Monteneqronun paytaxtı Podqoritsa şəhərində Azərbaycanın diplomatik nümayəndəliyi rəsmən fəaliyyətə başlayıb

Monteneqronun paytaxtı Podqoritsa şəhərində Azərbaycanın diplomatik nümayəndəliyi rəsmən fəaliyyətə başlayıb
# 24 aprel 2012 20:44 (UTC +04:00)
Bakı-APA.Monteneqronun paytaxtı Podqoritsa şəhərində aprelin 24-də Azərbaycanın diplomatik nümayəndəliyi rəsmən fəaliyyətə başlayıb və nümayəndəliyin açılış mərasimi keçirilib.
Səfirlikdən APA-ya verilən məlumatda deyilir ki, açılış mərasimində Monteneqronun dövlət rəsmiləri və ictimaiyyətinin nümayəndəliləri, ölkədəki diplomatik korpusun təmsilçiləri, KİV nümayəndələri iştirak ediblər. Azərbaycanın Monteneqrodakı səfiri Eldar Həsənov nümayəndəliyin binasının qarşısında Azərbaycan Bayrağını qaldırıb.
Açılış mərasimi iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının dördüncü ildönümünə təsadüf edib. Belə ki, Azərbaycanla Monteneqro arasında diplomatik əlaqələr 2008-ci il 24 aprel tarixində qurulub. Son iki ildə əlaqələr dinamik şəkildə inkişaf edir və qarşılıqlı səfərlər intensiv xarakter daşıyır. Bu müddət ərzində Monteneqro prezidenti Filip Vuyanoviçin və xarici işlər və Avropaya inteqrasiya naziri Milan Rocenin Azərbaycana ilk rəsmi səfərləri olub. Həmçinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun və iqtisadi inkişaf naziri Şahin Mustafayevin ötən il Monteneqroya ilk səfərləri həyata keçirilib. Qısa müddətdə müxtəlif sahələrdə, o cümlədən iqtisadi, mədəni və turizm sahələrində əməkdaşlığın möhkəmləndirilməsinə dair 6 ikitərəfli saziş imzalanıb və əməli əməkdaşlıq, tərəfdaşlıq əlaqələri möhkəmlənməkdədir.
Monteneqro Qərbi Balkan və Adriatik regionunda əlverişli coğrafi və strateji mövqeyi malikdir və Azərbaycan ilə bütün sahələrdə dostluq, əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsində maraqlıdır. Cari ilin iyun ayında Monteneqronun Avropa İttifaqına üzv ölkə kimi qəbul olunması ilə bağlı danışıqlara başlanılmasına dair qərarın veriləcəyi və həmçinin yaxın gələcəkdə NATO-ya üzv olacağı gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR