Azərbaycan XİN başçısı Pakistan səfirini qəbul edib

Azərbaycan XİN başçısı Pakistan səfirini qəbul edib
# 24 iyun 2016 13:55 (UTC +04:00)

Bakı – APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Pakistanın ölkəmizdəki səfiri Xalid Usman Qayseri diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Pakistan arasında dostluq və tərəfdaşlığa əsaslanan ikitərəfli siyasi əlaqələrin yüksək inkişaf səviyyəsindən məmnunluq ifadə olunub, ölkələrimiz arasında əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.

İqtisadiyyat, ticarət, kənd-təsərrüfatı, nəqliyyat, turizm və müdafiə sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu qeyd olunaraq, biznes forumları vasitəsilə iki ölkənin iş adamları arasında təmasların artırılmasına ehtiyac duyulduğu bildirilib.

Səfir X. Qayser 2016-cı ilin aprel hadisələri zamanı şücaət göstərmiş Azərbaycan şəhidlərinin ruhuna dua etdiyini, Pakistanın Azərbaycanın uğurlarına sevindiyini və fəxarət hissi keçirdiyini bildirib.

E. Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar beynəlxalq hüququn prinsiplərini və BMT nizamnaməsini rəhbər tutaraq, Pakistanın Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsinin yüksək qiymətləndirildiyini qeyd edib. O, müqəddəs Ramazan ayı münasibətilə qardaş Pakistan xalqını təbrik edərək ən xoş arzularını çatdırıb.

Səfir X. Qayser diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Nazir E. Məmmədyarov səfirə iki ölkə arasında əlaqələrin inkişafına verdiyi töhfəsinə görə minnətdarlığını ifadə edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR