Ramil Usubov Litva daxili işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Ramil Usubov Litva daxili işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
# 14 aprel 2014 14:25 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov aprelin 14-də Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olan Litva Respublikasının daxili işlər naziri cənab Dailis Alfonsas Barakauskasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir müstəqilliyin ilk illərində respublikamızın üzləşdiyi çətinliklər, Ermənistanın təcavüzkarlıq siyasəti, torpaqlarımızın işğalı barədə məlumat verib. R. Usubov əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına görə ölkəmizin MDB və Şərqi Avropa məkanında öncül yerlərdən birini tutduğunu bildirib, cinayətkarlıqla mübarizədə qazanılmış uğurların, sabitliyin dönməzliyinin təmin edilməsinin nəinki ölkə vətəndaşlarının, eləcə də əcnəbilərin təhlükəsiz şəraitdə yaşayıb işləmələrinə, iqtisadiyyatımıza külli miqdarda xarici sərmayə yatırılmasına imkan yaratdığını vurğulayıb.

İki dövlətin daxili işlər orqanları arasında əlaqələrin əsasən Beynəlxalq Kriminal Polis Təşkilatı (İnterpol) çərçivəsində həyata keçirildiyini nəzərə çatdıran nazir birbaşa münasibətlərin qurulması məqsədilə normativ-hüquqi baza yaradılmasında və əməkdaşlığın inkişaf etdirilməsində rəhbərlik etdiyi qurumun maraqlı olduğunu deyib.

Problemlərə toxunularkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluğun, narkotiklərin qanunsuz dövriyyəsinin, insan alveri və qeyri-qanuni miqrasiyanın diqqət mərkəzində dayandığı, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyü vurğulanıb.

Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirən cənab Dailis Alfonsas Barakauskas ölkəsinin Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiyini diqqətə çatdırıb. Litva Respublikasının daxili işlər orqanlarının funksiyası və fəaliyyət istiqamətlərindən söz açan Dailis Alfonsas bu səfərin Azərbaycanın müvafiq qurumları ilə əlaqələrinin inkişafına təkan verəcəyinə əmin olduğunu bildirib.

Görüşdə Litva Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili xanım Şarune Kubiliute iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR