Arif İsayev: “Qol sevincimi aşkar büruzə verə bilmədim”

Arif İsayev: “Qol sevincimi aşkar büruzə verə bilmədim”
# 09 aprel 2013 06:55 (UTC +04:00)

Bakı – APA. “Dənizlispor”da, ümumiyyətlə, Türkiyə karyeramda ilk qolumu vurduğum üçün sevinirəm. Düşünürəm ki, bu qol mənim üçün bir stimul olacaq”. Bu sözləri apasport.az saytına Türkiyə PTT I liqasında mübarizə aparan “Dənizlispor” klubunun yarımmüdafiəçisi Arif İsayev deyib.

Dünən “Dənizlispor” səfərdə “Adanaspor”un qonağı olub. “Xoruzlar” bu görüşdə rəqibinə yenilib. Adanalılar hər hissənin əvvəllərində vurduğu qolla qələbəni bayram ediblər. Görüşdə “Dənizlispor”un təsəlli qoluna isə 77-ci dəqiqədə Hüseyin Atalayın yerinə meydana çıxan və baş hakimin oyuna əlavə etdiyi 1-ci dəqiqədə fərqlənən Arif İsayev imza atıb.

Onun fikrincə, bu qol onun karyerasında yüksək yerlərdən birini tutacaq: “Bu qol mənim üçün böyük önəm daşıyır. Vurduğum bu qolu hər zaman xatırlayacağam. Təəssüf ki, fərqlənməyim heç nəyi dəyişmədi. Çünki artıq son dəqiqələr idi. Fərqlənmək və hesabı bərabərləşdirmək üçün vaxtımız qalmamışdı. Əsas komandanın uğurudur. Bu üzdən qol sevincimi aşkar büruzə verə bilmədim. İnşallah, gələcək oyunlarda da şanslarımdan yüksək dərəcədə yararlanıb, komandamın pley-offa düşməsinə yardımçı olmağa çalışacam”.

Qeyd edək ki, həmin oyunda start heyətində meydana çıxan Rail Məlikov da 90 dəqiqə çıxış edib. Hazırda 33 xalla XIV sırada olan “Dənizlispor”un son 5 turda vəziyyətini düzəldib, ilk 6 komanda arasına düşəcəyi inandırıcı görünmür.

Səbuhi TOFİQOĞLU

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR