Rauf Arifoğlu: “Hücumun miqyası çox böyükdür”

Rauf Arifoğlu: “Hücumun miqyası çox böyükdür”
# 18 dekabr 2012 14:34 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Haker hücumu nəticəsində fəaliyyətini dayandıran “musavat.com” saytı fəaliyyətini qismən bərpa edib. Bunu APA-ya “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib.

Onun sözlərinə görə, 24 saatdan artıq müddətdə saytın fəaliyyətində problem yaranıb: “Bu, son bir il ərzində artıq üçüncü hadisədir. Bu da bizi ciddi düşünməyə vadar edir. Ona görə həm media ictimaiyyətinə, həm də ölkənin siyasi qüvvələrinə müraciət edirik ki, bu məsələ ilə bağlı hər kəs reaksiya versin. Söhbət ölkədə söz və mətbuat azadlığının imkanlarının məhdudlaşmasından, həm də informasiya təhlükəsizliyindən gedir. Dövlət orqanlarına da müraciət edərək vəzifələrini icra etməyə və bu problemlərin həllində mediaya yardım etməyə çağırmışıq. Ola bilər ki, bu dəfə də problemi qismən həll edək, amma bu təhlükə hər an internet mediası üçün qalmaqdadır”.

R.Arifoğlu baş verən hadisə ilə bağlı milli təhlükəsizlik naziri Eldar Mahmudova müraciət etdiyini xatırladıb: “Hələlik bu nazirlikdən bir reaksiya yoxdur. Amma dövlət orqanlarının müəyyən qismindən reaksiyalar var, maraqlanıblar. Bizə deyiblər ki, bu proseslə bağlı müəyyən orqanlar hücumun mənbələrini axtarırlar. Hücumun miqyası o qədər böyükdür ki, mən artıq onun kim tərəfindən təşkil olunmasına dair qərar verə bilmirəm. Vahid bir qənaətə gəlmək üçün informasiya lazımdır, belə informasiya isə əlimizdə yoxdur. Ehtimallarımız var və onun əsasında da araşdırmalarımızı aparırırq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR