlı mətbuatda yayılan məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) müvafiq qurumlarının əməkdaşları tərəfindən araşdırılıb.

Bu barədə APA-ya ETSN-nin mətbuat xidmətindən məlumat verilib. Nazirliyin əməkdaşları tərfindən əraziyə baxış keçirilərkən təxminən 800 m2 sahənin yandığı və burada 150 ədəd şam və sərv ağacının yandıqdan sonra kəsildiyi müəyyən edilib. Araşdırma zamanı məlum olub ki, sözügedən ərazidə yanğın hadisəsi bir müddət əvvəl baş verib və FHN-nin ərazi üzrə Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları tərəfindən söndürülüb.

Yanğının baş vermə səbəbi və ağacların kəsilməsində təqsirkar şəxslərin müəyyən edilməsi məqsədi ilə ETSN tərəfindən hüquq-mühafizə orqanlarına rəsmi məktub göndərilib.


Sumqayıt şəhər İcra Hakimiyyətindən alınan məlumata görə, sözügedən əraziyə hər hansı bir obyektin tikintisi üçün icazə sənədi verilməyib və gələcəkdə də belə bir sənədin verilməsi nəzərdə tutulmayıb. Lakin yerli sakinlərdən verilən məlumatlara əsasən ağacların kəsildiyi yer naməlum iş adamının marağındadır. ETSN bu ehtimala əsaslanaraq sözügedən ərazini mühafizəyə götürüb və həmin yer tör-töküntülərdən təmizlənərək orada Nazirlik tərəfindən ağac əkilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR